Əclaflığa çağırış

eclafliga-cagiris
Oxunma sayı: 689

Başda üç molla oturmuşdu. Adətən bir olur. Anidən onların başı üzərində asılan dostumun şəklinə baxıb, göz vurdum. O, arif adamdı, vurduğum gözdən oxudu: “Bunlar səni nə yaman çox istəyirmiş...”. Ardın da özü əlavə etdi: “Mollalar ölüləri sevər”. Heç yandan oxumadım, səsini eşitdim.

İki cərgə qoyulan stol təamlarla elə gözəl bəzənmişdi ki, adam istəyirdi bülbül olub qonsun bu mənzərənin ortasına və cəh-cəh vursun. Adam deyəndə ki, mən istəyirdim. Mollaların “cəhcəhi” mikrafonlu olduğu üçün düşündüm ki, batıracaq səsimi.

Əlimi süfrəyə uzatmadım, yas məclislərində düşüncəmlə doyuram. Bəlkə də kafir iş tutdum. Dostlardan biri danışıb ki, faciəli şəkildə dünyasını dəyişən kiçik yaşlı oğluna ehsan verən ata hadisənin şokundan çıxmayan kəndçilərinin süfrəyə əl uzatmadıqlarını görəndə bərk əsəbləşib və içi yemək dolu qazanları dərin xəndəkdə basdırıb.

Bu dəfə belə olmayacaqdı. Ehsan yeyilirdi. Düşünürdüm: görəsən bu nazı-nemətin xərcini kim ödəyib, axı çıxışda pul yazdırmaq üçün dəftər də qoyulmamışdı. Xatırladım: Elmar Hüseynovun da yas məclisində süfrə belə bəzənmişdi. Və yasa gələnlərin adları həkk olunacaq dəftər yox idi.

Nə hümanist məmləkətdi. Ehsan verənlər kimliklərini qabartmırlar. Öldürülmək ölməkdən yaxşıymış.

İkinci dəfə yas məclisinə gələndə artıq beş nəfər idik: Rey Kərimoğlu, Zamin Hacı, Anar Məmmədli, Elburus Ərud. Görkəmli ziyalılara yaxın yerdə oturduq. Mollanın əlində yenə mikrafon vardı. Rafiq Əliyevə nəsihət verirdi, Cəmil Həsənliyə dərs keçirdi, Vaqif Bayatlıya şeir deyirdi, Eldar Namazova yaşamağın sirrin açırdı.

Reyin təklifi ilə mikrafonun səsi azaldıldı. Telefonuma gələn zəngin səsini eşitdim. ANS-in aparıcısı İradə İsaq idi. Birinci dəfə məclisə gələndə şəkli ilə danışdığım adamın öldürülməsi hadisəsinə veriliş hazırlamaq niyətini açıqladı. Rəhbərliklə razılaşdırmışdı. Verilişə dəvət olundum. Sağollaşdıq. Vayyyyyy, unutdum İradə xanımdan soruşam ki, molladan icazə alıb?

İkinci fatiənin qanadlarında çadırdan çıxarkən, Rafiq müəllimdən Ziyalılar Forumunun bir də nə vaxt toplaşacağını öyrənmək istədim. “Yaxın günlərdə cavabını aldım”. Sonra da dedi ki, tez-tez yığışmaq istəmirlər, ildə 4-5 dəfə kifayət edər. “Xoşbəxt ölkələrdə olduğu kimi, eləmi?” Yox, bu fikri kimsə eşitmədi. Ehsan düşüncəmin sonuncu tikəsi idi, çeynəmədən uddum.

Məclisə bax e, 5 yazar. Yollarını azmayan yazarlar. Hələ qəbirləri qazılmayan yazarlar. Yeyəcəyik, araq da içəcəyik, çay da. Xidmətçi yeniyetmədi, gətirə biləcəyi təamları təklif edir. “Dovğa da var” deyir. Rey Qarabağ dovğası deyilsə, istəmədiyini bəyan edir. Dörd dovğa istəyirik, bir dənə də Qarabağ, Rey üçün. Xidmətçi soruşur: “Qarabağ nədi?” Rey cavab verir: “Dovğanın içindəki noxud”.

Ən yaxşı mövzulardan danışırıq. Bizi öldürülməyə məhkum edə biləcək heç nə demirik. Jurnalistik, bütün sözlərin yerini yaxşı bilirik. Əgər yan-yana düzdüyümüz sözlərdən yaranan cümlələr kiminsə xətrinə dəyirsə, o əməllərinin cərgəsinə diqqət yetirsin. Əməllərinin düzülüşündə yanlışlıq var o adamın.

Ən nəcib sözlər çıxır dilimizdən. Şeirlər deyirik, şairlərin fikirlərrini müqayisə edirik. Məlum olur ki, şair işləyənlər şair olanlardan daha çox və rahat yaşayıb.

Müşviqi xatırlayırıq - öldürüblər. Əli Kərimi xatırlayırıq - öldürüblər, Eldar Baxışı xatırlayırıq - öldürüblər , Ramiz Rövşəni xatırlayırıq - yaralayıblar, Əlisəmid Kürü xatırlayırıq - yaralayıblar. Müşviqdən sonra o bağ olmadı. Əlidən sonra vəsiyyətlər oxunmadı. Eldardan sonra sərçə balaları heç böyümədi. Ramizin daşı göydə qaldı. Əlisəmidin dilənçisindən o qədər oldu ki, tanıya bilmədi onu.

O bıçaqlı gədə hardadı, gəlsin hərəmizə 7 bıçaq vursun. Ona tapşırıblar axı, düşünə bilən adamları doğra getsin. Biri Zamin Hacı, hardan tapdı Cahit Sıtkı Tarançının bu şeirini?

Günlerden sonra bir gün,
Şayet sesimi farkedemezsen,
Rüzgârların, nehirlerin, kuşların sesinden,
Bil ki ölmüşüm.
Fakat yine üzülme, müsterih ol;
Kabirde böceklere ezberletirim güzelliğini,
Ve neden sonra
Tekrar duyduğun gün sesimi gökkubbede,
Hatırla ki mahşer günüdür
Ortalığa düşmüşüm seni arıyorum.

Öldürmək lazımdı, bu şeiri yazanı da, deyəni də. Məşhər günündə kimisə axtarmaq, qəbirdə böcəklərə gözəllik əzbərlətdirmək kafirlikdi.

Hanı o bıçaqlı gədə? Elbrus araq içənlərlə bir məclisdədi - kafir. Anar cəmiyyətin miskinləşdiyini deyir - kafir, Zamin buddizm fəlsəfəsinin işığına bürünüb - kafir, Reyin qulaqlarında hələ də mollanın mənasız cümlələri cingildəyir - kafir, Ceyhunsa iddia edir ki, ən böyük din azadlıq ən ali peyğmbər sevgidi - kafir.

Məclis sona çatır. Hər kəsin cibindən çıxarıb stola qoyduğu pulun cəmi ilə hesabı ödəyirik. Kimisə yükləmirik, bərabər olmaq istəyirik. Hanı o bıçaqlı gədə, gəlsin vursun bizi. Rafiq Tağıya bərabər etsin bizi.