Ədalət Partiyası iqtidarın addımını müdafiə edən bəyanat yaydı

edalet-partiyasi-iqtidarin-addimini-mudafie-eden-beyanat-yaydi
Oxunma sayı: 673

Ədalət Partiyası Azərbaycanın “Qoşulmama Hərəkatı”nın tamhüquqlu üzvü olmasını təqdir edən bəyanatla çıxış edib. Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda deymilir ki, “Uzun müddətdir özünü “dünya jandarmı” kimi aparmaq istəyən, eləcə də imperiya arzularından əl çəkməyən ayrı-ayrı güc mərkəzlərinin Azərbaycanı öz təsirlərinə salmaq, onun ərazisindən hərbi məqsədlər üçün istifadə etmək cəhdlərinin artdığı bir vaxtda dövlətimizin belə bir seçim etməsi milli maraqlarımızın qorunması baxımından çox mühüm addımdır. Ədalət Partiyası hesab edir ki, Azərbaycanın, əsas məramı hərbi bloklara qoşulmamaq olan bu Hərəkatın tamhüquqlu üzvü olması, ilk növbədə, ölkəmizin müstəqil xarici siyasət yürütmək istəyinin və iradəsinin beynəlxalq miqyasda nümayiş etdirilməsi deməkdir: “Partiya hesab edir ki, ərazisinin işğal olunması, zorən müharibəyə sövq edilməsi və işğalçı rəqibinin də böyük bir hərbi blokun – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olması şəraitində Azərbaycanın bu cür addım atması həm də onun bütün dünya ölkələri, xüsusilə də yaxın qonşuları ilə dinc və mehriban münasibətlər qurmaqda marağının, hər hansı təcavüzkar siyasəti dəstəkləmək niyyətinin olmadığının bariz ifadəsi kimi qiymətləndirilməlidir.

Hərbi bloklara qoşulmamaq prinsipini həmişə müdafiə edən və hətta bunu rəsmi şəkildə öz məramnaməsində əks etdirən Ədalət Partiyasının qənaətincə, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində strateji mövqe tutan Azərbaycan hər hansı tərəfə yıxılmamaq və neytral mövqe tutmaq siyasətiylə həm öz xalqının təhlükəsizliyini təmin etmiş olar, həm də bu regionda çarpışan güclər arasında iqtisadi baxımdan uzlaşdırıcı, ortaq nöqtədə maraqları birləşdirəcək məkan rolunu oynaya bilər.

Ölkəmizin həbi bloklara qoşulmamaq siyasətinin doğru kurs olduğunu və bu kursun davam etdirilməsinin zəruriliyini bildirən Ədalət Partiyası, hakimiyyəti bundan sonra da Azərbaycanın coğrafi mövqe üstünlüklərini lazımınca dəyərləndirməyə və ondan yalnız milli maraqlarımızın təmini üçün istifadə etməyə çağırır”.