Ədalət Partiyasında ara qarışdı

edalet-partiyasinda-ara-qarisdi-
Oxunma sayı: 677



Ədalət Partiyasında yenidən ara qarşıb. Bu partiyanın sədr müavini Elxan Şükürlünün Rəsul Quliyev və Əli Kərimli ilə əməkdaşlıq təklifi partiya daxilində əməlli-başlı ziddiyyətin olduğunu üzə çıxarıb. Belə ki, bu partiyanın təşkilati məsələlər üzrə sədr müavini Mütəllim Rəhimli bu gün “Qafqazinfo”ya açıqlamasında Ədalət Partiyasında nə AXCP, nə də Rəsul Quliyevin rəhbərlik etdiyi ACP ilə münasibətlər məsələsinin müzakirə predmetinə çevrilmədiyini deyib və Əli Kərimli ilə Rəsul Quliyevi “siyasi səhnədə iflasa uğramış şəxslər adlandırıb”. Üstəlik, o deyib ki, Ədalət Partiyası Qüdrət Həsənquliyev və Fazil Qəzənfəroğlu ilə əməkdaşlıq edəcək.

“Qafqazinfo”ya açıqlama verən Elxan Şükürlünün Mütəllim Rəhimlinin fikirlərinə münasibəti isə daha sərt olub. O, müavin həmkarını “partiyada öz mövqeyi olmayan adam” kimi xarakterizə edərək, onun öz ağzıyla danışmadığını bildirib: “Təəssüf ki, Mütəllim bəy partiyada heç vaxt ortaya mövqe qoya, öz sözünü deyə bilməyib və bu gün də öz ağzıyla danışmır. Rəsul Quliyev və Əli Kərimli ilə əməkdaşlığı zəruri edən səbəblər haqqında mənim elə “Qafqazinfo”da iki geniş məqaləm olub. Yatıb-yatıb buna indi niyə reaksiya verilir, anlamıram. Mütəllim Rəhimlidən və onun kimi düşünənlərdən fərqli olaraq, mən bu gün də o qənaətdəyəm ki, həm Rəsul Quliyev, həm də Əli Kərimli müxalifət düşərgəsində mövcud rejimə qarşı mübarizə aparan ən real fiqurlardır, onların birliyindən də çox şey asılıdır və istənilən diskussiyada da fikrimi əsaslandırmağa hazıram. Mən Mütəllim bəy və onunla həmfikir olanların Rəsul Quliyev adına belə aqressiv reaksiyalarının səbəbini çox yaxşı bilirəm. Ancaq bu, heç bir halda bizim öz fəaliyyətsizliyimizə bəraət qazandırmaq və ya başqasına çamur atmaq üçün əsas ola bilməz”.

E.Şükürlünün sözlərinə görə, əgər bu gün Ədalət Partiyasının Siyasi Şurası vaxtlı-vaxtında toplaşıb ölkədəki ictimai-siyasi proseslərə operativ reaksiya verə bilmirsə, bu, həm də Mütəllim Rəhimlinin özünün təşkilatçılıq qabiliyyətinin zəifliyi, vəzifəsinin öhdəsindən gələ bilməməsi və siyasi iflası ilə bağlıdır: “Mən bilən, AXCP-nin qərargahı olmasa belə, Əli Kərimli cəbhəçiləri hər həftə evində yığıb iclaslarını keçirir, qəzetləri çıxır, sözlərini deyirlər. Bir sözlə, səngərdədirlər, döyüşürlər. Rəsul Quliyev isə ABŞ-da mühacirətdə ola-ola, Azərbaycanın ictimai-siyasi həyatıyla birbaşa bağlı son 5 ayda 3 fundamental kitab yazıb, nəşr etdirib. Rəsul Quliyevin bir müsahibəsinə, açıqlamasına verilən reaksiyanın səviyyəsi onun siyasi imkanlarının hansı həddə olduğunu göstərən ən yaxşı faktdır. Ancaq bir ildən çoxdur ki, Ədalət Partiyasının nə Ali Məclisinin iclası keçirilir, nə də Siyasi Şurası vaxtlı-vaxtında yığışır. Adamdan soruşarlar ki, bir dön, özünə bax, gör kimdir iflas olan?”.