“...Ədalət və mərhəmət gözləməyə dəyməz”

edalet-ve-merhemet-gozlemeye-deymez
Oxunma sayı: 685

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, müzakirəyə çıxarılan ilk məsələ Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Azərbaycanda, Türkiyədə və digər ölkələrdə keçirilən tədbirlərlə bağlı olub. BAXCP İdarə Heyəti Xocalı soyqımının 20-ci ildönümü münasibətilə İstanbulda və Bakıda keçirilən yürüşləri, eləcə də digər tədbirləri yüksək qiymətlənləndirdiyini bəyan edib: "Türkiyədə və Azərbaycanda keçirilən kütləvi aksiyalar iki qardaş dövlət arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə zəmin yaradacaq, erməni yalanlarına qarşı birgə mübarizənin təşkil olunmasında və həyata keçirilməsində mühüm rol oynayacaqdır”.

İdarə Heyəti dünyanın aparıcı telekanallarının Bakıda və İstanbulda keçirilən aksiyalara laqeyd yanaşmalarını qətiyyətlə pisləyib: "Transmilli medianın və dünyanın aparıcı telekanallarının Bakıda və İstanbulda keçirilən bu möhtəşəm aksiyalara yer ayırmaması Avropa və dünya ictimaiyyətinin Azərbaycana olan ədalətsiz münasibətinin bariz göstəricisi kimi qiymətləndirilməlidir".

Keçirilən aksiyalarla bağlı Rusiya telekanallarında yayımlanan məlumatlarda isə yaxın tarixdə baş verən hadisələrin təhrif olunduğunu vurğulayan BAXCP İdarə Heyəti bu ölkənin kütləvi informasiya vasitələrini qərəzli olmaqda suçlayıb: "Rusiya telekanalları Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı keçirilən aksiyaları "Dağlıq Qarabağa nəzarət uğrunda gedən döyüşlərdə 643 nəfər dinc sakinin ölümü" münasibətilə təşkil olunmuş anım mərasimləri kimi təqdim etdilər. Bütün bunlar sübuta yetirir ki, Azərbaycanın haqlı mövqeyinin müdafiə olunmasında nə Qərbdən, nə də Rusiyadan ədalət və mərhəmət gözləməyə dəyməz”.

BAXCP İdarə Heyəti Bakıda keçirilən yürüşün yalnız bir telekanal - AzTV vasitəsilə çəkilməsinə də diqqət çəkib. Partiya hesab edir ki, dövlət və ümumxalq əhəmiyyətli tədbirlərə AzTV-dən başqa digər telekanalların buraxılmaması yanlış və zərərli siyasətdir.