“Ədalətsizlik sonsuzadək davam edə bilməz” – Dəstək

edaletsizlik-sonsuzadek-davam-ede-bilmez-destek-
Oxunma sayı: 682

Keçmiş millət vəkili Aynur Camalqızı “Qafqazinfo”ya açıqlamasında deputatların sözügedən təklifini dəstəklədiyini bildirib. Amma A. Camalqızı hesab edir ki, bu, sadəcə, İranın ölkəmiz əleyhinə apardığı çoxillik təxribat kampaniyasına cavab kimi qiymətləndirilməməlidir: “Baxmayaraq ki, bu da vacibdir və qonşu ölkəyə nəhayət, bu yöndə tutarlı cavab verilməlidir. Amma ilk öncə onu qeyd etmək önəmlidir ki, bu, Azərbaycan türklərinin təbii haqqıdır və bu haqqı bizdən heç kəs ala bilməz. Azərbaycanlılar iki əsr ərzində iki şovinist ölkənin müstəmləkəsinə, işğalına, “parçala, hökm sür” planına məruz qalmış bir toplumdur. Ortada “Gülüstan”, “Türkmənçay” kimi bu şovinizmi təsdiqləyən tarixi sənədlər var. Şimali Azərbaycan öz müstəqilliyinə qovuşub, amma ərazimizin üçdə ikisi – Azərbaycanın cənubu İran dövlətinin tərkibində qalmaqda davam edir. Azərbaycanın müstəqil tərəfinin əsl adını özünə qaytarmaqla cənubdakı otuz milyonluq soydaşımızın pozulan hüquqlarını, daha dəqiq ifadə etsək, hüquqsuzluğunu dünyanın diqqətinə çatdırmış olarıq. Şübhəsiz ki, həm də elə İranın nəzər-diqqətinə çatdırmış olarıq ki, insan haqqına hörmət Allaha hörmətdir. Səmavi dinlərin ən humanisti sayılan İslam heç bir ədalətsizliyə haqq qazandırmır. Ədalətsizlik sonsuzadək davam edə bilməz”.

A. Camalqızı Milli Məclis üzvləri tərəfindən gündəmə gətirilən bu məsələnin ictimai müzakirəyə çıxarılmasının vacibliyini də vurğulayıb: “Səsimizin daha yüksəkdən eşidilə bilməsi üçün Azərbaycanın dərdləri ilə yaşayan ziyalılarımızı bu müzakirələrə qoşulmağa, fəal olmağa çağırıram. Təbii ki, öncə Azərbaycan ziyalıları, aydınları bu məsələ ilə bağlı mövqe ortaya qoymalıdır. Daha sonra bu problemi dünyanı diqqətinə çatdırmalıyıq. Ortada bunun gözəl nümunəsi var: iki Almaniya dövlətinin birləşməsi, aradakı divarların uçurulması. 80-ci illərin sonunda biz də bu divarları aradan qaldırmağa cəhd göstərdik. Amma təəssüf ki, bu proses yarımçıq qaldı. Ən ağrılısı da odur ki, çağdaş dünyanın qəbul etdiyi, tanıdığı parçalanmış, ikiyə bölünmüş xalqlar, dövlətlər sırasında Azərbaycanın və azərbycanlıların adı yoxdur. İlk növbədə bu ədalətsizliyin aradan qaldırılması üçün səfərbər olunmaq gərəkdi. Bu gün bu mübarizə kimlərəsə qeyri-ciddi görünə bilər. Ancaq inanmaq lazımdır ki, birgə atılan heç bir addım nəticəsiz qalmır. Gecikir, amma bir gün mütləq səmərə verir” .