Ədliyyə Nazirliyi həbsxanadakı insidentlə bağlı açıqlama yaydı

edliyye-nazirliyi-hebsxanadaki-insidentle-bagli-aciqlama-yaydi-
Oxunma sayı: 665

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıxov Trend-ə bildirib ki, hadisə Qaradağ rayonu ərazisindəki 2 saylı məntəqə tipli müəssisədə baş verib.

Onun sözlərinə görə, müəssisədə saxlanma rejimi qaydalarını pozduğu üçün cərimə təcridxanasına salınmış məhkumlar Fərid Dadaşov və Faiq Fərəcov dünən saat 20:15 radələrində kameranın qapısını döyərək kanalizasiya xəttində nasazlıq yarandığını və məntəqə əməkdaşlarından onlara yardım göstərilməsini xahiş ediblər.

Məntəqə əməkdaşları qapını açanda onlar əvvəlcədən dəmir çarpayıdan sökdükləri dəmir parçası ilə xidmət əməkdaşlarına hücum ediblər və bir nəfərə xəsarət yetiriblər.

Dadaşov tutularaq yenidən cərimə təcridxanasına salınıb, Fərəcov isə qaçıb.

Sadıxov bildirib ki, Dadaşov cərimə təcridxanasında yastıq üzlüyü ilə özünü asaraq intihar edib.

Xidmət sözçüsü deyib ki, Fərəcov Cinayət Məcəlləsinin narkotik vasitələrin qanunsuz dövriyyəsi (234.1-ci maddə) cinayətinə görə 3, Dadaşov isə soyğunçuluq (180.2.1 və 180.2.2-ci maddələr) cinayətində ittiham olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Sonradan onlar məhkəmənin qərarı ilə cəzalarının müəyyən hissəsini çəkdikləri üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülmüşdülər.

Faktla bağlı Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb. PX tərəfindən isə tədqiqat aparılır.