BƏƏ-də məhkumlara edilən işgəncə üzə çıxdı - Fotolar

bee-de-mehkumlara-edilen-isgence-uze-cixdi
Oxunma sayı: 2639

Birləşmiş Ərəb Əmirliyinin Yəməndə qurduğu işgəncə bazasında məhkumlara qarşı tətbiq etdiyi dəhşətli cəzalar gün üzünə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, adını açıqlamayan məhkumlardan birinin "Associated Press” xəbər agentliyinə göndərdiyi məktub və rəsmlər onlara qarşı fiziki və cinsi təcavüzün şiddətini ortaya çıxarıb. 

Həbsxana məmurlarının qəddarlıqlarını təsvir edən məhkum ona qarşı hər hansı ittiham irəli sürülmədiyi halda üç fərqli həbsxanaya göndərildiyini anladıb. 

Mukalla şəhərindəki “Riyan” həbsxanasında çalışan yüksək vəzifəli məmur isə bildirib ki, ABŞ öz kirli işlərini gördürmək üçün BƏƏ-dən əlcək kimi istifadə edir. 

Məhkumlara işgəncələr tətbiq edilməsini təsdiqləyən keçmiş təhlükəsizlik şefi isə agentliyə açıqlamasında BƏƏ-nin məhkumları cəsusluq etməyə məcbur etdiyini deyib. 

Qeyd edək ki, Yəməndə “Əl Qaidə” ilə əlaqələri olmaqda şübhəli bilinən şəxslər ölkənin cənubundakı gizli həbsxanalarda işgəncələrə məruz qalırlar. Agentlik daha əvvəl də Yəmənin cənubunda BƏƏ-nin nəzarətində olan 18 gizli həbsxanadan bəhs etmişdi.