“Əfşar Süleymani ANS-ə təxribat üçün çağırılmışdı”

efsar-suleymani-ans-e-texribat-ucun-cagirilmisdi
Oxunma sayı: 675

“Qafqazinfo” xəbər verir ki, sabiq millət vəkili açıqlamasında deyib ki, o çəkilişdən əvvəl iştirakçılar barədə etiraz edib: “Bizə bildirmişdilər ki, verilişdə Yaqub Məmmədov və Eldar Namazov iştirak edəcək. Ancaq çəkiliş zamanı biz digər adamları da gördük. Onlardan biri də həmin Əfşar Süleymani idi. Mən hələ çəkiliş başlamamışdan qabaq Mir Şahinə etiraz etmişdim. O da mənə dedi ki, Əfşar Süleymani səfir olub, başqa məlumatlı adam yoxdur”.

Həmsöhbətimiz saytlarda bu barədə yazılanlarla tanış olmadığını, eyni zamanda Ə.Süleymanini vurmağa cəhd etməsi ilə bağlı məlumatın da həqiqətə uyğun olmadığını dedi: “Yox, elə bir şey olmayıb, şişirdilib. Mən o adamı tanımırdım və məni onun şəxsiyyəti maraqlandırmır. O verilişə həmin adam bizim razılığımız olmadan dəvət olunub. Məndə belə bir təəssürat yarandı ki, Əfşar Süleymani həmin verilişə planlı şəkildə dəvət edilib ki, məhz bu təxribat yaratsın. Mən bu adamı ciddi qəbul eləmirəm. Ona heç zaman da ayırmaq istəməzdim”.

Pənah Hüseyninin sözlərinə görə, çəkiliş zamanı Ə.Süleymaninin Azərbaycan dövləti, eləcə də AXC hakimiyyət haqqında fikirlərinə etiraz edib: “Onun Azərbaycan dövləti, AXC hakimiyyəti və Əbülfəz Elçibəylə bağlı fikirləri narazılığıma səbəb oldu. Əfşar Süleymani özü etiraf elədi ki, mən Azərbaycanın İranla münasibətlərinin düzəlməsində maraqlı idim. Buna görə də Azərbaycan tərəfdən İran əleyhinə olan fikirləri yumşaltmağa çalışmışam. Və guya bu münasibətləri nizama salmaq məqsədi ilə İranda səfərdə olarkən İran tərəfinin Əbülfəz Elçibəyin söylədiyi fikirlərə etirazına cavab olaraq bildirmişəm ki, Əbülfəz Elçibəy tarixçidir, alimdir, siyasətçi deyil. Mən bu sözə etiraz etdim. Çünki mənim özümün o zaman İrana səfərim məhz Elçibəy hakimiyyətinin siyasətinin həyata keçirilməsi ilə bağlı idi. Yəni bu səfər dövlət başçısı postunu tutan Əbülfəz Elçibəyin tapşırığı ilə baş tutmuşdu. Və bu səfər zamanı prezident haqqında o cür fikir bildirilə bilməzdi. Doğrudur, biz həmişə demişik ki, Əbülfəz Elçibəy ideoloqdur, 50 milyonluq böyük Azərbaycanın fikir babasıdır. Yəni sıradan bir siyasətçi, dövlət məmuru deyil. Amma Əfşar Süleymani bunu aşağılayıcı tərzdə dediyi üçün mən də buna etiraz etdim. Aparıcı sonra mənə dedi ki, guya o, bunu saytlarda da yazıb. Bir daha qeyd edim ki, məndə belə bir qənaət var ki, Əfşar Süleymani oraya heç də təsadüfən çağırılmayıbmış”.

P. Hüseyn baş verən qalmaqalın efirə veriləcəyi ilə bağlı Mirşahin Ağayevin açıqlamasında da münasibət bildirib. Pənah Hüseyn hesab edir ki, çəkiliş üzərində mülkiyyət hüququ ANS-ə məxsusdur. Mülkiyyət hüququna hörmət etdiyini deyən P. Hüseynin sözlərinə görə, bu halda verilişlə bağlı sərəncam vermək hüququ da onlara məxsusdur: “Bu məsələ ANS-in və veriliş müəlliflərinin səlahiyyətindədir. Biz ora könüllü şəkildə getmişik. Hər hansı bir tələbim, başqa bir gözləntim yoxdur".