“Əfv kimlərə şamil olunacaq?” – Manşetlər

efv-kimlere-samil-olunacaq-mansetler
Oxunma sayı: 944

“Azərbaycan” qəzetinin manşetində “Amnesty İnternational təşkilatının qərəzli mövqeyi xarici ekspertlər tərəfindən tənqid olundu” başlıqlı xəbər yer alıb. Xəbərdə Belçika Konstitusiya məhkəməsinin hakimi Jan-Pol Murmanın “Amnesty İnternational”ın hesabatı ilə bağlı fikirləri verilib.

“Bizim Yol” qəzetinin manşet xəbəri isə 2 aprel mitinqi məhbuslarının məhkəmə prosesindəki dava ilə bağlıdır. “Məhkəmə zalında yumruq döyüşü” başlıqlı xəbərdə hadisənin təfərrüatları yer alıb.

“525-ci qəzet”in şənbə buraxılışının manşeti cəzaçəkmə müəssisəsindəki insident xəbəridir. “Türmədə münaqişə” başlıqlı xəbərdə münaqişənin baş vermə səbəbləri və hadisənin təfərrüatı ilə bağlı ətraflı məlumat verilib.

“Xalq cəbhəsi” qəzetində manşet xəbər olaraq Nobel mükafatçısı Orxan Pamuk və onun yeni sevgilisi ilə bağlı məlumat dərc edilib. “Orxan Pamuk erməniyə aşiq olub” başlıqlı xəbərdə cütlüyün bir yerdə çəkilmiş fotoları da yer alıb.

“Ayna” qəzetində manşet xəbər isə dekabrın sonunda imzalanması gözlənilən Əfv fərmanı ilə bağlıdır. “Əfv kimlərə şamil olunacaq” başlıqlı xəbərdə hüquq müdafiəçilərinin Əfv Komissiyasının üzvlərinə təqdim etdiyi şəxslərin adları qeyd olunub.

“Azadlıq” qəzetində manşet xəbər “Paşayevlər Naxçıvan klanını parçalayır” başlıqlı xəbərdir. Xəbərdə Əli Nağıyevin yeni partiya yaratmaq istəyinin ardında “gizlinlər”in olduğu iddia edilir.

“Kaspi” qəzetinin manşetində ““Mur-Ay”ın aldatdığı vətəndaşlara pulsuz evlər verilir” başlıqlı xəbər dərc olunub. Xəbərdə aldadılmış ev sahiblərinə pulsuz evlərin paylanması ilə bağlı ətraflı məlumat verilir.

“Yeni Müsavat” qəzetinin manşet xəbəri Rusiyada davam edən etiraz aksiyaları ilə bağlıdır. ““Ərəb baharı”nı “rus qışı” əvəz edir” başlıqlı xəbərdə etiraz aksiyaları təhlil edilir.

“Yeni Azərbaycan” qəzetində manşet xəbəri əmək haqlarının artırılması ilə bağlı sərəncamdır. “Prezident İlham Əliyev sosial təminat müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqında Sərəncam imzalayıb” başlıqlı xəbərdə artımın miqdarı göstərilib.

“Şərq” qəzetində manşet xəbər Bakıda söküləcək binalar haqqındadır. “Bakıda daş binalar söküləcək” başlıqlı xəbərdə hansı binaların söküləcəyi və bunun səbəbləri barədə məlumat verilib.

Hazırladı: Fatimə Kərimli