“Əgər demokrat olduqlarını sübut etmək istəyirlərsə...”

eger-demokrat-olduqlarini-subut-etmek-isteyirlerse-
Oxunma sayı: 664

“Qafqazinfo”nun məlumatına görə, millət vəkili deyib ki, Fransa Senatının qəbul etdiyi bu məlum qərar İkinci Dünya Müharibəsindən sonra Avropada qəbul edilmiş ən mürtəce, antidemokratik və hüquqa zidd bir qanundur: “İnsanların sərbəst düşüncə, fikir və söz azadlığına qarşı yönələn bu qanun heç də Fransa xalqının mövqeyini əks etdirmir. Müzakirələrdə 60 senator iştirak etmişdir ki, o da Fransa Senatının təxminən 8-də birini təşkil edir. Digərləri isə vəkalətnamə ilə səs vermişlər.

Belə hesab edirəm ki, Fransa Konstitusiyasına zidd olan bu qanun Fransanın daxilində hüquqi çəkişmələrə hələ çox səbəb olacaqdır. Bu qanun, həm də Fransanın da qoşulduğu müxtəlif beynəlxalq konvensiyalara, BMT-nin və müvafiq beynəlxalq təşkilatların məramına və nizamnaməsinə ziddir.

Digər tərəfdən isə Fransa Senatı öz səlahiyyətləri çərçivəsindən kənara çıxaraq demokratik dövlətlərdə olduğu kimi hakimiyyət bölgüsünün bir qolu olan Fransa Məhkəmə Hakimiyyətinin səlahiyyətlərini mənimsəyərək cəza nəzərdə tutan qanun qəbul etmişdir. Demokratik dövlətlərdə isə vətəndaşların qanunla cəzalandırılması səlahiyyəti məhkəməyə aiddir. Əgər Fransa demokratik dövlət olduğunu sübut etmək istəyirsə Fransanın Konstitusiya Məhkəməsi bu qanunu dərhal ləğv etməlidir.

Siyasi məqsədlərə, daha doğrusu Fransada növbəti prezident seçkilərinə hesablanaraq qəbul edilmiş bu qanun bir daha onu göstərdi ki, Fransa hakimiyyəti erməni lobbisinin təsiri altındadır. Təkcə Türkiyəyə deyil, həm də bütün Türk dünyasına qarşı yönəlmiş bu qanun hüquqa ziddir.

Senatın bu qərarı, ATƏT-in Minsk Qrupunda həmsədrlərdən biri olan Fransanın yarıtmaz mövqeyini bir daha şübhə altına alır və Fransanın Minsk Qrupunda qalmasını məqsəd uyğun hesab etmirəm.

Biz, hər zaman olduğu kimi bu məsələdə də Türkiyənin yanında olmalıyıq”.