“Əgər “Volqa” belə qərar verərsə…”

eger-volqa-bele-qerar-vererse
Oxunma sayı: 672

“Qafqazinfo”nun lent.az-a istinadən verdiyi xəbərə görə, veteran futbolçu bildirib ki, oğlu “Volqa” klubunun rəhbərliyi ilə görüşərək, gələcək taleyinə aydınlıq gətirmək istəyir: “Oğlum komanda ilə birgə Türkiyənin Antalya şəhərinə təlim-məşq toplantısına aparılmayıb. Vaqifə ikinci toplanışa aparılacağı deyilib. O isə baş məşqçi Dmitri Çerışevə “ikinci toplanışa gedəcəyəmsə, məni niyə birincisinə aparmısınız? Komandada qalmağımı istəmirsinizsə, açıqca bildirin” söyləyərək, məsələyə aydınlıq gətirilməsini istəyir. Çerışev Antalya toplanışından qayıtdıqdan sonra yekun qərarını açıqlayacağını deyib. Hazırda Vaqif klub rəhbərliyi ilə görüşərək, gələcək taleyinə aydınlıq gətirilməsini istəyir. Amma rəhbərlik istirahətdə, komanda isə Antalyadadır”.

“Volqa”nın mətbuat xidmətinin rəhbəri Sergey Kozunovun açıqlamasında Vaqif Cavadovla yollarını ayırdıqlarını və bu barədə rəsmi qərarın yaxın vaxtlarda elan olunacağını bildirib. F.Cavadov isə oğlunun klubla hələ 2,5 illik anlaşmasının olduğunu söyləyib: “Əgər “Volqa” belə bir qərar verəcəksə, Vaqifə kompensasiya ödəməli, ya da kompromisə gələrək dostcasına ayrılmalıdırlar”.

Nijni-Novqorod komandasının ilk toplanışı yanvarın 21-də yekunlaşacaq. F.Cavadov bildirib ki, oğlunun “Volqa”dakı taleyinə ya klub rəhbərliyi ilə görüşündən, ya da komanda hazırlıq prosesindən qayıtdıqdan sonra aydınlıq gələcək. O, V.Cavadovla Rusiyanın “Alaniya”, “Krasnodar”, hətta onun keçmiş komanda yoldaşı Andrey Yeşenkonu yenicə heyətinə qatan Moskva “Lokomotiv”inin qeyri-rəsmi formada maraqlandığını da əlavə edib. Amma hələlik ortada rəsmi təklif yoxdur. F.Cavadov oğlunun “Qarabağ” rəhbərliyi ilə danışıqlar aparmasını isə təkzib edib.