Eh, Kəmaləddin bəy...

eh-kemaleddin-bey-
Oxunma sayı: 649

Onun da fərqindəyik ki, bu, dövlət başçısının o bölgəyə ilk belə səfəri deyil. Fəlakətdən dərhal sonra da ora getmişdi. Yanılmıramsa, prezidentin bu səfəri sayca üçüncü idi. O bölgəyə məsul fövqəladə hallar naziri Kəmaləddin Heydərovun da Zaqatalaya bu 4 ayda az qala hər ay bir-iki dəfə, avqustun 15-dən bəriki 25 gündə isə üç dəfə getməsini unutmamışıq. Alqışlansın. Amma...

Amma məmurların prezidentə verdiyi hesabatın, AzərTAc-ın da orta statistik Məmmədəliyə bəh-bəhlə sırıdığı məlumatın içindəki xırda-xuruş yalan-palanı, bir-biri ilə uyuşmayan detalları, məntiqsizliyi də gərək yazaq ki, halallıq olsun. Heç kəsin, o cümlədən əlahəzrət həqiqətin haqqı yeyilməsin.

AzərTAc-ın ilk xəbərində deyilir ki, sentyabrın 9-da Zaqatala şəhər 2 saylı orta məktəbin açılışı oldu. Bir obyekt açılırsa, bu, onun istifadəyə, istismara tam hazır olması deməkdir. İndi sual yaranır: necə olur ki, cəmi 5 gün əvvəl - sentyabrın 4-də tikinti işinin hələ davam etdiyi bu məktəbdə bütün işlər heç bir həftə çəkmir 100 faiz qaydasına düşür? Axı Kəmaləddin bəy sentyabrın 4-də Zaqatalada olanda belə rəsmi məlumat verilmişdi ki, nazir 2 saylı məktəbdə aparılan tikinti işinin gedişi ilə maraqlanıb. Yaxşı, 4 aya tikə bilmədiklərini 4-5 günə tikməyi necə bacardılar?

Görək o məktəbdə bu qısa müddətdə hansı işlər görülüb. Rəsmi məlumata görə, məktəbdə bütün şərait yaradılıb. O, müasir avadanlıq və dərs ləvazimatı ilə təchiz edilib. Həyətində futbol meydançası, mərkəzləşdirilmiş istilik sistemi yaradılıb, iki su anbarı, 630 kilovoltluq transformator quraşdırılıb. Məktəbdə 45 sinif otağı, fənn kabinetləri, zəngin fonda malik kitabxana, akt və istirahət zalları, 250 nəfərlik yeməkxana, bufet, müəllim, ingilis dili, internetə qoşulmuş kompüter, inzibati və digər otaqlar, müasir avadanlıqla təmin edilmiş laboratoriyalar, ağac, metal üzərində oyma, tikiş emalatxanaları, müasir qurğuları olan idman zalı var...

Heç nə anlaşılmır. Necə deyərlər, kontrabasda - tək? Bunların hamısı bir neçə günə? Yoxsa bunlara elə gəlir ki, bütün avadanlıqlarla təchiz edilmiş laboratoriya yaratmaq yerə paya basdırıb üstünə “bu, laboratoriyadır” yazılmış lövhə asmaqdır?! Əmin edirəm ki, o məktəbdə bu sadalananların hamısı ya yoxdur, ya da yarıtmaz, yarımçıq haldadır. İnanmayanlar gedib baxsın, yüz qüsur, çatışmazlıq tapacaqlar. İnişil Hövsanda əlillər üçün tikilən binada belə olmadımı? AzTV çəkib göstərdi, görənlər də mat qaldı. Səhərisi gün müxbirimiz gedib çəkdi. Məlum oldu ki, üstü bəzək, altı təzək bir şeydir. Suyu, qazı, işığı, heç bir rahatlığı, hətta normal qapı-pəncərəsi olmayan yarımçıq tikilidir. Bir mənzili bəzəyib göstərdilər, çıxıb getdilər. İndi də bu məktəb. Bir ay sonra oradan şikayətlər gəlməsə, əlimin dalı yerdə...

Yaxşı, lap tutaq ki, məmurlar düz deyir, o məktəbdə vəziyyət həqiqətən də belədir, hər şey əladır. Təki belə olsun. Bəs Zaqatalanın, Qaxın o biri məktəbləri? Axı zəlzələdə dağılan məktəb təkcə biri - 2 saylı deyildi...

Burada rəsmi yalanın ən irisini diri tutmuşam. AzərTAc sentyabrın 9-da dedi ki, dövlət başçısı Zaqatalada Bəhmətli kənd orta məktəbi üçün yeni binanın təməlqoyma mərasimində iştirak edib. Xəbəri oxuyun: “Əvvəlcə dövlətimizin başçısı tikiləcək yeni məktəbin ərazisində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət etdi, önünə gül dəstəsi qoydu... Diqqətə çatdırıldı ki, təhsil ocağının bu ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulur... Məktəbin müəllimləri prezidentə təşəkkür etdilər...”

Fikir verin, məktəb hələ yoxdur. Zavallı uşaqlar da harada oxuyacaqlarını hələ bilmirlər, amma büst artıq hazırdır, müəllimlərsə təşəkkür edir. Yoldaşlar, bu 4 ayda ağlınız, gücünüz yalnız büst düzəltməyə çatdı? Bəs uşaqlar? 4 ayı harada oxuyacaqlar? Qəzalı köhnə məktəbdə? Allah eləməmiş, bir faciə olsa? Bir də ki, əgər məktəbi 4 aya tikə biləcəkdinizsə, onda zəlzələdən ötən 4 ayı niyə yelə verdiniz? Tikəydiniz də.

O bölgədə dağılmış, qəzalı vəziyyətə düşmüş 5713 evin yalnız 2-ni tikib prezidentə göstərmək isə... Bu, nə komediyadır, nə də tragediya. Ad, izah da tapmaq olmur. Nə isə...

musavat.com