Əhalinin əmanətləri təhlükədədir – Diqqət

ehalinin-emanetleri-tehlukededir-diqqet
Oxunma sayı: 938

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bu fikirdədir. “Qafqazinfo”nun məlumatına görə, mətbuata açıqlamasında Samir Əliyev deyib ki, Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətlərin faiz dərəcəsini 12%-ə salsa da, banklar böyük həvəslə yüksək faizlə əmanət cəlbini davam etdirir, məlumatsız əhali isə yüksək faizə şirniklənərək pullarının gələcək taleyini diqqətdən qaçırır.

Ekspertin fikrincə, bu işdə əhalinin məlumatlandırılması vacibdir: “Əhali hər hansı bankın Əmanətlərin Sığortalanması Fondunun üzvü olması ilə əmanətlərin sığortalanması məsələsini qarışdırır. Bir sıra hallarda əmanətçilər hesab edirlər ki, əgər bank fondun üzvüdürsə, deməli, onun yatıracağı vəsait də sığortalanır. Təsadüfi deyil ki, sığortalanmayan əmanətlərin həcmi getdikcə artır. Çünki insanlar yüksək faizə aldanırlar, ancaq əmanətlərinin taleyini bəzən düşünmürlər. Əhalinin az məlumatlı olması belə hallara rəvac verir”.

Samir Əliyevə görə, son aylar sığortalanmayan əmanətlər kəskin artıb: “2011-ci ilin birinci rübündə qorunmayan əmanətlərin payı 36%-dən 39%-ə yüksəlib. Rüb ərzində fonda üzv olan banklar əhalidən 261,4 milyon manat həcmində vəsait cəlb edə bilib. Bu vəsaitin yalnız üçdə biri 12%-dən yuxarı olmayan faizlə yığılıb. Bu isə qorunan əmanətin həcminin 82,1 milyon manat olduğunu göstərir. Yerdə qalan 179,4 milyon manatlıq əmanətlər isə daha yüksək faizlə cəlb edilib və qorunmur. Ümumilikdə hazırda 1,2 milyard manat həcmində olan əmanətlər qorunmur. Deməli, həmin vəsaitlərin geri qaytarılacağına tam zəmanət yoxdur”.

Bu gün ölkədə 43 bankın Əmanətlərin Sığortalanması Fondunun üzvü olduğunu xatırladan ekspert hesab edir ki, üzv olmayan bankların əmanət yığımına qadağa qoyulmalıdır: “Hazırda ölkə üzrə əmanətlərin həcmi 3,3 milyard manat təşkil edir. Fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri isə 3,2 milyard manata bərabərdir. Üzv olmayan banklarda yığılan əmanətlərin həcmi 116 milyon manatdan çoxdur. Bu o deməkdir ki, ölkə üzrə qorunmayan əmanətlərin həcmi 1,4 milyard manat edir. Buna görə də Mərkəzi Bank fonda üzv olmayan banklarda əmanət cəlbini qadağan etməlidir. Əks halda bu, Mərkəzi Bankın özünə problem yarada bilər”.

Bundan əvvəl 3 bankın lisenziyasının geri alındığını və hazırda 5 bankın ləğv edilmə prosesində olduğunu xatırladan Samir Əliyev əhalini ayıq-sayıq olmağa, yüksək faizlərə yox, etibarlı əllərə üstünlük verməyə çağırıb.