Əhməd Əhmədzadə məhkəmə qarşısında

ehmed-ehmedzade-mehkeme-qarsisinda-
Oxunma sayı: 936





Son illər Azərbaycanda su təsərrüfatı sisteminin idarə olunması, Kür və Araz çayları sahillərində bəndvurma və sahilbərkitmə işlərinin aparılması, bu istiqamətdə ayrılan vəsaitlərin həcmi və xərclənməsi barədə ətraflı məlumat əldə etmək üçün “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı bir müddət öncə Meliorasiya və Su Təsərrüfatı ASC- nə rəsmi informasiya sorğusu göndərib. Təşkilatdan “Qafqazinfo”ya daxil olan məlumata görə, Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurum sorğuya cavab versə də verilən cavablar “Kür” Qərargahını təmin etməyib. Meliorasiya və Su Təsərrüfatı ASC- nin sorğuya verdiyi natamam cavabın qanunsuz hesab edilməsi və sorğunun tam cavablandırılması tələbi ilə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı 1 saylı Bakı İnzibatı - İqtisad məhkəməsinə müraciət edib.
İddia ərizəsində qeyd olunur ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC informasiya sorğusu ilə istənilən bilgilərə sahib olduğundan İnformasiya əldə etmək haqqında Qanunun 9-cu maddəsinə əsasən, informasiya verməyə borclu olan informasiya sahibi sayılır;

“İnformasiya sahibi kimi o, həyata keçirdiyi fəaliyyətlər, dövlət büdcəsindən ayrılan pul vəsaitlərinin xərclənmə vəziyyəti barədə ictimaiyyətə məlumatlar açıqlamaq vəzifəsini daşıyır. Iddiaçı informasiya sorğusunda 9 sual göstərib. Bu sualların hamısına cavabdeh tərəfindən cavab verilməyib.

1. Azərbaycanda su təsərrüfatı sisteminin idarə olunması, o cümlədən Kür və Araz çaylarının lildən təmizlənməsi, sahil bərkitmə və bənd vurma işlərinin yerinə yetirilməsi, Ehtiyyat Su Anbarlarının təmir edilməsi və s. istiqamətdə 2003- cü ildən bu günə qədər nə qədər vəsait ayrılıb? Bu vəsaitlərdən hansı hissəsi Meliorasiya və Su Təsərrüfatı ASC- nin xətti ilə xərclənib?
Bu suala ümumiyyətlə cavab verilməyib.
2. Ayrılan vəsaitlərlə konkret hansi işlər görülüb və ayrı- ayrı istiqamətlərə hansı həcmdə vəsait xərclənib?
Vəsaitlərin xərclənməsi ilə bağlı məlumatlar təqdim olunmayıb.
3. 2010-cu ilin yazında Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı Nazirlər Kabinetinin 09 iyul 2010- cu il 197 s saylı sərəncamının tələblərinə uyğun olaraq Meliorasiya və Su Təsərrüfatı ASC konkret olaraq hansi işlər görüb, bu işlər harda görülüb və bu məqsədlə nə qədər vəsait xərclənib?

Bu suala tam cavab verilməyib. Görülən işlər barədə müəyyən məlumat verilsə də, nə qədər vəsaitin xərclənməsi ilə bağlı heç bir məlumat verilməyib.
4, 5, 6, 7, 8 və 9-cu suallara isə ümumiyyətlə cavab verilməyib.
Göründüyü kimi, cavabdeh informasiya sorğusunu tam cavablandırmayıb.”

Xatırladaq ki, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı 2010- cu ilin 21 mayında yaradılıb. Qərargahın məqsədi 2010- cu ilin yazında baş vermiş Kür daşqınlarının baş vermə səbəblərini tədqiq etmək, fəlakətin əngəllənməsi üçün öncəki illərdə ayrılmış vəsaitlərin şəffaf və təyinatlı xərclənməsini araşdırmaq, daşqınların nəticələrinin aradan qaldırılmasında vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etməkdir.