Əhmədzadədən prezidentə şikayət edildi

ehmedzadeden-prezidente-sikayet-edildi
Oxunma sayı: 666

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, qərargah 2010-cu ilin yazında baş vermiş Kür Araz daşqınlarının nəticələrinin aradan qaldırılması və gələcəkdə analoji hadisələrin təkrarlanmaması üçün həyata keçirilən tədbirlər çərçivəsində ayrılan küllü miqdarda vəsaitlərə rəğmən daşqına məruz qalan vətəndaşların Meliorasiya və Su Təsərrüfatı ASC-nin gördüyü işlərdən narazı qaldıqlarını qeyd edib: “Bu yaxınlarda Sabirabad, Saatlı və Salyan rayonundan olan, Kür daşqınlarının təsirinə məruz qalan bir qrup sakin prezident İlham Əliyevə, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova, Meliorasiya və Su Təsərrüfatı ASC- ə və “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına müraciət edərək Kür şayı ətrafında sahilbərkitmə işləri zamanı onlara məxsus həyətyanı torpaq sahəsinin, baxçaların, meyvə ağaclarının məhv edilərək bəndvurmaya sərf olunduğunu bildirirlər”.

Sakinlər məktublarında evlərinin, həyətyanı torpaqlarının, meyvə ağaclarının ciddi ziyana uğradığını və bu işdə adı çəkilən qurumun məsuliyyət daşıdığını yazıblar: “Daşqınların ağrı- acılarından qurtarmamış Meliorasiya və Su Təsərrüfatı ASC Kür çayı ətrafında bəndvurma üçün bizim həyətimizi, əkin sahələrimizi, meyvə ağaclarımızı, hətta bəzilərimizin yardımçı tikililərini, tövlələrini belə dağıdıb bəndvurmaya sərf edib. Çox acınacaqlı haldır ki, sözü gedən idarənin əməkdaşları bu işi görərkən ağır texnikanın köməyindən istifadə edib və bizimlə məsləhətləşmədən, razılığımızı almadan bu işi həyata keçirib. Nəticədə bizə xeyli maddi və mənəvi ziyan dəyib. Bəndatmanın asan və ucuz yolunu tapıblar. Yaxınlıqda olan, insanlara məxsus həyətyanı torpaqları, ağacları, eləcə də münbit meşə torpaqlarını daşıyıb bəndatmaya vururlar. Halbu ki bu iş üçün dövlət büdcəsindən böyük miqdarda vəsait ayrılıb ki, bəndvurmaya daşınan torpaqlar kənardan gətirilsin və yararsız torpaqlardan istifadə olunsun. Biz öz haqqımızı tələb edir, təsərrüfatımızın bərpa olunmasını və bizə dəyən ziyanın ödənilməsini tələb edirik. Əks halda məhkəmə orqanlarına müraciət edəcəyik.”

Bəzi vətəndaşlar Əhməd Əhmədzadənin rəhbərlik etdiyi sözü gedən qurumun onların izni olmadan onlara məxsus əraziyə müdaxilə edib təsərrüfatlarına ziyan vurmasını quldarlıq qurluşuna xas hərəkət kimi dəyərləndirərək baş vermiş özbaşınalıq və dərəbəylik hadisəsi ilə bağlı ölkə başçısının ciddi ölçü götürlməsini tələb ediblər. Sakinlər əks təqdirdə məhkəmə orqanlarına müraciət edərək digər etiraz tədbirlərinə əl atacaqlarını bildirirlər.
Xatırladaq ki, 2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınları zamanı bəndatma və sahilbərkitmə işlərinin etibarlı aparılmaması səbəbindən fəlakətin təsirinə məruz qalmış bir qrup sakin dəyən ziyanın ödənilməsi tələbi ilə Meliorasiya və Su Təsərrüfatı ASC- ni məhkəməyə verib.