Ekologiya Nazirliyindən əhaliyə ciddi xəbərdarlıq

ekologiya-nazirliyinden-ehaliye-ciddi-xeberdarliq
Oxunma sayı: 663

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran sahil zolaqlarında və “Amburan” çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli təmizləyici qurğular quraşdırıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda mütəmadi olaraq ekoloji vəziyyətin monitorinqini həyata keçirir.

ETSN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, nazirlik tərəfindən modul tipli çirkab sutəmizləyici qurğuların quraşdırıldığı ərazilərdə (ABŞ, Almaniya, Türkiyə, Fransa, İtaliya, Tayvanda istehsal olunmuş və Türkiyədə komplektləşdirilmiş) aparılan monitorinqin nəticələrinə əsasən, 2007-ci illə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınıb ki, bunun da nəticəsində Abşeron yarımadasının şimal zonasındakı ərazilərdən dənizə axıdılan tullantı suları idarə olunur.
Belə ki, təmizləyici qurğuların istismarı müddətində dənizdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalmağa başlayıb, son 5 il ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarı minimum həddə çatıb. Aparılan tədqiqatların nəticələrinə görə, qeyd olunan çimərlik ərazilərində çirklənmə dərəcəsi artıq norma daxilindədir.

Lakin belə qurğuların quraşdırılmadığı məntəqələrdə ötən il olduğu kimi (Səbail rayonun Şıx və Qaradağ rayonun Sahil qəsəbəsinin çimərlik ərazisində) bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb.

Belə ki, qeyd olunan bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan artıq müəyyən edilib.

Abşeron yarımadasının sahil zolağında modul tipli təmizləyici qurğular quraşdırılmadan əvvəl dənizdən götürülən su nümunələri üzərində aparılmış təhlillər zamanı mikrobioloji baxımdan bağırsaq çöpü bakteriyalarının miqdarı normadan dəfələrlə artıq təyin edilib. Lakin ETSN tərəfindən modul tipli təmizləyici qurğular quraşdırıldıqdan sonra həmin ərazilərdə mütəmadi keçirilən monitorinqlər nəticəsində çirklilik dərəcəsinin tədricən azalması qeydə alınıb.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılan təhlillərin nəticələrinə görə də qeyd olunan çimərlik ərazilərində çirklənmə dərəcəsi artıq norma daxilindədir. ETSN və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən birgə keçirilən monitorinq zamanı dənizdən götürülən su nümunələri üzrərində aparılan laborator təhlillərin nəticələri qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarının minimum həddə çatmasını təsdiq edir. Göründüyü kimi, son 5 il ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarı norma həddinə çatıb.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən modul tipli təmizləyici qurğular quraşdırılmış qəsəbələrin sahil zolağında aparılan son tədqiqatların nəticələri bunu deməyə əsas verir ki, qeyd olunan qəsəbələrin sahil zolağındakı çimərlik sahələri (Sumqayıt, Sahil qəsəbəsinin “Sahil” və “Şıx” çimərliklərindən başqa) yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır.

Nigar Məmmədli