Ekspertdən Misir Mərdanova sərt cavab

ekspertden-misir-merdanova-sert-cavab
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, Əlövsət Osmanlı da nazirliyin reaksiyasina adekvat cavab verib. Ə. Osmanlı bildirib ki, Təhsil Nazirliyinin məmurları nə danışdıqlarını, nə yazdıqlarını bilmirlər: “Onlar nəinki bir-birinin kitablarını, hətta təhsillə bağlı rəsmi dövlət sənədlərini belə oxumadıqları hamıya bəllidir. Nazirliyin saytında yerləşdirilmiş və elektron KİV-də dolaşan son məlumat da bunu sübut edir.

Qurumun mətbuat xidmətinin “Zerkalo” qəzetinə və onun əməkdaşına qarşı ədəbdənkənar ifadələrini bir oxucu olaraq yalnız qınaya bilərəm. “Nazirliyin jurnalistə və qəzetin rəhbərliyinə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq” ifadəsi, jurnalist R.Rüstəmovun “qərəzli və qeyri-peşəkar” adlandırılması, əlbəttə, qəbuledilməzdir. Adamdan soruşmazlar ki, siz kimsiniz və hansı səlahiyyətlə ölkənin ən nüfuzlu mətbuat orqanlarından birinin rəhbərliyinə və əməkdaşına xəbərdarlıq edirsiniz?! Bu yekəxanalıq barədə qəzetin nə düşündüyünü bilmirəm. Amma mənim şəxsi personam haqqında işlədilmiş “yalançı müəllim” və “yalançı alim” ifadələrinə görə qurum yəqin ki, məhkəmədə cavab verməli olacaq. Çünki bu, onların çox sevdiyi və “anladıqları” metoddur.

Bu absurd fikir sahiblərinə bir daha xatırladıram: Mənə riyaziyyatçı, riyaziyyat müəllimi ixtisasını 1979-ci ildə Azərbaycan Dövlət Universiteti, alimlik dərəcəsini isə 1987-ci ildə SSRİ Ali Attestasiya Komissiyası verib. Əgər burada “yalançı”lığın olması barədə nazirlikdə hər hansı məlumat varsa, buyursunlar, məhkəməyə müraciət etsinlər...
Mübahisənin predmetinə gəldikdə isə yenə də israr edirəm: Təhsil Nazirliyi “otpiska” fikirlər yayaraq ictimaiyyəti çaşdırmaqdansa, yaxşı olar ki, “yolda itirilmiş” 63 min şagirdin hesabını versin. Daha doğrusu, rəsmi açıqlama yaysın ki, onlardan dəqiq neçəsi texniki-peşə məktəblərinə, neçəsi orta ixtisas təhsili müəssisələrinə daxil olub və neçəsi xarici ölkələrə gedib. Onlara “yardım” məqsədilə bəzi rəqəmləri söyləyirəm:
- texniki-peşə məktəblərinə daxil olanlar – 4 min nəfər;
- orta ixtisas təhsili müəssisələrinə daxil olanlar – 8 min nəfər;
- dünyasını dəyişənlər – ən çoxu min nəfər.

Bu elədi 13 min nəfər. Yerdə qaldı 50 min nəfər. Təhsil Nazirliyinin rəsmi bəyanatından belə çıxır ki, bu 50 min nəfərsə xarici ölkələrə gedib. Əgər belədirsə, onda hesab edirəm ki, bu dəhşətsaçan məsələ ilə MTN məşğul olmalıdır...

Bayram Hüseynzadənin rəhbərlik etdiyi struktur “504 milyon manat” məsələsinə aydınlıq gətirdiyini düşünürsə, çox səhv edir! Birincisi, mənim açıqladığım “8 min manat” bir ilə yox, məktəbəqədər və ümumi təhsil illərində hər şagirdə dövlət tərəfindən xərclənən vəsaitə aiddir. Buyurub müsahibəni bir də oxusunlar: “dövlət hər şagirdin təhsili üçün 8 min manat xərcləyir”. İkincisi də heç olmasa, Mərdanovun “Azərbaycan təhsili yeni inkişaf mərhələsində” kitabının 19-cu səhifəsindəki məlumata baxsınlar. Nazir 2009-cu ildə (!) məktəbəqədər təhsil pilləsində hər uşağa il ərzində 884 manat, ümumtəhsil pilləsində isə 577 manat xərcləndiyini yazır. Bu rəqəmləri təhsil illərinə vurub-bölsünlər, görsünlər nə alınır! Ən başlıcası isə, burunları girməyən yerlərə başlarını soxub, özləri cəhənnəm, Azərbaycan təhsil sistemini dünyada xar eləməsinlər!”