“Əl Cəzirə”nin direktoru istefa verdi

el-cezirenin-direktoru-istefa-verdi
Oxunma sayı: 699

Anspress-in məlumatına görə, Qətərin “Əl Cəzirə” telekanalının baş direktoru Vada Hanfar vəzifəsindən getdiyini bəyan edib. Məlumatı telekanalın mətbuat xidməti yayıb.

2006-cı ildən telekanala rəhbərlik edən Vada Hanfar vida çıxışında bildirib ki, vəzifəsini “irəliyə getmək üçün” tərk edir. O, qərarını düşünülmüş olduğunu bildirib və məlumat verib ki, qərarı Direktorlar Şurasının sədri ilə müzakirə edib.

Qeyd edək ki, “Fast Company” nəşrinin reytinqinə görə, “Əl Cəzirə”nin keçmiş direktoru “Dünyanın ən kreativ biznesmenləri”nin ilk 100-lüyünə daxil olub.

Vada Hanfarı kimin əvəz edəcəyi bəlli deyil. Bununla yanaşı, mətbuatda onun qalmaqallı “Wikileaks” saytındakı ifaşedici məlumatlarla əlaqədar istefaya getməsi barədə şayiələr dolaşır. Dohadakı Amerika missiyasının diplomatik yazışmalarındakı materiallardan belə nəticəyə gəlmək olar ki, Vada Hanfarın ABŞ kəşfiyyat xidmətinin nümayəndələri ilə sıx əlaqəsi olub, eləcə də, bəzi materialların yumşaldılması barədə vədlər verib.

Qətər hökumətinin sahibi olduğu “Əl Cəzirə” telekanalı 1996-cı ilə yaradılıb. O, ərəb ölkələri, Afrika və Orta Asiyaya peyk yayımı həyata keçirir. 2006-cı ildə telekanal ingilis dilində yayıma başlayıb. Üsəma bin Ladenin müraciətləri olan materiallar, eləcə də məlumatların saxtalaşdırılması üzündən kanal qalmaqallı reputasiyaya malikdir.