“Elçibəyə “İstiqlal” ordeni verilsin” – Bəyanat

elcibeye-istiqlal-ordeni-verilsin-beyanat
Oxunma sayı: 661

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasında “İslahat” deputat qrupunun növbəti toplantısı keçirilib. “Qafqazinfo”nun məlumatına görə, Milli Məclisin payız sessiyası öncəsi keçirilən toplantıda “İslahat” deputat qrupunun fəaliyyət istiqamətləri, qrupa daxil olan partiyaların daha geniş müstəvidə əməkdaşlıq perspektivləri və digər məsələlər müzakirə olunub.

“İslahat” deputat qrupunun müzakirəsinə çıxarılan əsas məsələlərdən biri dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı olub. Müstəqilliyin il dönümü münasibətilə millət vəkilləri bəyanat qəbul edib. Bəyanatda deyilir: “Bu böyük tarixi günlə əlaqədar biz, 17 mart 1991-ci il tarixdə SSRİ-nin saxlanılması məqsədilə referendum keçirilməsinin əleyhinə səs vermiş Azərbaycan SSR Ali Sovetinin 43 deputatını (sonradan vətənə xəyanətə görə məhkum olunmuşlar istisna olmaqla), o cümlədən Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyi (ölümündən sonra) «İstiqlal» ordeni ilə təltif etməyə, bu şəxslərin və 1991-95-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Respublikası Milli Məclisinin üzvlərinin (dünyasını dəyişmiş şəxslərin isə ailə üzvlərinin) sosial müdafiəsinin gücləndirilməsi barədə müvafiq qərar qəbul etməyə çağırırıq”.

Bəyanatda həmçinin həmin şəxslərdən biri olmuş və hazırda həbsdə olan “Müsavat” partiyasının icra katibi Arif Hacılının da azad olunması xahiş olunur.

«İslahat» deputat qrupu hesab edir ki, belə bir qərarın qəbul olunması, habelə hüquq müdafiəçisi Vidadi İsgəndərlinin, Cabbar Savalanlının, o cümlədən aprel 2-də mitinq keçirməyə cəhd etdikləri üçün həbs olunmuş digər şəxslərin azad edilməsi yaxın tariximizə hörmətimizi nümayiş etdirən ədalətli qərar olmaqla yanaşı, mili birliyimizə və ölkədə köklü islahatların keçirilməsinə də əlverişli zəmin yarada bilər”.

Xatırladaq ki, “İslahat” deputat qrupunda Vətəndaş Həmrəyliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş və Ədalət Partiyaları təmsil olunur.

Fatimə Kərimli