Belçikalı deputatlar cəbhə bölgəsində - Fotolar

belcikali-deputatlar-cebhe-bolgesinde-fotolar-
Oxunma sayı: 687

“Qafqazinfo”nun məlumatına görə, onlar Ağdam rayonunun işğal altında olmayan hissəsində bir sıra görüşlər keçiriblər və Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparıblar. Onlar əvvəlcə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqovla görüşüblər. İcra başçısı ermənilərin işğalçılıq siyasətindən danışaraq bildirib ki, ermənilər Ağdam rayonunun 77 faizini işğal ediblər. İşğal nəticəsində rayonun 180 min əhalisinin 141 mini məcburi köçkün düşüb. Onun sözlərinə görə, Dövlət proqramı çərçivəsində rayonun işğal olunmayan ərazilərində yeni qəsəbələr salınaraq 90 minə yaxın insan məskunlaşdırılıb.

İcra başçısı Nizami Sadıqov və nümayəndə heyətini müşayiət edən Azərbaycan-Belçika Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva Belçikalı millət vəkillərinə Dağlıq Qarabağ münaqişəsinin tarixi, hazırkı vəziyyət ilə bağlı ətraflı məlumatlar veriblər. Daha sonra Belçikalı millət vəkilləri Ağdam rayon ictimaiyyəti görüşüb, məcburi köçkünlər üçün yeni salınmış qəsəbəyə baş çəkiblər, məcburi köçkünlərlə görüşərək onlarla söhbət ediblər və yaşayış şəraitləri ilə maraqlanıblar. Məcburi köçkünlər nümayəndə heyətinin üzvləri ilə söhbətində deyiblər ki, onlar üçün ən ağrılı məsələ Ermənistanın 20 ilə yaxındır ki onların öz evlərinə dönə bilməsinə imkan verməməsidir.

Bundan başqa nümayəndə heyəti Ağdam rayonunda məcburi köçkünlər üçün yeni tikilmiş məktəbə baş çəkib, məktəbin müəllim və şagirdləri ilə görüşüblər. Onlar rayonda yeni təmir edilmiş Mədəniyyət Mərkəzinə də baş çəkiblər.