Eldar İbrahimov gürcü nazirin cavabını verib

eldar-ibrahimov-gurcu-nazirin-cavabini-verib
Oxunma sayı: 673

Azərbaycan parlament nümayəndə heyəti mayın 12-dən 14-dək Gürcüstanın Batumi şəhərində “ATƏT regionunda davamlı iqtisadi əməkdaşlığın və sabitliyin möhkəmləndirilməsi” mövzusunda keçirilmiş konfransda iştirak edib. Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov da nümayəndə heyətinin tərkibində olub. E.İbrahimov konfransla bağlı “Qafqazinfo”nun suallarını cavablandırıb:

- Batumidə keçirilən konfransda hansı maraqlı məqamlar yaşanıb?

- Mayın 13-də Gürcüstanın Energetika və təbii sərvətlər naziri Aleksandr Xetaquriya və İstanbulun Fatih Universitetinin İqtisadiyyat kafedrasının müdiri professor Murat Karagöz təqdimatlarla çıxış ediblər. İstər Aleksandr Xetaquriyanın, istərsə də Gürcüstanın Baş nazirinin müavini Qeorqi Baramidzenin çıxışlarından belə çıxdı ki, guya bütün neft, qaz Gürcüstandadır. Bunlar Azərbaycana, Türkiyəyə, tranzit ölkə kimi nəql edirlər. Yəni nə varsa hər şey Gürcüstandadır. Qazı da, nefti də Azərbaycana, Türkiyəyə bunlar paylayır, oradan da Avropaya çıxırlar. Düzü, mən elə bir insanların çıxışına təəssüf etdim. Təbii ki, mən iqtisadiyyat komitəsinin üzvü kimi çıxış etdim. Orada “Əsrin müqaviləsi” üzrə neft-qaz siyasətindən, əlaqələrimizdən danışdım. Xüsusilə qeyd etdim ki, son vaxtlarda Azərbaycan Gürcüstana 3 milyard dollara yaxın investisiya qoyub. Bakı-Tiflis-Qars dəmir yoluna isə ən aşağı faizlə, 775 milyon dollar kredit veribdi. Çıxışımda onu da qeyd etdim ki, biz təbii ehtiyatlara malik olan ölkəyik, bərpa olunan enerji mənbəyi vasitəsilə enerji istehsalına böyük önəm veririk. Alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üçün respublikamızda hər cür şərait mövcuddur. Bu gün artıq bir neçə külək generatoru quraşdırılıb, günəş enerjisi panelləri istehsal edən zavodun inşası başa çatır. Bütün bunları deməklə bildirmək istədim ki, baxmayaraq ki, Gürcüstanın nazirləri bu cür danışırlar, bütün dünya bilir ki, Gürcüstanın nə neft var, nə də qazı. Hətta Türkmənistan nefti də Bakı-Tiflis-Ceyhan boru kəməri ilə nəql olunur və biz Avropa ölkələrinə çıxırıq. Böyük hörmətlə çıxış etdim və orada əyləşən 56 ölkə deputatı da çıxışımı rəğbətlə qarşıladı. Bu fikirləri deməklə bir daha sübut etdim ki, bütün bunlar Azərbaycanın əməyidir.

- Konfransa başqa hansı mövzulara toxundunuz?

- “Ermənistandakı Metsamor atom elektrik stansiyasının böyük fəlakətə səbəb ola biləcəyini vurğuladım. Stansiyanın regionda yaratdığı təhlükə haqqında Seulda keçirilmiş sammitdə və BMT TŞ-da səslənmiş fikirləri nəzərə çatdırdım. Gələcəkdə bu cür stansiyanın bağlanması ilə əlaqədar ATƏT PA-nın yaz sessiyasında bu məsələnin gündəliyə çıxarılmasını vacib saydım. İstər Gürcüstana qoyulan sərmayə, istərsə də Metsamor stansiyası ilə bağlı fikirlərim konfrans iştirakçıları tərəfindən alqışlarla qarşılandı. ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndə heyətinin Cənubi Qafqaza səfərinə gəlincə, mənə bildirdilər ki, hazırda Ermənistanda keçirilən parlament seçkilərinə görə, səfər ləngiyir.