“Belə məsələləri futbolçulara demirik” - Vitse-prezident

bele-meseleleri-futbolculara-demirik
Oxunma sayı: 1536

“Oyun haqda nəsə danışmağa ehtiyac yoxdur. Çünki hamı bilirdi ki, maraqlı və gərgin matç olacaq. Məğlub olsaydıq, demək olar ki, çempionluqdan xeyli uzaqlaşmış olurduq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov “Qarabağ”a 1-0 qalib gəldikləri matçdan sonra sualları cavablandırıb.

O, komandanın oyuna çox ciddi hazırlaşdığını dilə gətirib: “Oyuna çox ciddi hazırlaşmışdıq. Mənə elə gəlir ki, motivasiyamız da çox yüksək idi. Qələbə qazanacağımızı gözləyirdim”.

- Fövqəladə hallar naziri, klubun sahibi Kəmaləddin Heydərov oyunu izləyənlər arasında idi. Bu amil futbolçulara əlavə motivasiya vermişdi?

- Yox, futbolçuların bundan xəbəri yox idi. Ümumiyyətlə, belə məsələləri futbolçulara demirik. Çünki bunlar oyunçulara əks təsir edə bilər.

- Nazir oyunla bağlı nə dedi?

- Komandanı təbrik etdi.

- “Qəbələ” bundan öncə yaşı oynayıb xal itirirdi. Hazırda isə komanda əks hücumlara üstünlük verir. Oyunçuların bundan sonra da belə oynayacağını düşünmək olar?

- “Sumqayıt”la oyunu bəyənməmişdim. Amma o oyunda qələbə bizim üçün çox vacib idi. Futbolçular və baş məşqçi ilə “Sumqayıt”la oyun barədə danışdım, onlar belə taktikaya üstünlük verdiklərini bildirdilər. Lakin bu gün oyunumuzdan razı qaldım. Birinci hissədə yaxşı mübarizə getdi, ikinci hissədə isə hesabı qorumağa çalışdıq.

- Bu qələbənin digərləri ilə müqayisədə fərqi yəqin ki, çoxdu. Bu, komandaya nə dərəcədə təsir göstərəcək?

- Çox güman ki, müsbət təsir göstərəcək. Biz əksər hallarda “Qarabağ”a yox, çox təəssüf ki, zəif komandalara məğlub oluruq. Bu barədə futbolçularla və məşqçilərlə çox söhbətimiz olub. İnanıram ki, bundan sonra daha yaxşı oynayacağıq.