“Belə şəxslər orduya iftira atır” - General

bele-sexsler-orduya-iftira-atir
Oxunma sayı: 4046

“Artıq Silahlı Qüvvələrimizin şəxsi heyətinin 70 faizi peşəkar hərbi qulluqçularla komplektləşdirilib. Həmçinin Müdafiə nazirinin əmri ilə təkcə son üç ildə əsas döyüş təminatını müəyyən edən vəzifələrə 20 min nəfərədək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qəbul edilib”.

“Qafqazinfo” xəbər verir ki, bunu ordu.az saytına müsahibəsində Azərbaycanın Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev deyib. K. Vəliyev bildirib ki, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları olmaq istəyən şəxslərin hərbi xidmətə qəbulu prosesi mərkəzləşdirilmiş qaydada və tam şəffaf şəkildə aparılır. Qəbul vaxtı əsas diqqət namizədlərin sağlamlığı, fiziki və peşə hazırlığı, ümumi bilik səviyyəsi, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinə yetirilir.

“Silahlı Qüvvələrin savadlı, mənəviyyatca dayanıqlı və fiziki cəhətdən inkişaf etmiş gənc zabitlərlə komplektləşdirilməsi məsələsi komandanlığın daim diqqət mərkəzindədir və bu baxımdan tələblərə cavab verməyənlər hərbi xidmətdən dərhal kənarlaşdırılır. Bəzən məhz belə şəxslər ordumuz barəsində əsassız iradlar və həqiqətə uyğun olmayan subyektiv mülahizələr irəli sürməyə çalışırlar. Xoşbəxtlikdən belələrinin sayı çox azdır. Onlar ictimai fikrə təsir etmək imkanından belə tam məhrumdurlar. Təəssüflər olsun ki, ordumuza düşmən olanlar və onların tərəfdarları məhz belələrini öz təbliğatlarında bizə qarşı istifadə etməyə çalışırlar. Amma həmişə olduğu kimi müdrik xalqımız belə iftiralara məhəl qoymur”.