“Belə sualı gözləməzdim” - Qurban Qurbanov

bele-suali-gozlemezdim
Oxunma sayı: 3821

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Sportinq”ə (Portuqaliya) səfərdə 0:2 hesabıyla uduzduqları qarşılaşmadan sonra mətbuat konfransı keçirib.

“Qafqazinfo” Sport24.az-a istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis əvvəlcə matç haqda danışıb:

“Öncə rəqibi qələbə münasibətilə təbrik edirəm. Bilirdik ki, çətin olacaq. Ancaq futbolçularımız pis təsir bağışlamadı. Oyunun təşkilində hər şey düşündüyümüz kimi alındı. Sadəcə, birinci qolda əks-hücumlardan istifadə etdilər, ikinci isə kobud səhvimizdən oldu. Futbolçulardan razı qaldım. Düşünürəm ki, qarşıdakı görüşlərdə daha yaxşı oynayacağıq”.

- Bu oyundan sonra əmin oldunuz ki, qrupda çıxmağa əsas namizədlər “Arsenal”la “Sportinq”di?

- Əvvəlcədən də belə düşünürdük. Ancaq “Vorskla”nı da yaddan çıxarmaq olmaz. Onlar da 2-ci yer üçün mübarizə aparacaqlar. Təcrübəyə baxanda, görünən odu ki, “Arsenal”la “Sportinq”lə ilk yerə əsas namizəddi. Ancaq mübarizəmizi sonadək aparacağıq.

- Azərbaycanlı futbolçulardan çəkdiyimiz nədi? Neçə illərdi qrupda oynayırlar...

- Komandada heç kimə ayrıseçkilik etmirəm. Hamısı bizim üçün oynayırlar. Heç kəsə ayrılıqda etirazım, narazılığımı bildirmək istəmirəm. Ola bilər ki, belə oyunlarda həmin gənclərin təcrübələri çatmır. Hər birindən razıyam və bu futbolçularla “Qarabağ” bu səviyyəyə çatıb. Komandamızın uğurunda hər birinin payı var.

- Məğlubiyyətin əsas səbəbini nədə görürsüz?

- Oyunun gedişatı haqda məlumat verdim. Səfərdə, “Sportinq”ə qarşı oynayırdıq. Bəlkə 3-cü qol da ola bilərdi, çünki daha çox irəli atılmaq istəyirdik.

- Komanda qollar buraxandan çox zəif təsir bağışladı. Bu, hazırsızlıqla bağlıdı, yoxsa “Sportinq”in sürətli oyununa tab gətirə bilmədik?

- Belə sualı gözləməzdim. Bu oyuna yaxşı hazırlaşmışdıq. Futbolda sadəcə, texniki səhvlərdən qollar vurulur. Ümumi taktika baxımdan futbolçular tam hazır idilər. Mənim də oyuna müdaxiləm, hər şey qaydasında idi. Sadəcə, Maksimin zədələnməsi hücum xəttində güclənməyimizin qarşısını aldı. Hər şey düşündüyüz kimi deyil.

- Maksimin vəziyyəti nə yerdədi?

- Bu gün cavab verə bilməyəcəm. Dizində problem var. Ümid edək ki, ciddi problem olmayacaq. Sabah Bakıda müayinə ediləndən sonra bəlli olacaq.

- Emeqara əlinə düşən yüzfaizli qol şanslarından yararlana bilsəydi, hər şey fərqli ola bilərdi?

- Fərq yüz faiz olacaqdı, çünki hesab dəyişiləcəkdi. Emeqara ikinci hissədə də qol şansından istifadə edə bilmədi. Hər qol komandaya özünəinam verir. Ancaq bunu edə bilmədik. Emeqara bu gün çox çalışdı. Oyunundan razı qaldım.

- Futbolçular psixoloji cəhətdən sanki hazır deyildi. Xüsusilə də buraxdıqları ilk qoldan sonra...

- Əfsuslar olsun ki, uduzanda suallar çox olur, problemlər üzə çıxır. Bir şeyi düşünək ki, “Sportinq”ə qarşı oynayırdıq və evdə hesabda üstünlük qazanan komanda daha rahat oynayır. Bəzən futbolda elə komponentlər olur ki, hər şeyi 10-15 dəqiqəyə dəyişmək çətindi. Futbolçuları başa düşmək lazımdı. Ola bilər ki, heç nədən qol buraxmağımız onlara psixoloji cəhətdən təsir etdi. Bu, qrupda ilk mövsümümüz deyil və belə şeylərə hazır olmaq lazımdır. “Arsenal”la Bakıda bizi çətin sınaq gözləyir və bu matça yaxşı hazırlaşmalıyıq.