“Belə tələblərin qanunvericiliklə əlaqəsi yoxdur”

bele-teleblerin-qanunvericilikle-elaqesi-yoxdur
Oxunma sayı: 634


- Son vaxtlar müvafiq dövlət qurumları tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi tədbirləri gücləndirilib. Əmək müqaviləsinin olmaması gələcəkdə vətəndaşların pensiya təminatına hansı təsir göstərə bilər?

- "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır. Bu isə pensiya məbləğinin sosial sığorta haqlarının vaxtında ödənilməsindən birbaşa asılı edır. Bununla bağlı işləyənlər işəğötürənlərlə əmək müqavilələrinin bağlanılmasında və sosial sığorta haqlarının ödənilməsində son dərəcə diqqətli olmalıdırlar. Onlar gələcəkdə normal pensiya məbləği əldə etmək üçün pensiya sisteminə daha çox sosial sığorta haqqı ödənilməsinə çalışmalıdırlar. Ödənilmiş sosial sığorta haqlarının fərdi uçotunun aparılması məqsədilə, Dövlət Sosial Müdafiə Fondu hər bir sığortaolunanı fərdi uçot sistemində uçota alaraq, onun üçün unikal sosial sığorta nömrəsi olan fərdi şəxsi hesab açır. Həmin hesabda sığortaolunanların gələcək pensiya təyinatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm məlumatlar toplanır. Bu zaman sığortaolunanın DSMF-də uçota alındığını və onun üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən hüquqi sənəd - sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilir.

- Əmək müqaviləsi bağlanarkən dövlət sosial sığorta şəhadətnaməsi təqdim olunmalıdırmı?

- Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 48-ci maddəsinə əsasən işəgötürənlə işçi arasında "Əmək müqaviləsi" tərtib olunarkən işçi dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim etməlidir. Bu o deməkdir ki, işləyən vətəndaşlar iş yerində əmək müqavilələrinin bağlanması zamanı işəgötürən tərəfindən dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsinin dəqiq göstərilməsinə çalışmalıdırlar. Çünki ödənilən sosial sığorta haqları həmin nömrə üzrə açılmış hesabda uçota alınır. Şəxsi fərdi hesablarda toplanmış məbləğ daim inflyasiya göstəricilərinə uyğun indeksləşdirilir, gələcəkdə daha böyük məbləğ şəklində həmin insanların pensiya təminatında rol oynayır.

- Vətəndaşlardan bizə daxil olan müraciətlərə əsasən, son vaxtlar bir sıra orqanlar onlara müxtəlif məsələlərlə bağlı müraciət etdikdə sosial sığorta şəhadətnaməsini tələb edirlər. Bu nə dərəcədə düzgündür?

- Bu məsələ ilə bağlı ancaq onu deyə bilərik ki, dövlət sosial sığorta şəhadətnaməsi və ümumiyyətlə sığortaolunanların fərdi uçotu məlumatları yalnız sığorta-pensiya münasibətlərində rol oynaya bilər. Başqa məqsədlər üçün vətəndaşlara hər hansı tələbin irəli sürülməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Son dövrlər Fonda da belə müraciətlər daxil olur ki, müxtəlif qurumlar, məsələn, yerli icra nümayəndəlikləri və s. vətəndaşlara arayış verilməsi və ya digər hüquqların reallaşdırılması prosesində sosial sığorta şəhadətnaməsi, sosial sığorta ödəməsi tələbi irəli sürürlər ki, bu da haqlı olaraq narazılığa səbəb olur. Ümumiyyətlə, vətəndaşların sosial sığortalanmaya cəlb edilməsi yalnız sosial sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş prosedurlarla aparıla bilər. Belə tələblərin isə qanunvericiliklə əlaqəsi yoxdur.