“Elə təpik vururlar ki, yıxılırsan” – Müsahibə

ele-tepik-vururlar-ki-yixilirsan-musahibe-
Oxunma sayı: 811

Qısa tanışlıq: Mütəllim Dəmirov 1970-ci ildə Bakıda anadan olub. 2006-cı ildə Azərbaycan Dövlət Milli Konservatoriyasının solo oxuma fakültəsinin xanəndəlik sinfini bitirib. 1996-cı ildən Akademik Dövlət Opera və Balet Teatrının solistidir. 1995-ci ildə Məhəmməd Füzulinin 500 illiyi ilə əlaqədar keçirilmiş Xanəndələrin Respublika Müsabiqəsində ikinci dərəcəli diploma layiq görülüb.

Bu gün haqqında söhbət açacağımız xanəndənin maraqlı sənət tarixçəsi var. Xanəndə Mütəllim Dəmirovu geniş tamaşaçı kütləsi tanımasa da, onun adı muğam xiridarlarına yaxşı məlumdur. Bu sətirlərin müəllifi böyük-böyük sənətkarların dilindən onun barəsində "əşi, kişinin brilyant kimi səsi var" demələrinin dəfələrlə şahidi olub.

Xanəndələrin təbirincə desək, o, "əjdaha" kimi oxusa da, xasiyyətcə çox mülayim, sakit təbiətlidir. Onu kimsə danışdırmasa, bəlkə də özü heç ağzını açmaz. Bəlkə də, geniş tamaşaçı kütləsi tərəfindən tanınmamasında, efirdə görünməməsində bu xasiyyəti günahkardır Mütəllim Dəmirovun. 1995-ci ildə Azərbaycanda keçirilən ilk respublika muğam müsabiqəsinin qalibi olsa da, səbəbsiz yerə birinciliyə ona verməkdən imtina etmişdilər. Xanəndə bunu sakitcə qarşılamışdı. Vaxtilə onunla birlikdə Opera və Balet Teatrına qəbul edilənlər artıq çoxdan "əməkdar" və "xalq artisti" fəxri adlarına layiq görülüblər. Onun adının qarşısındasa hələlik heç bir fəxri ad yoxdur...


- İstərdim söhbətimizə 15 il əvvəlin hadisəsindən - Füzulinin 500 illiyi ilə əlaqədar keçirilmiş Xanəndələrin Respublika Müsabiqəsində ikinci dərəcəli diploma layiq görülməyinizdən başlayaq. Həmin müsabiqədə 1-ci yer heç kəsə verilmədi. Belə çıxır ki, müsabiqənin qalibi siz olmusunuz...

- Bəli, onda birinci yeri heç kimə vermədilər. Əslində birinci yer mənə verilməli idi. Müəyyən səbəblərə görə, mən ikinci yerə layiq görüldüm...

- Hansı səbəblər?

- Orada bəzi yerlibazlıq söhbətləri oldu. Haradasa 110-120 gənc xanəndənin arasında sonuncu tura Zabit Nəbizadə, mən, Sevinc Sarıyeva, Arif Babayevin bir tələbəsi və daha bir nəfər də Ağcabədindən qatılan oğlan qaldı. Adını çəkməyəcəyəm, münsiflər heyətində əyləşən adlı-sanlı xanəndələrimizdən biri dedi ki, buna birinci yeri vermək olmaz, qoca kişilər kimi oxuyur. Amma rəhmətlik Nəriman Əliyev, Tükəzban İsmayılova və rəhmətlik qəzəlxanımız Hacı Mayıl təkid edirdilər ki, birinci yer mənə verilsin.

- 15-16 il əvvəl belə bir böyük uğura imza atan Mütəllim Dəmirovun ifasını bu gün tamaşaçı niyə az-az eşidir?

- Yəqin ki, telekanallar bizləri məsləhət bilmirlər.

- Bu, sizdə sənətə qarşı küskünlük yaratmır ki?

- Xeyr, yəqin ki, bizim də qiymətləndiriləcəyimiz zaman yetişəcək. Hər kəs öz taleyinə yazılanları yaşayır.

- Bir ara Opera və Balet Teatrından da uzaqlaşdınız. Bu nə ilə bağlı idi?

- Uzaqlaşmamışdım, sadəcə, pessimizmə qapılmışdım. Elə bilirdim ki, artıq oxuya bilmirəm. Və oxuya bilmədiyim üçün də məni efirə dəvət etmirlər. Bilirsinizmi, sənətçinin gündəmdə qalması üçün ən vacib şərtlərdən biri müntəzəm efirə çıxmaqdır. Müntəzəm efirə çıxan xanəndə necə oxumağından asılı olmayaraq həmişə xalq tərəfindən qəbul olunacaq. Hər halda, efirdə olmaya-olmaya insanlar tərəfindən qəbul olunuramsa, buna da min şükür. Digər tərəfdən hamıya məlumdur ki, özəl telekanallarda efirə çıxmağın öz qiyməti var. Yəqin oxuya bilmirəm ki, başqalarından geridə qalmışam...

- Hansı mənada geridə qalmısınız?

- Hər mənada... Tanınmaq, gündəmdə olmaq lazımdır. Bir addım irəli gedən kimi elə təpik vururlar ki, yıxılırsan.

- Amma addımı da elə atmaq lazımdır ki, başqaları sizi təpikləməsinlər...

- Azərbaycan reallığında bu mümkün deyil.

- Bəlkə tanınmağı bacaran gənclərdən bunun yolunu öyrənəsiniz.

- Bilirsinizmi, bu gün gənc xanəndənin tanınması üçün hər cürə şərait yaradılıb. Allah bizim birinci xanımımız, millət vəkili, İSESCO və UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın canını sağ eləsin! Muğamı elə yüksək səviyyələrə qaldırdı ki, artıq bütün dünya bizim musiqidən danışır. Bizim vaxtımızda belə gözəl şərait yox idi. Sənətimizə arxalanıb gözləmə mövqeyi tutduq, başqaları bir qəpiyə dəyməyən sənətləri ilə yerimizə doluşdular. Əslində muğam həmişə olub. Sadəcə, müəyyən zaman çərçivəsində elə bir dövran yaşadıq ki, nəinki milli-mənəvi dəyərlərimiz, incəsənət, bütün cəmiyyət başdan-başa xaosda çabalayırdı. Bu bataqlıqdan çıxmaq çox uzun çəkdi. Sənətkarlar oldu ki, bu çətin dövrdə dözə bilmədilər. Xanəndələr vardı ki, bu dərdə dözə bilməyib dünyasını dəyişdi. Bəziləri estradaya keçdi, bəziləri ümumiyyətlə oxumağın daşını atdı. Bəziləri başqa ölkəyə getdi. Amma təvazökarlıqdan uzaq olsa da, deməliyəm, mənim kimi biri-iki nəfər tapıldı ki, muğamın tamam yaddan çıxmaması üçün qavalı, tarı, kamançanı atmadılar. Mən o insanların qarşısında baş əyirəm. Bir zamanlar muğam oxuyana birtəhər baxırdılar. Məhz Mehriban xanımın böyük əməyinin nəticəsidir ki, Azərbaycanın milli musiqisi bu gün böyük-böyük nüfuzlu təşkilatlarda səslənir. Dünyanın ən məşhur konsert salonlarında insanlar muğamımızı saatlarca dinləyib ayaqüstə alqışlayırlar. Bəlkə də muğamın içində olduğumuz üçün bu işlər bizlərə adi görünə bilər, amma diqqətlə analiz edəndə görürük ki, həqiqətən böyük işlər görülüb. Artıq Azərbaycanın ən ucqar kəndində yaşayan xanəndə rahatlıqla gəlib, öz istedadını göstərmək imkanı əldə edib. Bəzən deyirlər ki, muğamın yenidən dirçəlməsi üçün atılan addımlar gecikib. Mən bununla razı deyiləm. Lap vaxtında atılan addımdır.

- Vaxtilə muğamdan estradaya keçənlər də yenidən muğam oxumağa başlayıblar...

- Başlayıblar deyəndə ki, oxumaq istəyirlər, amma alınmayacaq. Onların qatarı artıq gedib. Çünki xanəndə muğam oxuya-oxuya püxtələşir.

- Siz Alim Qasımov kimi dünya şöhrətli bir xanəndənin tələbəsisiniz. Onun adı bəsdir ki, tələbələrinin qarşısında bağlı qapılar açılsın...

- Mən bu fikirlə razı deyiləm. Alim Qasımov böyük sənətkardır. O boyda sənətkarı durub nə üçün adi məişət məsələləri ilə məşğul etməliyəm ki?

- Bəlkə özünüzdə bir tənbəllik var?

- Xeyr, tənbəllik məsələsi deyil. Sadəcə, müəyyən söz-söhbətlər oldu, efirdən mənim adıma ləkə yaxdılar. Dedilər ki, Mütəllim filan-filan söhbətləri edib. Əslində elə bir şey yox idi. Məni hamı tanıyır ki, kimə sözüm olsa, onun özünə deməyi xoşlayan adamam.

- Opera və Balet Teatrında sizdən sonra gələnlər xalq artisti fəxri adına layiq görülüblər. Siz niyə yada düşmürsünüz?

- Mən buna heç vaxt fikir vermirəm. Lakin kim ki, fəxri ad alırsa, halal xoşu olsun.

- Ümumiyyətlə, xanəndəliyə sizi nə gətirib: oxumaq həvəsi, Alim Qasımovla qohumluq əlaqələri, yoxsa başqa səbəblər var? Çünki siz tərəflərdə, yəni Şirvanda valideynlər rahatlıqla övladlarına xanəndə olmağa icazə vermirlər. Müğənniliyə meyl edənin səsi, istedadı elə yüksək səviyyədə olmalıdır ki, atalar övladlarına oxumağa icazə versinlər.

- Bizim nəsildə hamının səsi olub. Babam, atam peşəkar xanəndə olmasalar da oxumaqları ilə el arasında seçiliblər. Bəli, bizim tərəfdə oxumaq üçün atadan icazə almaq çox çətindir. Lakin mənim atam bu arzuma qarşı çıxmayıb, əksinə kömək olub. Çünki özü də gənc yaşlarında xanəndə olmaq istəyib, hətta Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olub. Rəhmətlik Nəriman Əliyevin sinfində 2 il oxuyandan sonra nədənsə sənəti atıb. Mən özüm isə əvvəlcə nağaraya maraq göstərmişəm. 5-ci sinifdə oxuyanda atam gördü ki, səsim var, özü mənə muğamları öyrətməyə başladı. 6-cı sinifdə oxuyurdum, atamla Alim Qasımovun əmisi oğlunun toyuna getmişdik. Həmin toyda məni Alimə tanıtdılar və oxumağımı istədi. Səsimə dinləyib, bəyəndi. Atam ondan xahiş etdi ki, mənə də muğam öyrətsin. Onda da Alim Qasımovun çox dəbdə olan vaxtları idi. Mənimlə məşğul olmağa vaxtı haradan idi? Ona görə də mənə çoxlu lent yazılarını verdi. O lent yazılarına qulaq asa-asa muğamı öyrəndim. Artıq 30 ilə yaxındır ki, Alim Qasımovla dostluğumuz davam edir.

1988-ci ildə Asəf Zeynallı adına Musiqi Kollecinə sənəd versəm də, imtahandan keçmədim. Əsgərliyə gedib qayıdandan sonra sənədlərimi 1991-ci ildən başlayaraq hər il Asəf Zeynallı adına Musiqi Kollecinə verirdim. Amma hər il imtahandan kəsilirdim. Çünki pul istəyirdilər. Hətta 1995-ci ildə Respublika Muğam Müsabiqəsində 2-ci yerə layiq görülməyimə baxmayaraq yenə də məni oraya qəbul etmədilər. Axırda Alim müəllimin köməkliyi ilə mən bu sənət məbədinə daxil ola bildim.

- Bir zamanlar Alim Qasımova da qarşı təzyiqlər vardı, amma o bütün bunların öhdəsindən təkbaşına gəlib dünya muğamının Alimi olmağı bacardı...

- Qardaş, heç kəs təkbaşına irəli gedə bilmir. Adamın möhkəm arxa-dayağı olmasa, lap göydə uçmağı bacarsa da, irəli gedə bilməz...

- Bu gün gəncləri ustad xanəndələri təqlid etməklə qınayırlar. Xüsusən də bu hal Şirvan bölgəsindən olan gənclərdə daha çox özünü büruzə verir. Bacardı-bacarmadı, çalışır ki, Alim Qasımov kimi oxusun. Bu bir prestijdir, yoxsa bəhsə-bəhsdir?

- Bilirsinizmi, məncə, gənclərin ustad saydığı sənətkar kimi oxumaq həvəsi başa düşüləndir. Yeri gəlsə, Alim Qasımovun özü də etiraf edir ki, vaxtilə Hacıbaba Hüseynovun bəmdə oxuduqlarını indi zildə oxuyur. Burada qəribə heç nə yoxdur. Bu sənətin qayda-qanunu belədir, gənclər ustadını təkrarlaya-təkrarlaya yetişir, püxtələşir, öz yolunu tapır. Mənə də "bala Alim" deyirdilər. İndi nəinki şirvanlılar, bütün bölgələrin gəncləri Alim Qasımov kimi oxumağa çalışırlar. Çünki onun oxuduğu bəşəri muğamdır. Alim elə bir yüksəklikdə dayanan sənətkardır ki, ona çatmaq üçün irəliyə atılmaq arzusuna düşməyin özü bir qəhrəmanlıqdır. Bu gün Alim Qasımovu nəinki gənclər, öz tay-tuşu olan xanəndələr belə özünə ustad hesab edir. Bir məqamı da vurğulamaq istəyirəm. Alim Qasımov öz yolunu uzun illərin əziyyətindən, gərgin məşqlərindən sonra əldə edib. Mən özüm onun necə məşq etməsininin şahidi olmuşam. Amma gənclərimiz onun yolu ilə oxumaqla sanki özlərinə əziyyət verməyib, hazıra nazir olmaq istəklərini büruzə verirlər. Əslində həmişə belə olur. Ustadı kimi oxuyan xanəndə mütləq öz ifa tərzini sonradan müəyyənləşdirir. Burada qorxulu və qəbahət bir şey yoxdur.

- Deyirsiniz ki, nəsillikcə sizdə hamı oxumağı bacarıb. Övladlarınız sizin sənətə maraq göstərirmi?

- Yox, mən düşündüyüm səs övladlarımda yoxdur. Amma onlar hələ çox balacadırlar. İnşallah səslərinin olub-olmayacağını gələcək göstərəcək. Amma bir ata kimi övladlarımın sənətkar olmasını istəmirəm. Bu sənət çox ağır sənətdir. Burada baş çıxarmaq üçün muğamın xəstəsi olmaq lazımdır. Mən də övladlarımın heç vaxt xəstə olmasını istəmirəm.

Ekspress qəzeti