“Bələdiyyələr elə etməlidirlər ki, vətəndaşlar arasında nüfuzu artsın” - Sektor müdiri

belediyyeler-ele-etmelidirler-ki-vetendaslar-arasinda-nufuzu-artsin
Oxunma sayı: 3408

"Azərbaycanda yerli özünüidarəetmənin inkişafı sahəsində atılan addımlar dövlət başçısı İlham Əliyevin demokratik təsisatların genişləndirilməsi istiqamətində uğurla apardığı siyasətin məntiqi nəticəsidir".

"Qafqazinfo" Belediyye.info-ya istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri üzrə şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov “Bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin edilməsi: mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda konfransda çıxışında bildirib.

Sektor müdiri deyib: “Hesab edirik ki, bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin edilməsində qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və onların icrası prosesində mövcud vəziyyətin belə bir geniş tərkibdə müzakirəsinə və perspektivlərin müəyyənləşdirilməsinə zərurət vardır.

Azərbaycanda bələdiyyələrin fəaliyyəti zamanı yaranan problemlərin həlli və gələcək inkişafı üçün lazımi tədbirlərin görülməsi aidiyyətı dövlət orqanlarının daim diqqət mərkəzindədir. Bu konfransda da bələdiyyələrin fəaliyyətində qanunvericiliyin tətbiqi zamanı aşkarlanan nöqsanların, onların aradan qaldırılması yollarının və digər həlli vacib məsələlərin müzakirəsi nəzərdə tutulub”.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”dan irəli gələn bir sıra məsələlərin həllində bələdiyyələrə də bəzi vəzifələr tövsiyə edilib. Bunlar yerli vergilərin Mərkəzi Bankın Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) və elektron terminallar vasitəsilə həyata keçirilməsinin təmin edilməsi, bələdiyyə qulluğuna qəbul qaydalarının təkmilləşdirilməsi, mərkəzləşdirilmiş vahid elektron resursun yaradılması üzrə tədbirlərin görülməsi, bələdiyyə qulluqçularının etik davranış qaydalarının hazırlanması, hüquqi maarifləndirmənin aparılması və bu barədə ictimaiyyətin məlumatlandırılması və digər məsələlərdir.

Bələdiyyələr tərəfindən yerli əhəmiyyətli məsələlərin tam həllinə nail olunması, vətəndaşların sosial sifarişlərinin yerinə yetirilməsi, sosial yönümlü iri layihələrin həyata keçirilməsi üçün onlar zəruri maliyyə resurslarına malik olmalıdırlar. Reallıqda isə əksər bələdiyyələrin mövcud büdcələri nəinki layihələrin həyata keçirilməsinə, hətta cari fəaliyyətinin təşkilinə belə çatmır. Bunun əsas səbəbi isə bələdiyyələrin əsas gəlir mənbəyi olan yerli vergi və ödənişlərin yığılması səviyyəsinin aşağı olmasıdır.

Bələdiyyələrin maliyyə potensialının gücləndirilməsi, yerli (bələdiyyə) vergi və ödənişlərin yığılması işinin səmərəli təşkili məqsədilə 2016-cı ilin əvvəlindən başlayaraq, yerli vergi və ödənişlərin toplanması, tədiyyəçilərlə münasibətlərin düzgün qurulması, gəlir və xərclər sahəsində şəffaflığın təmin olunması üçün Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramı hazırlanıb və ötən ilin oktyabr ayından respublikanın bütün bələdiyyələrində uğurla tətbiq edilməyə başlanılıb. Bununla bağlı Milli Assosiasiyaların əməkdaşları regional zona seminarları keçirib və həmin tədbirlər mütəmadi olaraq davam etdirilir.

Prezident Administrasiyasının rəsmisinin dediyinə görə, “BAMS vasitəsi ilə aparılan 9 ayın təhlilləri göstərir ki, bəzi bələdiyyələr ötən illərdə olduğu kimi vergi və ödənişlərin yığılması işini nəinki təkmilləşdirə bilmir, əksinə əvvəlki illərdə olan sistemsizliyi və bir çox hallarda qanuna zidd olaraq bilərəkdən vergi obyektlərinin uçotdan yayındırma hallarını davam etdirir. İstər statistik, istərsə də Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemindəki məlumatlardan aydın olur ki, vergilərin hesablanmasında yeni qanunvericiliyin tətbiqindən sonra bir çox bələdiyyələrin yerli büdcəsində əsaslı artım baş verib. Əldə olunan artım yeni qaydaların tətbiqi ilə yanaşı, həmçinin vergi və ödəniş obyektlərinin qeydə alınması və yığım prosesinin düzgün təşkili sahəsində mümkün olub.

Bildirilib ki, bələdiyyə sədrləri əhali arasında vergilərin ödənilməsi ilə bağlı geniş maarifləndirmə və təbliğat işi aparmalı, seçiciləri qarşısında hesabat yığıncaqlarını daim keçirməli, vergilərdən əldə olunacaq gəlirlərin həmin vergiləri ödəyən şəxsləri narahat edən yerli problemlərin həllinə yönəldiləcəyini bildirməlidirlər. Bələdiyyələrimiz fəaliyyətlərini elə təşkil etməlidirlər ki, güclü büdcələri olmaqla yanaşı, vətəndaşlar arasında nüfuzu və hörməti də artsın.

Bir sözlə, sakinlər ilə təmas qurmadan, onlara vergi ödəmək mədəniyyəti aşılamadan, bələdiyyənin fəaliyyətini təbliğ etmədən vergiləri tam həcmdə yığmaq mümkün olmayacaq. Daha sonra  2016-cı və 2017-ci  9 ay üzrə bələdiyyə büdcələrinə yerli vergi və ödənişlərdən daxil olmuş vəsaitlər barədə müqayisəli məlumat verilib.

Bələdiyyələri fəaliyyətlətinin təbliğində  passivlikdə qınayan sektor müdiri bələdiyyə sədrlərini həyata keçridikləri hər layihə barəsində məlumatları ictimailəşdirməyi tövsiyə edib: “Hər bir fəaliyyətiniz barədə ictimaiyyəti məlumatlandırmaq həm də şəffaflığın təminatı deməkdir.”