“Beləsinə deyəcəklər ki, yaxşı qıza söz atmazlar”

“Beləsinə deyəcəklər ki, yaxşı qıza söz atmazlar”
Oxunma sayı: 3028


“Qafqazinfo” psixoloq Dəyanət Rzayevin müsahibəsini təqdim edir:





- Özünüzü necə təqdim edərdiniz?

- Dəyanət Rzayev-Amerika və Avropa Psixoloji Müşavirə Assosiasiyasının üzvü.


- Son zamanlar ən çox hansı psixoloji problemlərlə bağlı müraciətler edilir?
- Son günlərdə ən çox obsessive-kompulsiv pozuntularla müraciət edirlər. Yəni digər aydın, loru dildə desək sayrışan hallar. Göstəricisi misalçün, bir fikri beyninə yükləyib daimi onun üzərində israr etmək və ya deyək ki, saatlarca əl yumaq, saatlarca duşda qalmaq və s. Türklər demiş saplantı halına gətirmək.

- Psixoloqla psixoterapevt arasındakı fərq? Bunu çox vaxt insanlar ayırd edə bilmir və çoxlarına psixoloq, psixoterapevt yanına getməyi məsləhət görəndə özünü təhqir olunmuş hesab edir. İndi necədir vəziyyət? Bu etapı toplum olaraq aşa bilmişikmi?
- Mən özüm həm psixoloq, həm də psixoterapevtəm. Psixoloq nədir? Araşdırma aparsın, testlər etsin, disertasiya müdafiəsi etsin və s. Psixoloq budur. Amma psixoterapiya isə təhlil, birbaşa insanı ünsiyyətlə müalicə etmək və s. Psixoterapiya daha çox individuallığa yönəlib, psixoloq isə ümumi bir elmdir. Biri var dərmanla müalicə, biri də var danışman müalicəsi. Dərman müəyyən müddətlikdir, amma danışman müalicə kökündən həlldir. Azərbaycanda psixoterapevt  təhsili  yoxdur. Tibb universitetində psixiatriya sahəsi var, amma psixoterapevt ayrıca bir sahədir. Bunu Amerika və s. kimi inkişaf etmiş ölkələrdə təhsilini almaq olur. Və bu səbəbdən bizdə diletantlar, fırıldaqaçılar bundan istifadə edir, insanları aldadırlar.

Cəmiyyətin dəlilik fikrini aşma prosesinə qaldıqda isə, hələ də yox, tam olaraq aşılmayıb. Düzdür televiziyalara psixoterapevtlərin dəvət olunması, bu tipli verlişlər, informasiyalar onları bilincləndirdi, müəyyən qədər anlayışları yarandı. Amma hələ o qədər aşılmayıb.

- Deyirlər düşünə bilən insanlar xoşbəxt ola bilməz, xoşbəxtlik savadsız insanlar üçündür. Ümumiyyətlə xoşbəxtlik anlayışı deyə bir şey var? Xoşbəxtlik psixoloji araşdırmaya görə nədir?
- Təbii ki, xoşbəxtlik var. Bu da anlarla olur. Elmi tərəfdən yanaşsaq, xoşbəxtliyin ömrü, vəziyyətə nə qədər vaxtda adaptasiya olmanızla bağılıdır. Nə qədər tez adaptasiya olursunuzsa, xoşbəxtliyin ömrü o qədər də qısa olur. Baxın misal üçün deyək ki, bir evsiz insan düşünür ki, evi olsa xoşbəxt olacaq. Evi olur və o bir müddət bunun sevincini yaşayır. Bir müddətdən sonra adiləşməyə başlayır və bu rahatlaşma məqamına keçir. Bu zaman siz vəziyyətə alışıb o xoşbəxtlik hissini tərk edirsiniz. İnsanların özünü xoşbəxt hiss etmələri üçün Məhəmməd peyğəmbərin (s.ə.s )bir hədisi ilə deyəcəm : “Özünüzdən yüksəkdə olanlara baxıb məyus olmayın, özünüzdən aşağıda olanlara baxıb şükür edin”. Üzr istəyirəm, əyninə köynək ala bilməyən adamlar var ki, gedir kreditə 1000 AZN-ə telefon alır. Bizim insanlarda paxıllıq, gözü yüksəkdə olmaq iştahı həddindən çoxdur. Bunlar xoşbəxt olmağa mane olur.

- Son zamanlar intihar faktları da artıb. Sizcə səbəb nədir? Psixoloji inamsızlıq, bezginlikmi?
- İndi Azərbaycanda acınacaqlı haldır. Bəli 1990-cı illəri xatırlayanda, o zamanla müqayisədə indi dəfələrlə artıb. Bu da onunla əlaqəlidir ki, o ölkədə ki, müharibə və aclıq, daha ağır vəziyyət var, həmin ölkələrdə intihar olmur. Çünki o qədər böyük problemləri var ki, özləri özləri ilə qalmağa vaxtları yoxdur. Hamı eyni problemi yaşayır. Böyük və ümumi problemlər fərdi problemləri kölgədə qoyur.

- Ali məktəblərə qəbul ərəfəsidir. İmtahanlara hazırlaşan şagirdlərə stressdən uzaq olmanın yolları barədə nə məsləhət görərdiniz?
- Mənim onlara yazığım gəlir. Bizim valideynlər elə ancaq deyir ki, oxu diplomun olsun. Demir ki  oxu təhsilin olsun, elə deyir diplom. Biz çox bədbəxtik. Təsəvvür edin Bill Qeyts gəlir Azərbaycana deyir ki, hansısa firmada, dövlət bankında proqramist işləmək istəyirəm. Və bizimkilər durub ondan diplom istəyəcəklər. Axı onun ali təhsili yoxdur. Yaxud Stiv Cobs Apple qurucusuna, yaradanına gəlib deyəcəklər ki, diplomunu göstər? Toms.V dünyanın ən dahi cərrahı. Məsələn onun nəinki ali, heç orta təhsili də olmayıb. Bizdə isə işinə və nəyi bacarmağına görə yox, bir kağız parçasına görə qiymətləndirirlər insanları.

Təsəvvür edin uşaq gedir imtahana bütün nəsil-kök bilir ki, bu il filankəsin oğlunun, qızının imtahanı var. İmtahan sonrası da hamısı bir-bir zəng edir. Kimi istədiyindən, kimi istəmədiyindən suallar verir. “Necə keçdi? Bir şey yaza bildin?”və s. Bu hamının qarşısında məsuliyyət deməkdir. Bu da gərginlik yaradır. Ümumiyyətlə imtahana hazırlaşanlara məsləhət bilərdim ki, hər kəsə desinlər ki, “mən bu il dincələcəm və daha yaxşı hazırlaşacam gələn il sənəd vercəm. Bu il sənəd verməyəcəm.” Sonra getsin imtahanını versin. Girər surpriz olar hər kəsə, girməzsə də artıq gərginlik çəkməz və hər kəsə hesabat vermək məcburiyyətindən qurtulmuş olar, deyər ki, sənəd verməmişdim.

- Uğura gedən yolda valideynlərin rolu nə qədərdir?
- Azərbaycanda əsasən valideynlər hər şey edir ki, uşaqlarda uğur yox, özünə qarşı qiymət aşağı düşsün. Guya ona dəstək olurlar, halbuki onu passivləşdirirlər. Uşaq böyüyür, evləndirirlər, 30 yaşı var heç yerdə işləmir valideyn onun ailəsini də, özünü də öz çiynində daşıyır. Bu bir növ asıllılıq yaratmaq üçün edilmiş şeylərdir. Nə qədər valideyndən gözləntin var, o qədər onun tabeliyindəsən. Bu da onların eqolarını  təmin edir deyə bu cür yaşayırlar. Amma Avropada 18 yaşını keçdin, get həyatını yaşa deyirlər. Pis-yaxşı fərq etməz, sən artıq yetkin, azad vətəndaşsan.

- “Facebook”da sizinlə müsahibə edəcəyimi yazanda gənclərin bir neçəsinin sualı oldu. Onları cavablandırmanızı istərdim.
- Buyurun.

- “20 yaşım var. Düzdü bilirəm məndə də günah var, amma ailəm məni mən kimi qəbul eləmir. Nə qədər mehriban davranım, başlarına fırlanım xeyri yoxdur.” Bunu yazan oğlandır. Belə hallarda nə etməli?
- Baxın 20 yaşı var, hələ bir bunun narazılığını edir. Get ayrıl-ayrı yaşa. Özün-özünü idarə et, saxla, işlə, kirayədə yaşa. Nə qədər valideynin əlinə baxırsansa, o qədər də hörmətsizlik görəcəksən. İnsan gərək özü-özünə hörmət qoydurmağı bacarsın. Yaşından, statusundan aslı olmayaraq. 20 yaşlı oğlana nə demək olar? Yekə kişidir, artıq ən azı öz məsuliyyətini öz boynuna götürməyi bacarmalıdır.

- “Dünyəvi kitablar oxuduqca, insanlarla ünsiyyətim azalır. Ən çox da dinlə bağlı söhbət edən insanlarla heç ünsiyyət qurmaq istəmirəm. Hətta o dərəcəyə çatmışam ki, öz intiharımı planlaşdırıram və insanlara yalan danışmağı sevirəm.” Ümumiyyətlə yalana vadar edən səbəb nə ola bilər?
- Yalan var hansısa xəstəlik nəticəsində, kleptomaniya, patoloji yalan danışmaq, nəsə oğurlamaq və s. Amma bir insan özü haqqında qiyabi yazırsa bu hələ öz analizidir. Nə qədər düzdür, səhvdir bilmək olmaz. O oxuduğu kitablar və Allahdan uzaqlaşmaq məsələsinə gəldikdə, bizim insanlar elə bilrlər ki, özünü ağıllı göstərmənin yolu “mən Allaha inanmıram” deməkdir. Guya bu halda o savadlıdır, hər şeyi kəşf edib və sonda qərar verib ki, Allah yoxdur. Demək istəyirəm ki, bu əslində savadsızlığın göstəricisidir. Yalan danışmaq isə öz güvənin olmamasındandır. Çıxış yolunu özünü başqa cürə göstərməkdə görürür. Öz uydurmaları ilə mənim fərqimə varın demək istəyir əslində.

- “Cəmiyyətlə ayaqlaşa, taleyi ilə barışa bilməyənlərin intihardan başqa hansı seçimi var?”
- Bir halda ki, görürsünüz cəmiyyəti dəyişə bilmirsiniz o zaman ya bu cəmiyyətdən uzaqlaşmaq, ya da özünüzü dəyişdirməsəniz belə bu vəziyyətə alışdırmağa çalışın. Qeyri halda başqa çıxış yolu yoxdur. Azərbaycan cəmiyyətinin yaralı yeri qeyrət-namusdur. Halbuki o qeyrət namussuzluğu edənlər də elə o baş kəsənlərdir. Hansı ölkədə, xalqda ki, qeyrət-namusdan çox danışırlar,bütün qeyrətsizlik və namussuzluqları bu barədə danışanlar edir. O gün yolda bir xarici maşın saxlayıb qıza siqnal edir “gəl otur” və s. kimi təhqiramiz müraciətlər edir. Qız çönüb deyir ki, “sənin anan-bacın yoxdur?” oğlan başlayır qızı söyməyə. Belçikada küçədə qıza söz atana 8000 avro cərimə tətbiq olunur. Azərbaycanda qız kiməsə desə ki, mənə söz atdılar, deyəcəklər yaxşı qıza söz atmazlar. O gün cinayət işində bir xanımın qaynı tərəfindən öldürüldüyünü verdilər. Deməli bu xanımı öncə əri bıçaqlayıb. Türmədədir və boşanıblar. Sonra qaynı dayanacaqda bir kişi ilə söhbət etdiyini görüb gəlini bıçaqlayıb öldürüb. Əvvəla bu əxlaqsızdır və boşanıbsa, özü bilər həyatını necə yaşayır. Heç kimin haqqı çatmır ki, kiminsə necəsə yaşamasına görə onu öldürsün. Öz həyatıdır özü bilər. İkincisi mənim polisim bir dəfə gördü ki, bunu əri bıçaqlayıb, bu insanların təhlükəsizliyini elə təmin etsin ki, öldürmək həddinə çatmasın da. Öldürdükdən sonra öldürənin türmədə yatmasının ölənə nə xeyri? Azərbaycanda deqradasiya prosesi gedir.

- Son vaxtlar gənclərin ərgənindən tutmuş  təkmilləşmişi də daxil olmaqla kimi danışdırırsan sevgi əziyyətini, asılılığını yaşayır. Deyirlər ki, əgər bir ayrılıqdan 6 ay sonra sakitləşmirsinizsə bu artıq xəstəlikdir. Ayrılığın 2-3 il sonrası belə kimisə unuda bilməmək, əziyyət çəkmək nədir? Nəyin göstəricisidir? Xəstəlikmi, yoxsa sevginin böyüklüyümü?
- Bu artıq sayrışan  halıdır və xəstəlik deməyək, sayrışan obsessiv  pozuntudur. Bunun üçün nə edə bilər? Həmin insanla bütün ünsiyyəti kəsir ümumiyyətlə, qətiyyən ünsiyyətdə olmur. Heç bir nə mənfi, nə müsbət informasiya almasına imkan vermir. Az bir zamanda oyanacaq ki, mən bu günə qədər nəyin, kimin, niyə əziyyətini çəkmişəm? Həyatını çox rahatlıqla davam edəcək. Maksimum 1 aydan 6 aya qədər tamamilə unudacaq.

- Bu qədər mənfi enerji və dərdlə yüklənmədən necə azad olursunuz və psixoterapevtin psixoterapevtə ehtiyacı olurmu?
- Buna psixologiyada enerjinin yandırılması deyilir. Və bəli bizim də psixoterapevtə ehtiyacımız olur. Öz həmkarlarımıza müraciət etməli, özümüzü təhlil, öz problemlərimizi analiz etməliyik. Bu həddə çatmamışdan əvvəl ən azı həftədə iki dəfə təbiət qoynunda vaxt keçirmək lazımdır. Mən Avropada bir psixoloqun qəbuluna düşmək istədim, dedilər ki, gərək 1 həftə öncə yazılaydın. Özdə orda 1 seans,yəni 50 dəqiqə - 150 evrodur.
Əslində bu çox maraqlı sahədir. Görün nə qədər yeni həyatlarla tanış oluruq. Amma bunun yüklənməsi də var. Bu halda gərək iş saatın bitdisə unudasan ki, sən psixoterapevtsən. Nə evində, nə ətrafında psixoloq kimi davranmayasan. Və müxtəlif peşə sahibləri dostların olmalıdır. Qeyri-halda psixi pozuntular ola bilər. Statistikaya nəzər salsaq bu elmin bütün dahiləri içən, çəkən, intihara meyilli, evlənib-boşanan olub. Ziqmund Freyddən Aron Bekə kimi.

Özünüz bilirsiniz ki, mən heyvansevərəm. Heyvanlar insan psixologiyasına olduqca müsbət təsir göstərir, mənfi enerjini alır, gərginliyi aradan qaldırır. Mən baxın (çantasını açıb içində it-pişik üçün olan yemək paketini göstərir-red) bu yeməklərə 4-5 AZN verirəm hər gün. Elə burda bir yardım qutusu da yaratmışam. Hər il heyvanlara yardım edirik. Bizim insanlarsa bu yaxınlarda elə Təzə bazarda iti doğramışdılar. Görün cəmiyyət nə qədər qəddərlaşıb. Polisə gedirsən, şikayət edirsən, iti kəsəndən pul alıb sərbəst buraxır. Bizim cəmiyyətdə heç nə normal deyil. İnsanlarda polisə inanmsızlıq, qorxu var. Mən xarici ölkələrdə oluram və görürəm ki, ordakı polislərin insanlara, insanların polislərə olan münasibəti necədir. Necə təbəssüm və arxayınlıqla polisə sığınırlar. Bizdə isə insanlar polisdən qorxur. Çünki icra düzgün deyil. Rüşvətxorluq baş alıb gedir. Mən bu problemi sırf dövlət və s. ilə əlaqələndirmirəm. Problemin kökü bizim insanların psixologiyasındadır. Sıradan birini aparın hansısa məmurun yerinə təyin edin, həmin insan o məmurdan betər olacaq. Bizim insanların fəxr yeri hansısa rüşvətxor məmurun qohumu olmasıdır. Görün nə qədər acınacaqlı vəziyyətdir. Rüşvət niyə var? Bunu da özləri edib. Mən heç kimə rüşvət vermirəm və haqqımı tələb edib işimi gördürürəm. Məndən niyə rüşvət almırlar? Deməli hər şey özümüzdən aslıdır.

- Bir seans neçə dəqiqədir və bir pasient neçə seans sonra normal psixoloji vəziyyətə qayıda bilər?
-Bir seans 50 dəqiqə çəkir. 12-14 seansa normal vəziyyətə gələ bilər. İstisna və ağır hallar ola bilir ki, bir ildən də çox çəkər. Amma normalda həftədə bir dəfə 14 görüşə 3 ay ərzində sağlam ruh halına qayıtmaq olur.

- Son olaraq psixoloq yanına gəlməyə qorxan insanlara sözünüz...
- Mən onlara nə deyim? Bunun üçün çox ağıl gərək deyil. Sadəcə açsınlar interneti informasiyalansınlar, kitab oxusunlar, bir görsünlər psixoloq nədir, psixoterapevt nədir , psixiatr nədir? Rahat olsunlar, boş-boş seriallar izləyib o cür həyat arzulamaqla evə qapanmasınlar. Bütün orqanlar ağrıdığı və bəzən müalicəyə ehtiyacı olduğu kimi ruhumuzun da müalicə olunmağa ehtiyacı olduğunu düşünsünlər. Axı ruh ət parçasından ibarət deyil ki, sizə fiziki ağrı versin, özünüzü hiss edin və qorumağı bacarın.

Söhbətləşdi: Aybəniz Alızadə


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi