Əli Abbasov prezidentə hesabat verdi

eli-abbasov-prezidente-hesabat-verdi
Oxunma sayı: 719

“Qafqazinfo”nun məlumatına görə bunu Nazirlər Kabinetinin prezidentin iştirakı ilə keçirilən iclasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. Ə. Abbasovun sözlərinə görə, Azərbaycanda MDB ölkələri sırasında ilk dəfə sabit telefon şəbəkəsi tam elektronlaşdırılıb, yəni rəqəmləşdirilib: “Bu isə o deməkdir ki, indi Azərbaycanın istənilən yaşayış məntəqəsində yüksək sürətli genişzolaqlı internetə çıxış imkanı var. Mobil telefon şəbəkəsində əsas fəaliyyət yeni xidmətlərin göstərilməsi və abonent şəbəkəsinin genişləndirilməsi istiqamətində aparılıb. İndi Azərbaycanda hər 100 nəfərə təxminən 105 mobil telefon düşür ki, bu da uyğun ümumdünya orta göstəricisindən təxminən 30 faiz yüksəkdir və inkişaf etmiş ölkələr səviyyəsindədir. Son altı ayda mobil telefon xidmətlərinin qiyməti 30 faiz, rouminq xidmətlərinin qiyməti isə istiqamətlər üzrə 20-50 faiz azalıb. İndi ölkəmizdə mobil telefon xidmətlərinin qiymətləri təxminən Şərqi Avropa səviyyəsindədir”.

Nazir onu da bildirib ki, ölkəmizdə internet xidmətləri sürətlə yayılmaqdadır və bu sürətli temp hətta internet istifadəçilərinin sayını dəqiq təyin etməkdə çətinliklər yaradır. Ümumdünya İqtisadi Forumu Azərbaycanda internet istifadəçilərinin sayını 2013-cü ilin sonuna 50 faiz ətrafında qiymətləndirib. Hesabat dövründə nazirliyin qiymətləndirməsinə görə bu rəqəm daha da artıb və təkcə genişzolaqlı sürətli internet istifadəçilərinin sayı təxminən 30 faizə yaxınlaşıb. Bu isə ümumdünya orta göstəricisindən təxminən 2,5 dəfə yüksəkdir.

Ə. Abbasov həmçinin qeyd edib ki, Azərbaycanda İKT-nin inkişaf dinamikası son 5-7 ildə birinci onluq ölkələr sırasındadır: “Bir çox ekspertlərin fikrincə, 2020-2025-ci illərdə İKT gəlirləri neft gəlirləri ilə müqayisə oluna bilər. Bundan başqa, 2012-ci ilin IV rübündə ilk telekommunikasiya peykinin orbitə çıxarılması üçün işlər plan-qrafik üzrə davam etdirilir. Məsləhətçi şirkətlər ilə birlikdə artıq peykin təxminən 50 faizdən çox xidmət resurslarının xarici ölkələrə satışının ilkin şərtləri razılaşdırılıb. Həmçinin əsas və ehtiyat yerüstü idarəetmə mərkəzinin yaradılması və qəza zamanı xaricdən müdaxilə imkanı, kadr hazırlığı, Fransanın “Arianspace” şirkəti tərəfindən qaldırıcı raketin qurulması və s. işlər də plan üzrə həyata keçirilir”.

Nigar Məmmədli