Əli Əhmədov 11 Mart aksiyasından danışdı

eli-ehmedov-11-mart-aksiyasindan-danisdi
Oxunma sayı: 695

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə çərşənbə günü Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov deyib.
"Biz bir qrup şəxsin 11 mart tarixində guya geniş aksiya keçirəcəkləri ilə bağlı xəbərləri izləyirik. Güman edirəm ki, Azərbaycan cəmiyyəti təxminən bir il əvvəl - mart-aprel aylarında da bir sıra maraqlı qüvvələr tərəfindən istiqamətləndirilən gənclərin ölkədə ictimai-siyasi sabitliyi pozmaq istiqamətindəki səylərini və pozuculuq hərəkətlərini xatırlayır. 2011-ci ildə Azərbaycan cəmiyyəti bu cür təhrikçi hərəkətləri dəstəkləməyib. Bu səylərə çox ciddi şəkildə təpkilər göstərildi", - Əhmədov deyib.

Onun sözlərinə görə, bu cür təhrikçi qüvvələr əsasən gəncləri öz tərəflərinə cəlb etmək istəyirlər. "Azərbaycan gəncləri bu cür təhrikçi qüvvələrə qoşulmaq niyyətində deyil. Bunun da ciddi əsasları var. Bu gün Azərbaycanda ictimai-siyasi sabitlik, əmin-amanlıq mövcuddur. Bugünkü gənclik təhsil almaq imkanına malikdir, ölkənin ictimai-siyasi həyatında iştirak etmək, sadəcə olaraq sakit yaşamaq imkanlarına malikdir. Biz artıq maraqlı qüvvələrin dəstəklənmədiyini bir il bundan qabaq görmüşük", - Əhmədov bildirib.

YAP-ın sədr müavini qəti əminliklə bildirib ki, bugünkü Azərbaycan cəmiyyəti ölkə Prezidentini dəstəkləyir. "Cəmiyyət imkan verməyəcək ki, haradasa yerləşən maraqlı dairələrin və qüvvələrin təhriki əsasında ölkəmizdə ictimai-siyasi sabitliyi pozaraq inkişafın qarşısını almağa yönəlmiş hərəkətlərə yol verilsin", - o deyib.