Əli Əliyev prezidentdən tələb etdi

eli-eliyev-prezidentden-teleb-etdi
Oxunma sayı: 657

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda deyilir ki, Fransa Senatı qondarma “erməni soyqırımı”nın inkarına görə həbs cəzası və 45 min avro dəyərində maliyyə cəriməsi nəzərdə tutan qanun layihəsini qəbul edib və bu fakt obyektiv tarixi həqiqətlərin ən kobud formada tapdalanması olmaqla yanaşı, Fransanın mövcud siyasi elitasının ali dəyərlər sırasında öndə gələn insan hüquq və azadlıqlarına yönəlik münasibətindəki saxtakarlığı növbəti dəfə təsdiqlədi: “Fransa Senatında təmsil olunan bu ölkənin aparıcı siyasi qüvvələri dünyaya bir daha nümayiş etdirdilər ki, onlar üçün dar siyasi maraqlar həqiqət və ədalətin fövqündə dayanır. Bütün hallarda uzun müddətdir, ətrafında davamlı polemikaların aparıldığı bir mövzuya nöqtə qoyulduğu nəzərə alınmalı və artıq əsas diqqətimiz Fransa Senatının erməni təəssübkeşliyindən irəli gələn qərarına cavab olaraq atacağımız kompleks addımlara yönəlməlidir.

Fransa parlamentinin aşağı palatası - Milli Məclisin 2011-ci il dekabrın 22-də haqqında danışılan qanun layihəsini qəbul etməsindən sonra Vətəndaş və İnkişaf Partiyası (VİP) olaraq, yaydığımız xüsusi bəyanatda Azərbaycan hakimiyyətinin bu istiqamətdə atmalı olduğu addımlarla əlaqədar təkliflərimizi açıqladıq. Amma çox təəssüf ki, Fransanın məlum təşəbbüsünün davamında rəsmi Parislə adekvat davranmalı olan Azərbaycan hakimiyyəti deklorativ fəaliyyətə üstünlük verməklə öz vəzifəsini bitmiş hesab etdi. Bununla da, “erməni soyqırımı” məsələsində Fransanın qismində Qərbin böyük təzyiqləri ilə üzləşən Türkiyə beynəlxalq arenada demək olar, yalnız buraxıldı. Rəsmi Bakının bu məsələdə tutduğu ifrat çəkingən mövqe ölkə daxilində ciddi narazılıqla qarşılandığı kimi, Türkiyə ictimaiyyətində də dərin məyusluq doğurdu. Belə çıxır ki, Azərbaycan hər bir məsələdə Türkiyədən qardaş köməyi tələb edə bilər, amma ümumi maraqların birgə qorunması zərurəti aktuallaşdıqda, Bakı Ankaranın yanında olmağa cəsarət etmir və ya buna can atmır. Bu, Türkiyə ilə münasibətlərdə “Bir millət, iki dövlət” prinsipinin rəhbər tutulduğunu bəyan edən Azərbaycan hakimiyyəti üçün utancgətirici bir haldır. Hər kəs bilməlidir ki, Türkiyəyə yönələn təzyiqlərin digər tərəfi məhz Azərbaycandır və həmin basqılar yalnız birgə səylər nəticəsində dəf oluna bilər. O baxımdan, Azərbaycan hakimiyyətinin qeyd olunan məsələdə daha çevik və qətiyyətli addımlar atması lazımdır.

Bu məqsədlə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri olaraq, Azərbaycanın dövlət başçısı İlham Əliyevə səslənərək, Fransa Senatının məlum qərarından sonra bu ölkə ilə münasibətlərə və siyasi-iqtisadi əlaqələrə yenidən baxılması, Fransanın ATƏT-in Minsk Qrupundan kənarlaşdırılması və bu çərçivədə qardaş Türkiyə ilə birgə fəaliyyətin təmin olunmasına istiqamətlənmiş təcili addımlar atmağa çağırıram”.