Əli Həsənov Hulusi Kılıça cavab verdi

eli-hesenov-hulusi-kilica-cavab-verdi
Oxunma sayı: 647


“Türkiyənin Azərbaycandan hər şey ummağa haqqı var. Biz də onların bu çağırışlarına həmişə diqqətlə yanaşacağıq”. “Qafqazinfo” məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın Azərbaycan-İsrail münasibətləri ilə bağlı verdiyi açıqlamaya münasibət bildirirərkən deyib. Onun sözlərinə görə, Türkiyə Azərbaycan üçün qardaş, dost dövlətdir və onun bu günki siyasəti türk dövlətinin və xalqının maraqlarına tam cavab verir.

Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, Azərbaycan bütün məsələlərdə hər zaman Türkiyəyə lazımi dəstək verir və verəcək.

Əli Həsənov bu yaxınlarda Rusiya hərbçilərinin İrəvanda hərbi paradda iştirakı məsələsini şərh edərkən bildirib ki, “bu, sözügedən ölkələrin daxili işidir”. “Bizim üçün ən əsası Rusiya ordusunun Azərbaycana münasibətidir, bizim isə buna heç bir iradımız yoxdur”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, Rusiya Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır və respublika ilə bağlı təcavüzkar planları yoxdur.

Bundan başqa, şöbə müdiri bildirib ki, Ermənistan prezidentinin bu yaxınlarda Qarabağın müstəqil olmaq niyyəti haqqında Rusiya televiziyasına (Vesti-24) bəyanatı Ermənistanın münaqişənin nizamlanmasının imitasiyası ilə məşğul olmaqda davam etdiyinin növbəti sübutudur.

Onun sözlərinə görə, Azərbaycan münaqişənin sülh yolu ilə həlli siyasətinə tərəfdardır, “ancaq əgər dünya ictimaiyyəti bundan sonra da Sarqsyan tipli insanların bəyanatlarına göz yumsa, Azərbaycan münaqişənin həllinin digər metodlarına müraciət etmək məcburiyyətində qalacaq”.