Əli Həsənov İranda sərt bəyanat verdi

eli-hesenov-iranda-sert-beyanat-verdi-
Oxunma sayı: 638

Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasında rəsmi səfərdədir. “Qafqazinfo” AzərTaca istinadən xəbər verir ki, nümayəndə heyəti dekabrın 3-də İranın milli televiziya şəbəkələri ilə tanışlıqdan sonra bir sıra rəsmi görüşlər keçirib. İranın Milli Radio və Televiziya Təşkilatının sədri İzzətullah Zərqami, onun müavinləri Məhəmməd Sərəfraz, Seyid Məhəmməd Hüseyni və Əli Əsgəri ilə keçirilmiş görüşlərdə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının teleradio sahəsində və ümumi informasiya məkanındakı real vəziyyəti ətraflı təhlil edilib.
Görüşlərdə Azərbaycanın və İranın mövcud informasiya siyasəti, bölgənin teleradio məkanındakı imkanları və sərhədətrafı yayım siyasəti, iki ölkə arasında mətbuat-informasiya sahəsində real vəziyyət, xüsusən də son dövrdə iki ölkənin real vəziyyətini təhrif edən ayrı-ayrı kütləvi informasiya vasitələrinin fəaliyyəti müzakirə edilmiş və müvafiq razılıq əldə olunub.

Əli Həsənov Azərbaycanda söz və mətbuat azadlığından, teleradio məkanındakı ən yeni nailiyyətlərdən, informasiya texnologiyalarının müasirləşdirilməsi istiqamətində görülən və görüləcək işlərdən danışıb.

Tərəflər Azərbaycan-İran münasibətlərini pozmaqda maraqlı olan bəzi daxili və xarici qüvvələrin informasiya məkanından məharətlə istifadə etdiklərini diqqətə çatdıraraq vurğulayıblar ki, qarşılıqlı antitəbliğat kampaniyası ölkələrimizin milli və dövlətçilik maraqlarını əks etdirmir. Odur ki, ölkələrimiz arasında sürətli inkişafda olan hərtərəfli əlaqələrin genişləndirilməsinin yeganə yolu mövcud informasiya məkanında qarşılıqlı maraqlara təsir edən məqamlara həssaslıqla yanaşmağın təmin edilməsidir.

Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə təsir edən məsələlərlə bağlı fikirlərini davam etdirən Ə.Həsənov İran kütləvi informasiya vasitələrinin antiazərbaycan təbliğatının dayandırılmasının zəruriliyini vurğulayaraq demişdir ki, informasiya məkanında hər iki ölkə bir-birinə hörmətlə yanaşmalıdır. Ə.Həsənov qeyd edib ki, eyni məzmunlu tələbləri İranın da Azərbaycandan ummağa mənəvi haqqı vardır. Azərbaycanın və İranın tarixi taleyi tələb edir ki, onlar mehriban qonşuluq və səmimi dostluq şəraitində yaşasınlar. Bunun üçün hər iki tərəf bir-birinin ictimai-siyasi həyatına, daxili işinə və idarəçiliyinə hörmətlə yanaşmalıdır. Azərbaycan Respublikası hüquqi və dünyəvi dövlətdir. Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə demokratik inkişaf yolunu şüurlu olaraq seçibdir və özünün işıqlı gələcəyinin təmin edilməsi üçün bu yolu bundan sonra da davam etdirmək əzmindədir. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycan insan hüquqlarının qorunmasına, azad sözün və mətbuatın inkişafına, eləcə də dini etiqad azadlığına hörmətlə yanaşır və bunların hər birinə təminat verir. Lakin Azərbaycan heç zaman kənardan ölkə həyatına süni şəkildə demokratiya və dini təriqətlərin idxal olunmasına yol verməyəcək.

İ.Zərqami keçirilən görüşdən tam məmnun olduğunu nümayəndə heyətimizin diqqətinə çatdıraraq Azərbaycan Respublikasına rəsmi səfərinin xoş təəssüratlarından danışaraq qeyd etmişdir ki, Azərbaycanın və İranın informasiya məkanlarında qarşılıqlı maraqlara uyğun sağlam mühitin formalaşması ilə bağlı Əli Həsənovun bütün fikir və mülahizələri ilə tam razıdır. İstənilən cəmiyyətdə sağlam mühitin yaranması üçün, ilk növbədə sağlam informasiya məkanının qurulması zəruridir. Eləcə də, qarşılıqlı münasibətlərdəki səmimiliyin və dostluğun vacib göstəricilərindən biri də sağlam informasiya mühitinin mövcudluğudur. Azərbaycana və İrana aid informasiya məkanında tam sağlam mühitin formalaşması üçün geniş imkanların mövcudluğundan söhbət açan İ.Zərqami qeyd etmişdir ki, bu sahədə hərtərəfli, qarşılıqlı və səmərəli əməkdaşlıq əlaqələrinin yaranması vacibdir.
Görüşlərdə Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov və Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov müzakirə olunan məsələlərlə bağlı mülahizələrini söyləmiş və təkliflərini vermişlər.
Səfər dekabrın 4-də başa çatacaqdır.