Əli Həsənovun əminliyi

eli-hesenovun-eminliyi
Oxunma sayı: 646

- Əli müəllim, xəbərlər yayılıb ki, müharibə başlayacaq...
- Boş şeydir...

Qısa, konkret və ən vacibi inamla verilən bu cavab təkcə müsahibəni götürən jurnalistə yox, bütövlükdə cəmiyyətə bir mesaj hesab oluna bilər. Bunu deməklə heç də Əli Həsənovu və onun təmsil etdiyi iqtidarı tənqid etmək fikrindən uzağam. Ona görə ki, yaranmış situasiyada bu gün başlayacaq müharibənin Azərbaycana heç bir faydası olmayacağını bilirəm. Və əminəm ki, Azərbaycan hakimiyyəti də bu həqiqəti yaxşı dərk etdiyi üçün müharibəyə başlamır. Ara-sıra səslənən bəyanatlar və müharibənin bir addımlığından qayıtdığımızla bağlı müxtəlif qəzetlərə ötürülən informasiyalar isə təbliğat kompaniyasının bir elementidir.

Bu yerdə sual yaranır: Hakimiyyətin təbliğat mexanizminə mühüm yer tutan şəxs axı niyə belə qəti fikir bildirir?

Əli Həsənov bu suala daha diplomatik cavab verə və müharibə hədəsi ilə danışa bilərdi. Amma o bunu etmədən hətta belə fikirlərin müəlliflərini qıcıqlandıracaq bir söz deyir: “Boş şeydir...”

Bəs gəlin görək “boş şey” nədir?

Əli Həsənov gözəl bilir ki, hərbi əməliyyatları ancaq və ancaq Azərbaycan bərpa edə bilər. Ermənistan bu gün müharibə başlayacaq durumda deyil. Amma beynəlxalq ekspertlər, müşahidəçilər və daha kimlər, kimlər regionu təzyiq altında saxlamaq üçün daima hərbi əməliyyatların başlaya biləcəyi barədə hədə dolu proqnozlar verir. Belə proqnozlar Azərbaycan daxilində də səslənir. Və hətta bəziləri müharibənin hakimiyyəti qorumaq vasitəsi kimi nəzərdə tutulduğunu da söyləyirlər. Absurd fikirdir. Çünki hakimiyyəti qorumaq üçün sabitlik lazımdır, müharibə yox. Dünyanın güc mərkəzləri də bu gün sülhü təmin edən hakimiyyətə daha çox etimad göstərir.

2003-cü ilin prezident seçkilərindən bir məqamı yada salım. Müxalifəti təmsil edən və şansları kifayət qədər ciddi dəyərləndirilən İsa Qəmbər seçkiqabağı televiziyada son çıxışında belə bir fikir bildirdi: “Mən Qarabağ probleminin sülh yolu ilə həllini bilirəm. Prezident seçiləcəyim halda Qarabağ problemini sülh yolu ilə həll edəcəm”.

Əslində bu müraciət xalqdan daha çox, beynəlxalq güc mərkəzlərinə ünvanlanmışdı. Amma alınmadı...

Nə isə. Qayıdaq Əli Həsənovun əminliyinə.

Bəli, müharibə real deyil və Əli Həsənov da başqalarından fərqli olaraq bu reallığı açıq şəkildə bildirir.

Amma bu gün müharibə reallıqları ilə yaşayanlarımız var. Və onlar cəmiyyətin müharibə reallığına biganəliyindən çox narahatdır. Cəmiyyət isə onların müharibə reallığı ilə yaşamasından narahat deyil. Buna görə də Əli Həsənov müharibənin başlanması ilə bağlı deyilənləri çox əminliklə “boş çey” adlandırır.