Əli Həsənovun “Geosiyasət”i Türkiyədə - Foto

eli-hesenovun-geosiyaseti-turkiyede-foto
Oxunma sayı: 994

“Qafqazinfo”nun məlumatına görə, kitabda geosiyasətin elm sahəsi kimi meydana gəlməsi, əsas anlayışların yaranması, formalaşması və inkişafının tarixşünaslığına nəzər salınır, onun nəzəri mənbələri, qanunauyğunluqları, obyekt və predmeti, kateqoriyaları ilə bağlı klassik geosiyasət xadimlərinin, müasir tədqiqatçıların baxışları təhlil olunur, müxtəlif dövrləri, fərqli geosiyasi məktəbləri təmsil edən siyasətşünasların elmi nəzəriyyələri araşdırılır.

Kitab 9 fəsildən ibarətdir. “Geosiyasətin ilkin mənbələri və inkişaf tarixi: qədim və orta əsrlər dövrünün geosiyasi ideya və nəzəriyyələrinin tarixşünaslığı” fəslində planetin XIX əsrəqədərki ilkin geosiyasi ideya və mənbələrinin qısa tarixşünaslığına ekskurs edilir, qədim Çin və Hindistanın, yunanların və romalıların geosiyasi təlimləri, ərəb dünyasının qədim geosiyasi konsepsiyaları araşdırılır.

“Klassik geosiyasət: XIX əsrin ikinci–XX əsrin birinci yarısında Qərb geosiyasi məktəblərinin əsas ideya və nəzəriyyələri” fəslində kontinental Avropa, ingilis-amerikan klassik geosiyasət məktəbinin yaranması, xarakteristikası, əsas nəzəriyyələri haqqında ətraflı məlumat verilir.

“İkinci dünya müharibəsi dövründə əsas iştirakçı dövlətlərin geosiyasi konsepsiyaları və hədəfləri” fəsli Almaniya, Yaponiya, SSRİ, Böyük Britaniya və ABŞ-ın geosiyasətinə, “XX əsrin ikinci yarısı və müasir dövrdə Qərb ölkələrinin geosiyasəti” fəsli isə Avropa kontinental və ingilis-amerikan Atlantik geosiyasətinin xarakteristikasına, əsas konsepsiya və nəzəriyyələrinə həsr olunub.

“Rusiya geosiyasət məktəbi: formalaşması, nəzəri mənbələri, xarakterik xüsusiyyətləri və əsas konsepsiyaları” fəslində Rusiya geosiyasət məktəbindən bəhs edilir. Burada Rusiyanın orta əsr və yeni dövr geosiyasi nəzəriyyələri və cərəyanları təhlil olunur.

“Türklərin geosiyasi baxışları və nəzəriyyələri” fəslində Osmanlı türklərinin geosiyasi baxışları, Atatürkün geosiyasi düşüncələri, dövlətin soyuq müharibə dövründəki geosiyasi hədəfləri və nəzəriyyələri, müasir dövrdə geosiyasi nəzəriyyələri və cərəyanları, “Geosiyasət elminin yaranması və inkişafı” fəslində geosiyasət anlayışı, geosiyasətin obyekti və predmeti, kateqoriyaları, əsas qanunları, funksiyaları, metodoloji paradiqmaları, tədqiqat metodları, aktorları, geosiyasətdə məkan təsəvvürü və məkan praktikası şərh edilib.

“Dünyanın geosiyasi strukturunun formalaşması: geosiyasi dövrlər və modellər” fəslində dünyanın geosiyasi strukturunun formalaşması xüsusiyyətləri, dünya sisteminin təsnifatı, bu strukturun dövrləri və xarakterik xüsusiyyətlərinə diqqət yetirilir.

Kitabda qısa geosiyasi lüğət, istifadə olunmuş ümumi ədəbiyyat və informasiya resursları barədə məlumat var, ingilis və rus dillərində xülasələr verilib.

“Geosiyasət” kitabı Türkiyədə “Babiali Kültür Yayıncılığı” tərəfindən işıq üzü görüb. 460 səhifədən ibarətdir.

Kitabı Azad Ağaoğlu, Fuad Şammədov çevirib.