Əli Hüseynov amnistiya qərarından danışdı

eli-huseynov-amnistiya-qerarindan-danisdi-
Oxunma sayı: 710



“Son günlər Milli Məclisə “Amnistiya aktı haqqında” qanun layihəsinin daxil olması və yaxın vaxtlarda müzakirəyə çıxarılacağı haqqında informasiyalar yayılır. Bildirmək istəyirəm ki, mətbuatda yayılan bu xəbərlərin heç bir əsası yoxdur”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib. Komitə sədrinin sözlərinə görə, mətbuatda Azərbaycanın dövlət müstəqilliyinin 20 illik yubileyi münasibəti ilə amnsitiyanın veriləcəyi və konkret layihənin Milli Məclisə təqdim edildiyi haqqında xəbərlər dolaşır. Komitə sədri cəmiyyəti əsası olmayan informasiyalara çaşdırmağın düzgün olmadığını diqqətə çatdırıb: “Məlumdur ki, belə bir layihə olarsa, bu sənəd rəhbərlik etdiyim komitəyə daxil olmalı və müzakirə edilməlidir. Hazırda isə bizdə belə bir sənəd yoxdur”.

Qeyd edək ki, Azərbaycanda sonuncu amnistiya qərarı 2009-cu ilin 17 martında Mehriban Əliyevanın təqdim etdiyi layihə əsasında Novruz bayramı münasibəti ilə qəbul edilib. Həmin vaxt təqribən 9 min şəxs amnistiyanın təsiri altına düşüb. Onlardan 1700-dək məhkum azad olunub.