Əli Kərimli: “Biz olub-keçənlərdən dərs götürməliyik” - Fotolar

eli-kerimli-biz-olub-kecenlerden-ders-goturmeliyik-fotolar
Oxunma sayı: 906

Polis kəndə gələn əksər yolları bağlayıb insanlara maneəçilik yaratsa da, Rəsulzadə şəxsiyyətinə rəğbət və hörmət bəsləyənlər kənddə kifayət qədər qələbəlik yarada bilmişdilər.

İzdihama qatılanlardan İctimai Palatanın təsisçiləri Müsavat Partiyasının başqanı İsa Qəmbər, Əli Kərimli, Azərbaycan Xalq Cümhuriyyətinin və Məhəmməd Əmin Rəsulzadə irsinin araşdırıcısı, tarixçi alim Nəsiman Yaqublu, Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə İP-in Koordinasiya Şurasının üzvü, yazıçı-publisist Mehriban Vəzir çıxışlar etdilər. Natiqlər çıxışlarında Şərqdə ilk cümhuriyyət olan ADR-in fəaliyyətindən, nəaliyyətlərindən söhbət açdılar.

Çıxışlarda Rəsulzadə və silahdaşlarının Azərbaycan xalqına bəxş etdikləridövlət müstəqilliyinin mühüm tarixi nailiyyət olduğu vurğulandı.

M.Vəzir AXC qurucusu M.Ə. Rəsulzadənin çıxışından sitat gətirdi: “Rəsulzadə o zaman deyib ki, üçrəngli bayraq ayaqlar altına yox, Azərbaycan türkünün yanmış ürəyinə endi. Vaxt gələcək Azərbaycan gəncliyi o bayrağı göylərə ucaldacaq. 70 il keçəndən sonra Rəsulzadənin müraciət etdiyi o gənclik həmin bayrağı Azərbaycan türkünün yanmış ürəyindən çəkib ərşə ucaltdı”.

AXCP sədri Əli Kərimli isə çıxışında Azərbaycan Xalq Cümhuriyyətinə sahib çıxmaq, bu dövləti quranlara layiq olduqları qiynməti vermək üçün bir araya gəldiklərini bildirdi: “Burda minlərlə insan var. Deyirdilər ki, demokratik düşərgənin minlərlə insan tərk edib. Amma biz görürük ki, sıralarımız daha da sıxlaşır. Çünki Azərbaycan gəncliyi azadlığı seçib”. Bu çıxışdan sonra tədbir iştirakçıları “Azadlıq!” şüarları səsləndirməyə başladılar.

Ə.Kərimli AXC dövündə dünya tarixində ilk dəfə qadınlara səsvermə hüququ verildiyini qeyd etdi və bildirdi ki, bu gün qadınlar da azadlığı seçiblər: “Bu gün təblig olunası biri varsa, o da Məhəmməd Əmin Rəsulzadədir. Bugünkü hakimiyyət o bayrağı ucaldanlara layiq olduqları qiyməti vermirlər. 70 ildən sonra ikinci respublika quruldu. Azərbaycanın düşmənləri bu dəfə də çox oldu... Azərbaycanın istiqlalına səs vermiş Arif Hacılı, aparıcı gənclik həbsdədir. Biz olub-keçənlərdən dərs götürməliyik. İnanıram ki, Azərbaycanda üçüncü respublika da qurulacaq bu yaxınlarda”. Bu çıxışdan sonra Novxanı kəndinin məktəbliləri Ayan və Nərminə şerlər dedilər.

Müsavat Gənclər Təşkilatının üzvü İlkin İmanlı M.Ə.Rəsulzadənin məqaləsindən sitatlar gətirdi və çıxışını ulu öndərin səsləndirdiyi şerlə tamaladı:

“Sən bizimsən, bizimsən,
Durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa
Ey şanlı Azərbaycan!”

Ulu öndərin nəvəsi Rəis Rəsulzadə isə çıxışında dedi ki, onu burda hər il Arif Hacılı qarşılayırdı: “Amma bu dəfə o həbsdədir”. R.Rəsulzadə mitinq iştirakçılarına A.Hacılının salamlarını çatdırdı.

O hamını Azərbaycan tarixinin ən şərəfli bayramı olan Respublika günü münasibətilə təbrik etdi.

Müsavat başqanı İsa Qəmbər dünyaya və Azərbaycana Rəsulzadə kimi dahi bir insan bəxş etdiyinə görə Novxanı camaatına təşəkkürünü bildirdi. İsa Qəmbər qeyd etdi ki, Azərbaycan müxalifəti bu məkana ilk dəfədir ki, İctimai Palatada birləşərək gəlib: “İnşallah gələn il bura iqtidar olaraq gələcək və 28 May - Respublika gününü dövlət səviyyəsində qeyd edəcəyik”.

İsa Qəmbərin çıxışı gurultulu alqışlarla qarşılandı.

Daha sonra Müsavat başqanı Arif Hacılı başqa olmaqla 2 aprel aksiyasında və sonra həbs olunan, barələrində cinayət işi açılan siyasi dustaqlardan danışdı, onların azadlığa buraxılmasını vacib olduğunu qeyd etdi. İsa Qəmbər bildirdi ki, bu gün həmin dustaqlardan birinin - Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədlinin doğum günüdür. Bu münasibətlə İsa Qəmbər Əhəd Məmmədliyə İctimai Palata adından təbrik mesajı ünvanladı.

Bir daha qeyd edək ki, 28 mayda Novxanıya gedən yollar polis nəzarətinə götürülmüşdü. Novxanıya gedənlərin qarşısı kəsilib, insanların kəndə daxil olmasına maneələr törədilib. Bundan başqa, müxalifət partiyalarının rayon təşkilatlarının Novxanıya getmək üçün toplaşdıqları meydan və parklarda da onlara müdaxilələr edilib. Məsələn, Müsavatın Nizami rayon təşkilatının üzvləri “Təbriz” kinoteatrının qarşısında yığışdıqları vaxt polislər hücum edərək onlarla amansız davranıb. 30-a yaxın polis toplantı iştirakçılarının maşınlarını saxlatdırıb, onların tədbirə qatılmalarına mane olublar. Təşkilatın sədr müavinlərindən Əli Qasımov saxlanaraq polis bölməsinə aparılıb, iki saat sonra buraxılıb. Yol-patrul xidmətinin əməkdaşları İctimai Palatanın adından hazırlanmış əklili gətirən maşını da saxlayıb.

Tədbir Azərbaycan dövlət himninin oxunması və daha sonra Novxanı qəbristanlığında M.Ə. Rəsulzadənin yaxınlarının məzarlarının ziyarət edilməsi ilə başa çatdı.

Sonda qeyd edək ki, bayram mitinqində 32 gənc Müsavat Partiyası Gənclər Təşkilatının sıralarına qoşulmaq üçün müraciət edib.

P.S. Tədbir iştirakçılarının əksəriyyəti sonra Bakı şəhərində Elçibəyin məzarını ziyarət edib.

Musavat.com