Əli Kərimlinin müavininin Mərakeş sevgisi

eli-kerimlinin-muavininin-merakes-sevgisi
Oxunma sayı: 1142

AXCP sədrinin müavini Razi Nurullayev Mərakeş krallığı ilə Azərbaycanı müqayisə edib və Mərakeşin Azərbaycan və bir sıra dövlətlər üçün nümunə ola biləcəyini söyləyib. Keçən ilin iyun ayında da Razi Nurullayev Mərakeş Krallığına həsr edilmiş “22 Ərəb dövlətinin ən uğurlu ölkəsi” adlı məqalə yazmışdı: http://blog.razinurullayev.com/?p=522

O qeyd edir ki, “Ərəb dövlətlərinin liderləri arasında ən uzaqgörən və tədbirliləri Mərakeş kralı Vİ Məhəmməd və Qatar əmiri Şeyx Hamad bin Xəlifə Əl Tanidir. Mərakeşi xüsusi olaraq vurğulamaq istərdim. Bu ölkənin demokratiya sahəsində atdığı addımlar demokratikləşmək istəyən və uzun müddət hakimiyyətdə qalmaq iddiasında olanlar, hakimiyyəti bölüşmək istəməyənlər üçün bir dərs olmalıdır. Bütün müsəlman dünyası və demokratik cəmiyyətlər Vİ Məhəmmədin comərdliyinin şahidi oldular. Qanlı-qadasız və iğtişaşlar baş vermədən Kral müdrik addım ataraq 350 illik şəriksiz dinastiyalarını bölüşdülər. Xatırlatmaq istərdim ki, Mərakeş Kralı VI Məhəmməd və özündən əvvəlki hökmdarlar Alauit dinastiyasının üzvləridir. Onlar Mərakeşi 350 ildir ki, idarə edirlər. Onlar Məhəmməd Peyğəmbərin (s.ə.s) birbaşa əcdadları sayılırlar. Mərakeşdə bu dinastiyanın hökmdarlar kimi rollarının şübhə altına alınması, demək olar ki, kafirlik kimi qiymətləndirilir”.

Razi Nurullayev davam edərək deyib ki: “Keçən ilin noyabr ayında keçirilən Parlament seçkilərində İslam Ədalət və İnkişaf Partiyası ən çox yerə sahib olub. Mərakeşdə yeni koalisiya hökuməti formalaşdırılıb. İslam Ədalət və İnkişaf Partiyası 31 kabinet üzvündən 12-nə yiyələnib. Baş nazir də bu partiyanın nümayəndəsi olan Abdelilah Benkirane təyin edilib. Xarici işlər, Ədliyyə və Rabitə nazirlikləri də bu partiyaya verilib. Baş nazir Abdelilah Benkirane artıq vəd verib ki, ciddi islahatlar davam edəcək və verilmiş bütün vədlər yerinə yetiriləcəkdir”.

R.Nurullayev vurğulayır ki: “Azərbaycanda da ciddi seçki islahatlarına və hakimiyyətin bölüşdürülməsinə ehtiyac var. Birpartiyalı hakimiyyətlər demokratiya və azadlıqlar sahəsində irəliyə gedə bilməz. Ölkədəki siyasi qüvvələrin hakimiyyətdə təmsilçiliyi ölkəmizi də beynəlxalq aləmdə imicinin düzgün formalaşdırılmasına xidmət edər. Azad və şəffaf seçkilərin keçirilməsi “Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının ana xəttini təşkil etməlidir”.

AXCP rəsmisi vurğulayır ki: “1956-cı ildə Fransa müstəmləkəsindən qurtulan və müstəqillik qazanan Mərakeş Ərəb dövlətlərinin İsveçrəsinə çevrilmək üçün mühüm addım atıb. Yeni baş nazir Mərakeşi sərmayələr üçün ən əlverişli ölkəyə çevirmək üçün bütün vasitələrdən istifadə edəcəyini vurğulayıb. Azərbaycan da müsəlman dünyasının, Türk dünyasının tarixində önəmli yer almaq, regionun İsveçrəsinə çevrilmək üçün ciddi addımlar atmalıdır. Bəlkə də bunlar atılır. Söz yox ki, Azərbaycan regionun aparıcı ölkəsidir. Amma, ölkədə mühüm siyasi və iqtisadi islahatlar aparmadan, hakimiyyətin üç qolunun – icra orqanının, Parlamentin və məhkəmə sisteminin bir-birindən tam müstəqilliyi təmin edilmədən İsveçrə yaratmaq mümkün görünmür”.

R.Nurullayev Mərakeş və Azərbaycanın Avropa Birliyinə üzvlük məsələlərini də müqayisə edib: “Mərakeş Afrika ölkələri içərisində yeganə ölkədir ki, Afrika İttifaqının üzvü deyil. Afrika Birliyini 1984-cü ildə tərk edib. Mərakeş özünü Avropa Birliyində görmək istəyir. Mərakeş həm də yeganə Afrika ölkəsidir ki, Avropa Birliyinə üzv olmaq üçün müraciət də edib. Ölkə Avropa Birliyinin əsas ticarət tərəfdaşıdır. Aralıq dənizi sahillərində yerləşən və azad iqtisadi portlar olan, Melilla və Ceuta adaları İspaniyanın protektoratı altında olsa da, hər iki ada Mərakeşin ərazisinə bitişikdir və onları İspaniyadan Aralıq dənizi və Gibraltar boğazı ayırır. Buna baxmayaraq, adalarda İspan qanunları işləyir və ərazilər də İspaniyaya məxsusdur. De-jure hər iki ada nəticəsində (hər birində 80,000 əhali yaşayır) Avropa Birliyi, de-fakto Afrika qitəsində sərhədlərə malikdir. Bu baxımdan da Mərakeş Avropa Birliyində tam hüquqlu üzv olmaq üçün çabalar göstərməkdədir. Çünki, de-fakto ərazisində 160,000 Avropa Birliyi vətəndaşı yaşayır”.

Müqayisəni davam etdirən Razi Nurullayev qeyd edir ki: “Keçən ilin sentyabrında keçirilən Avropa Birliyi dövlətlərinin Şərq Tərəfdaşlığı üzrə Varşava Sammiti Azərbaycanı Şərqi Avropa dövləti olaraq qəbul etdi. Artıq Avropanın cənub sərhədi Azərbaycanla İranın dövlət sərhədidir. Demək ki, Azərbaycan ilk müsəlman dövləti olaraq Avropa Birliyinin üzvü ola bilər. Amma, ciddi siyasi islahatlar keçirmədən bu mümkünsüz görünür”.

AXCP rəsmisi daha sonra bunları deyib: “Üçüncü böyük İslam dövləti olan Mərakeşdə yəhudilərin sayı 7 mindir. Azərbaycanda da yəhudilər çoxdur və tolerantlıq şəraitində yaşayırlar. Elə bu faktın özü Mərakeş kralının müdrik və uzaqgörən bir lider olduğunun göstəricisidir. 1912-ci ildən 1956-cı ilə kimi Fransanın protektoratı olan və bu illər ərzində Mərakeşi kral Sultan Məhəmməd idarə edərək ölkənin inkişaf konturlarını cızıb. Onu oğlu II Həsən əvəzləyib və o da 38 il Mərakeşin kralı olub. II Həsən Yaxın Şərqdə sülhün əldə olunması üçün çox işlər görmüş siyasi liderlər arasında yer alıb. Səbəb isə İsraildə yaşayan Mərakeş əsilli yəhudilərin lobbi fəaliyyəti ilə səciyyələndirilir. 1999-cu ildə II Həsənin ölümündən sonra, modernist kimi ad qazanmış oğlu VI Məhəmməd hakimiyyətə gəlir. Bu gün də o modernist və avropasayağı siyasətini davam etdirməkdədir və dözümlü bir ölkə yaratmağa nail olub. Yəhudi lobbisi də krala xüsusi rəğbət bəsləyir.
Azərbaycan da belə bir üstünlüyə malikdir. Lakin, üstünlükdən tam istifadə edə bilmir. Çünki, demokratiyanın və azadlıqların şübhə altında olduğu bir dövlət üçün lobbiçilik etmək çox çətindir”.