Əli Nağıyev partiya yaradır?

eli-nagiyev-partiya-yaradir-
Oxunma sayı: 763

“Bizim Yol” qəzetinin yazdığına görə, Əli Nağıyev YAP-ın “vurulmuş” qurucuları ilə bir sıra görüşlər keçirib. Belə görüşlərindən biri Bakıdakı “Mono Liza” restoranında olub. Əli Nağıyev yeni siyasi partiya yaratmaq ideyasında olduğunu açıqlayıb.
O, görüşə çağırdığı insanlara partiyanın hansı mövqedə olacağını deməyib. Bununla bağlı suala cavabında Əli Nağıyev “partiyanı qurandan sonra mövqeyimizi elan edəcəyik”,- deyə bildirib. Həmçinin, o hakimiyyətin yeni yaradılacaq partiyanın təşkilatlanmasına maneçilik törətmək ehtimalının olduğunu da vurğulayıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri olmuş, vaxtilə YAP-ın ən nüfuzlu şəxslərdən sayılan Əli Nağıyevin karyerasına Belarusa səfir göndərilməklə son qoyulub. 1 ilə yaxındır işsiz qalan Əli Nağıyev hətta YAP-ın Siyasi Şurasındakı statusunu bərpa edə bilmədi. Hakim partiya onun müraciətinə “yox” cavabı verdi. Bu baxımdan ola bilsin ki, Əli Nağıyevin yeni partiya yaratmaq istəsin. Lakin bu bir qədər inandırıcı görünmür. Çünki Əli Nağıyev YAP-ın “köhnə qvardiya”sında birmənalı qəbul olunmur. “Köhnə qvardiya”nın sıralarında sabiq səhiyyə naziri Əli Insanovun da tərəfdarları var ki, onlar Əli Nağıyevi qəbul etmir. Bu vaxtilə Əli Nağıyevlə Əli Insanov arasındakı ziddiyyətlərdən irəli gəlir.