Əlixan Məlikovun adı zəbt olunan zavod qalmaqalında

elixan-melikovun-adi-zebt-olunan-zavod-qalmaqalinda-
Oxunma sayı: 682

“Qafqazinfo”nun məlumatına görə, Qaradağ rayonu ərazisində yerləşən zavoda hazırda ARDNŞ-in Təhlükəsizlik Xidməti nəzarət edir. Onlar nə zavod sahibini, nə də jurnalistləri zavodun ərazisinə buraxmadılar. Buna görə də zavodun sahibi Səhhət Zülfüqarlı qapı dalında jurnalistlərə açıqlama verib. O bildirib ki, artıq iki gündür ki, o, öz iş yerinə daxil ola bilmir: “Mənim bu zavodda 42.8 faiz payım var. Əlixan Məlikovla şərikli çalışırıq. Amma iki gündür ki, Dövlət Neft Şirkətinin hərbi geyimli əməkdaşları zavodu zəbt ediblər, məni içəri buraxmırlar. Eyni zamanda fəhlələr də zavoda daxil ola bilmir”. Səhhət Zülfüqarlı hadisənin səbəbindən danışarkən Əlixan Məlikovu da günahlandırdı: “Mən onun özünə söylədim. Çox güman ki onun özünün də göstərişi olub. Neft şirkətindən kömək istəyib. Kömək istəyəndə Daxili İşlər Nazirliyindən istəyərlər. SOCAR nə vaxtdan nəzarətçi rolunu götürüb?”.

Hadisənin necə baş verməsindən danışarkən isə zavodun mühafizə xidmətinin rəhbəri Valeh Eminov bildirib ki, hadisə təxminən saat 00.00 radələrində baş verib: “Biz buradan çıxandan sonra mühafizəçilər mənə zəng edib dedilər ki, zavoda formalı adamlar daxil olub, bizi burada sıxışdırırlar”. Mühafizə xidmətinin rəhbəri və digər mühafizəçi Şahverdiyev Elvin bildirib ki, zavodu zəbt edənlər təxminən 10 nəfər olub və onlardan yalnız biri silahlı olub.

Məlumat üçün bildirək ki, hazırda zavod iki nəfər hərbi geyimli şəxs tərəfindən mühafizə olunur və zavodun işçiləri və rəhbərlik içəri buraxılmır. Zavodu mühafizə edən həmin şəxslər isə bildirib ki, bu barədə onlara göstərişi Dövlət Neft Şirkəti verib.

Qeyd edək ki, Xəzər Boru zavodu 2008-ci ildən fəaliyyət göstərir. Zavodun direktoru Ayaz Gülümcanovun sözlərinə görə, adı çəkilən zavod 2009-cu ilin dekabrında “İlin şirkəti” adını alıb: “Bundan başqa bizim zavod Qafqazda iri diametrli boru istehsal edən yeganə zavoddur. Postsovet məkanında isə 3 belə zavod var lakin, bizim zavod ən müasir texnika ilə təmin olunmuş yeganə zavoddur”.


Fatimə Kərimli