Elmar Məmmədyarovun ümidi…

elmar-memmedyarovun-umidi
Oxunma sayı: 670


“… İyirmi ildir ki, BMT qətnamələri erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasına çağırır. Buna baxmayaraq, aparılan bütün danışıqlar iflasa uğrayıb. Amma biz sülh danışıqlarını davam etdirməyə hazırıq. Status-kvo qəbuledilməzdir. Ümid edirəm ki, Ermənistan rəhbərliyi özündə müdriklik tapıb, münaqişənin siyasi həllinə imkan yaradacaq…”
Elmar Məmmədyarov,
Almaniyanın “Die Welt” qəzetinə müsahibəsindən
(“Azadlıq” qəzeti, 15 mart 2012-ci il)


Doğrusu cənab nazirin bu sözləri mənə çox pis təsir edib. Neçə gün keçib, amma hələ də bu barədə düşünürəm. Ona görə də münasibətimi bildirmək qərarına gəldim. Lakin, əvvəlcə bir məsələni aydınlaşdırmaq istərdim. Bu mövzunu bir dostumla müzakirə edərkən, o, mənim yazmaq istəyimi bilən kimi gülə-gülə, yarı zarafat-yarı gerçək dedi ki, Elmar Məmmədyarova nənəm də ilişər. Yazırsan, Kamaləddindən yaz, Ziyadan, Rövnəqdən yaz. Elmar Məmmədyarov yazığın, mağmının biridi. Əlbəttə, bu sözlər də mənə pis təsir etdi. Əvvəla, ona görə ki, mən heç kimə ilişmirəm. İkincisi, atalar deyib ki, “qoyunu qoyun ayağından asarlar, keçini - keçi”. Üçüncüsü isə, şəxsən mən cənab Məmmədyarovu heç də zəif, yazıq, mağmın adam, nazir hesab etmirəm. Fikrimcə o, kifayət qədər diplomatik və siyasi biliyə və intellektual səviyyəyə malik şəxsdir. Düzdür, Azərbaycan Respublikasının vətəndaşları cənab xarici işlər naziri haqqında kifayət qədər məlumata malik deyillər, o cümlədən mən də… Ancaq, atalar onu da deyib ki, “ət yeyən quş dimdiyindən bilinər”. Hörmətli xarici işlər nazirimiz də elə bu vəzifəyə təyin olunduğu gündən ətrafa, vətəndaşlara tərəf yalnız təbəssüm qarışıq müsbət enerji yayıb və indi də bu enerjini şüalandırmaqda davam edir.

İndi qayıdaq əsas məsələyə. Mənim məhz xarici işlər naziri haqqında yazmağımın yeganə səbəbi onun yuxarıda bir neçə cümləsini sitat gətirdiyim müsahibəsində şəxsən mənim və ailəmin həyat məsələsi olan Qarabağ problemindən də söhbət açılmasıdır. Ümumiyyətlə, mənim üçün Qarabağ məsələsinə münasibət bütün dünyaya, hər şeyə və hər məsələyə münasibətin bir ölçü vahidinə çevrilib artıq. Məsələn, mən hesab edirəm ki, Qarabağın işğaldan azad olunmasını istəməyən adamı namuslu və vicdanlı adam saymaq olmaz. Yaxud belə deyək. Ölkəmizin Qarabağ probleminə laqeyd olan bir şəxsin hər hansı digər vacib məsələlərə qarşı nümayiş etdirdiyi canfəşanlıq heç vaxt səmimi ola bilməz. Oxucunu yora biləcəyimdən ehtiyatlansam da, bir qədər başqa cür ifadə olunan daha bir cümlə ilə fikrimi möhkəmləndirmək istəyirəm. Mənə elə gəlir ki, rüşvət alan, dövlət büdcəsindən oğurluq edən, parlamentdə və digər yerlərdə saxta mandatla başqasının halal yerində oturmağa üzü gələn, abrı-həyası yol verən hər hansı adamın istənilən yerdə Qarabağ barədə bağırması boş-boş danışmaqdan, boşboğazlıqdan və yalançılıqdan başqa bir şey deyil.

Əsas məsələmiz isə odur ki, cənab xarici işlər naziri almaniyalı həmkarımız Torsten Yunqholtun sualına cavab verərkən deyir: “… İyirmi ildir ki, BMT qətnamələri erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasına çağırır. Buna baxmayaraq, aparılan bütün danışıqlar iflasa uğrayıb…” Hələlik burada dayanaq və … davam edək. Cənab nazir xüsusi olaraq vurğulayır: “…bütün danışıqlar iflasa uğrayıb.” Təkrarçılığa yol versəm də, bir daha qeyd etmək istəyirəm, o, istisna yeri qoymur, istisna göstərmir. İyirmi il ərzində aparılan bütün danışıqlar haqqında danışır. Onun bir diplomat olaraq açıq və konkret, ötkəm danışması hətta rəğbət oyadır: “…BÜTÜN DANIŞIQLAR İFLASA UĞRAYIB!!! (Nidalar mənimdir-K. K.)” Məni qınamayın, tam səmimiyyətlə və tam məsuliyyətlə deyirəm, bu mənimçün çox böyük faciə və çox böyük bir dəhşətdir! Bəli, mən bu faciəni xarici işlər nazirimizin səmimi etirafından əvvəl də bilirdim və buna tam əmin idim. Hətta, dəfələrlə müxtəlif yerlərdə və müxtəlif vaxtlarda bu barədə bu və ya digər formada danışmışdım da. Lakin, bunu məhz bu işi görən, bu fəaliyyəti həyata keçirən, iyirmi il bu istiqamətdə çalışan əsas idarənin başçısının, ölkənin əsas siyasi rəhbərlərindən birinin dilindən eşitmək çox dəhşətli və çox faciəvidir. Şəxsən mən indi bu faciənin acısını yaşamaqdayam, bu dərddən boğulmaqdayam. Neçə gündür başımıza haranın daşını salacağımız barədə düşünməkdəyəm. Yuxarıda qeyd etmişdim ki, mən hər şeyə məhz Qarabağ güzgüsündən, Qarabağ prizmasından baxıram. Qarabağ güzgüsündə əyri görünən hər kəs, hər şey, hər əməl, əminəm ki, reallıqda, həyatda, kökündə əyridir və onu qəbir də düzəldə bilməz!

Yenə davam edək. “…Amma biz sülh danışıqlarını davam etdirməyə hazırıq.” Necə? Bu nə deməkdir? Hansı şəkildə? Hansı üzlə? İyirmi il davam etmiş, sonda iflasa uğramış, dövlətin və milləti nəhəng resurslarının havaya sovrulması hesabına aparılmış və sonda ortalığa sıfır “nəticə” qoymuş bir işi necə, hansı əsasla, nə məqsədlə, özü də formatda, formada, məzmunda, mahiyyətdə heç bir dəyişiklik, yenilik etmədən, necə davam etdirmək istəyirsiniz? Mən bu suala cavab eşitməyə haqqım və hüququm olduğunu düşünürəm və özümü haqlı hesab edirəm. Nazir davam edir: “…Status-kvo qəbuledilməzdir.” Bəs niyə qəbul edirsiniz? Bu “qəbuledilməz”liyi qəbul etməmək üçün daha neçə il, neçə on il keçməlidir? Sitatımızın sonuncu cümləsində isə cənab nazirin yuxarıda ötəri toxunduğum təbəssümü artıq qəhqəhəyə çevrilir. Siz də bir də baxın: “…Ümid edirəm ki, Ermənistan rəhbərliyi özündə müdriklik tapıb, münaqişənin siyasi həllinə imkan yaradacaq…” Bu cümlə haqqında o qədər danışmaq olar ki,… Amma mən bir-iki kəlmə demək istərdim:

- Cənab nazir, nahaq yerə əziyyət çəkib ümid etməyin. Ermənistan rəhbərliyi özündə müdriklik tapmayacaq! Çünki…

Çünki, itirib ki, tapsın?