Elnur Aslanovu nurçularla nə birləşdirir?

elnur-aslanovu-nurcularla-ne-birlesdirir
Oxunma sayı: 684

Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov ABŞ diplomatlarının məxfi teleqramlarını açıqlayan WikiLeaks saytının Azərbaycanla bağlı yaydığı məlumatlara münasibət bildirib. PA rəsmisinin sözlərinə görə, “WikiLeaks”də yayılan məlumatlar müəyyən insanların şəxsi mülahizələri əsasında qurulub və həmin yazışmalara ciddi yanaşmağa ehtiyac yoxdur: “WikiLeaks-də əksər hallarda həqiqətdən uzaq məlumatların yayılması təəssüf doğurur. Çünki böyük dövlətlərin qeyri-ciddi yazışmalara əsaslanıb fikir mübadiləsi aparması səmərəli şəkildə siyasət aparılmasının bariz nümunəsi deyil”.

Elnur Aslanovun belə bir açıqlaması onu söyləməyə əsas verir ki, PA rəsmisi barəsində “WikiLeaks” saytında yayılan məlumatdan ciddi narahatlıq keçirib. Belə ki, saytın açıqladığı ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili olmuş Donald Lunun Vaşinqtona ünvanladığı məxfi teleqramında Elnur Aslanovun daha çox “Nurçular” dini təriqətinin lideri Fətullah Gülənə bağlılığı ilə tanınan “Çağ Öyrətim” təhsil şəbəkəsinin rəsmiləriylə yaxın olduğu yazılıb.

Donald Lu “mərkəz”ə göndərdiyi gizli məktubunda yazır ki, hökumət üzvlərinin övladlarının əsasən “Çağ Öyrətim”in məktəblərində təhsil alması “Gülənçi”lərin Azərbaycan hakimiyyəti ilə münasibətlərinin yaxşılaşdırılmasında mühüm amillərdən biri hesab olunur. “Gülənçi”lərlə sıx münasibətlərdə olan rəsmilər arasında daha çox Prezident Administrasiyasının (PA) şöbə müdiri, PA rəhbəri Ramiz Mehdiyevin “informatoru” hesab edilən Elnur Aslanovun adı hallanır. Onun “Gülənçi”lərlə tez-tez görüşdüyü və sıx əməkdaşlıq etdiyi söylənilir.