Elnur Məmmədli uduzdu

elnur-memmedli-uduzdu-
Oxunma sayı: 1272


Qeyd edək ki, bütövlükdə yığma komandanın baş məşqçisi Ağayar Axundzadənin rəhbərliyi altında sözügedən yarışa altı idmançımız yollanmışdı: Nicat Şıxəlizadə (60 kq), Tərlan Kərimov (66 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq). Lakin son anda Yusubova zədələndiyi üçün sözügedən turnirdə iştirak etməsi mümkünsüz olmuşdu. İlk gündə mübarizəyə başlayan idmançılarımız - Nicat Şıxəlizadə, Tərlan Kərimov və Kifayət Qasımova qalib adını qazana bilməmişdi.

Son oyun günündə isə bütün diqqətlər olimpiya çempionumuz Elnur Məmmədliyə yönəlmişdi. İlk mərhələdə istirahət edən təmsilçimiz startda Qazaxıstan idmançısını məğlub etmiş Antti Virta (Finlandiya) ilə qarşılaşıb və xal hesabı ilə də olsa, qələbə qazanaraq, 1/8 finala yüksəlib. Maraqlıdı ki, bu mərhələdə Elnuru məhz digər həmyerlimiz Elxan Rəcəbli ilə duel gözləyirdi. O, həmyerlisi üzərində ipponla qələbə qazanaraq, 1/4 finala yüksəlib. Lakin bu mərhələdə o, almaniyalı Ole Bişofla mübarizədə məğlub olaraq, beşinci yerlə kifayətlənib.

Eyni çəki dərəcəsindəki (81 kq) digər təmsilçimiz isə Elxan Rəcəbli idi. O da birinci mərhələdə istirahət edirdi və startda Arsen Prşmaxov (Rusiya) – Antonio Angelo (Anqola) cütünün qalibi ilə münasibətlərinə aydınlıq gətirməli olub. İlk mərhələdə qələbə qazanan rusiyalı idmançı Rəcəbli ilə qarşılaşmaq hüququna yiyələnmişdi. Lakin Elxan bu rəqibini asanlıqla mübarizədən kənarlaşdıra bilib. Lakin Rəcəbli 1/8 finalda digər təmsilçimiz Elnur Məmmədli ilə qarşılaşmalı olub ki, ipponla uduzaraq, mübarizəni dayandırıb.

Sonda onu da qeyd edək ki, sözügedən turnir nokaut sistemiylə keçirilirdi və yarımfinalda uduzan idmançılar birbaşa bürünc medal qazanırdı. Həm də qaliblər 300 reytinq xalı qazanmış olurdu. Turnirin mükafat fondu isə 150 min dollar idi.