Elşad Abdullayev fırtınası davam edir

elsad-abdullayev-firtinasi-davam-edir-
Oxunma sayı: 718

Əlbəttə, biz ABU-nun sabiq rektoru və sahibi, hal-hazırda Fransada yaşayan Elşad Abdullayevi xüsusi olaraq müdafiə etməyəcəyik və bu məsələdə tərəf olmadığımızı qeyd etməyi vacib sayırıq. Amma söhbət nə Elşad Abdullayevdən, nə də onun ittiham etdiyi tərəflərdən gedir. Söhbət ondan gedir ki, Azərbaycanda MTN-in mayoru, Mahir Abdullayev adlı bir nəfər itkin düşüb, oğurlanıb, öldürülüb, ya hansısa başqa səbəblərdən daha yoxdur, amma Azərbaycanın hüquq mühafizə orqanları bu məsələ ilə bağlı demək olar ki, heç bir cinayət işi aparmırlar, ya da, hətta cinayət işi aparılırsa belə, ortalıqda onun hansısa bir nəticəsi cəhənnəmə, görsənişi də yoxdur.
Elşad Abdullayevin ittiham etdiyi tərəflərdən biri olan Arzu Kazımov (ona həm də Kazımovski deyildiyi əldə olan “istintaq” sənədlərində də qeyd edilib) və onun yaxın qohumları bu günlərdə “Yeni Müsavat” qəzetinə geniş açıqlamalar veriblər. Əslində, Arzu Kazımov “Azadlıq” qəzetinin ona ünvanladığı sualları da qismən cavablandırmışdı və biz bu cavabları çapa hazırladığımız ərəfədə “Yeni Müsavat”dan olan həmkarlarımız bu müsahibəni artıq dərc etməyə başladılar və buna görə onlara təşəkkür edirik.

Elşad Abdullayev nə vaxt, kim tərəfindən dindirilib?

Amma məsələ sadəcə ondan ibarət deyil ki, Elşad Abdullayev ittiham etdi, Arzu Kazımov cavab verdi, vəssəlam, bu məsələ bitdi. Qətiyyən belə deyil. (Arzu Kazımovun “Azadlıq”a ünvanladığı cavablar bizdə saxlanılır və bunlar da “Azadlıq”ın oxucularına təqdim ediləcək). Bizim əlimizdə Elşad Abdullayevin və Arzu Kazımovun açıqlamalarından başqa, həm də çoxlu rəsmi sənədlər var və bunların hamısını bir yerdə “istintaq qırıntıları” da adlandırmaq mümkündür.
Biz oxuculara Elşad Abdullayevin dindirilmə protokolunu və dindirmə zamanı verdiyi ifadəsini təqdim edəcəyik. Bu, artıq, hansısa dövlət məmurlarına göndərilən yarımrəsmi müraciət deyil, ciddi istintaq başlanğıcıdır. Amma sadəcə, başlanğıcı. Qarşı tərəf “Yeni Müsavat”a bildirib ki, onları heç kim narahat etməyib, Mahir Abdullayevin oğurlanması faktı ilə bağlı heç kim onlarla söhbət etməyib. Amma maraqlıdır, nəyə görə? Nəyin müqabilində?
Siz məhkəməyə, polisə, prokurorluğa gedirsiniz, hansısa cinayət əməlinin nəticəsində sizə hansısa zərərin vurulduğu bildirilir, zərər vuran adamların adlarını bircə-bircə qeyd edirsiniz, hətta ehtimallarınızı sübutlarla təsdiq edən arqumentləri istintaqa təqdim edirsiniz, amma istintaq sizin təqdim etdiyiniz sübutları zibil kimi bir kənara atır. Bu, necə olur? Azərbaycanda nəyin müqabilində belə davranarlar?
Elşad Abdullayev isə bu arqumentləri Azərbaycan Respublikası Baş prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə Istintaq Idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Vüqar Nəsibova rəsmən, 15 may 2009-cu il tarixli, 105157 saylı dindirmə protokolu əsasında, həmin gün saat 16.00-dan 20.10-a qədər davam edən dindirmə zamanı təqdim edib.

Nəticə 1.

Abdullayevin açıqlamalarının müqabilində irəli sürülən birinci arqument nə idi? Elşad Abdullayev rəsmən şikayət ərizəsi ilə müraciət etməyib. Bu arqument darmadağın oldumu?
Müstəntiqin zərərçəkmiş kimi dindirdiyi Elşad Islam oğlu Abdullayevə ilk sualı bu olur: “Sizə Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdirinə, Milli Təhlükəsizlik Nazirliyinə ünvanlanmış 15 və 25 yanvar 2009-cu il tarixli ərizələr təqdim edilir. Həmin ərizələr Sizin tərəfinizdən yazılmışdırmı və Sizin tərəfinizdən imzalanmışdırmı??
Elşad Abdullayev cavab verir: “Mənə təqdim edilən ərizələrə diqqətlə baxdım və göstərə bilərəm ki, həmin ərizələri mən yazmışam və imzalamışam. Həmin ərizələrimdə göstərilən halları mən tamamilə təsdiq edirəm”.

Biz bütün tərəfləri danışdırırıq və bu hekayətin tərəfi deyilik

Deməli, bizim bir neçə gün əvvəl fərz etdiyimiz kimi, Elşad Abdullayevin prezidentə və sair dövlət orqanlarına etdiyi müraciətlər, sadəcə, hansısa siyirmələrə atılıb qalmamış, 2003-cü ilin noyabr ayının 14-də Mahir Abdullayev yoxa çıxandan bir gün sonra başlanan cinayət işində bir addım atılmasına səbəb olmuşdur. Amma yalnız bircə addım.
Ittiham olunan tərəflərdən biri (xahiş edirik, bu ifadəni diqqətlə oxuyun və yadda saxlayın: “tərəflərdən biri”, çünki Elşad Abdullayev qardaşının oğurlanması ilə bağlı yalnız Arzu Kazımovu yox, bir çox başqalarını da ittiham edib. Sadəcə olaraq, nəyə görəsə, mətbuata yalnız Arzu Kazımov çıxarılıb, başqalarının isə nə adı çəkilir, nə də səsi çıxır. Amma biz “tərəflərdən biri”nin yox, bütün tərəflərin danışmasında maraqlıyıq) Arzu Kazımov “Azadlıq”a açıqlamasında bildrir: “Elşad Abdullayev məni ağır cinayətdə ittiham edə bilməz. Çünki mənim onun qaranlıq işlərindən heç vaxt xəbərim olmayıb və kimin kimi oğurlamasından da xəbərim yoxdur. Eyni ölkədə yaşadığımız üçün bu xəbəri hamı necə eşidibsə, mən də elə eşitmişəm. O ki qaldı Mahir Abdullayevin tapılması ilə bağlı məsələlərə, bu işlərlə hüquq-mühafizə orqanları məşğul olmalıdır”.
Tamamilə doğrudur. Bu işlərlə hüquq-mühafizə orqanları məşğul olmalıdır. Amma məşğul olmur. Niyə məşğul olmurlar? Biz Arzu Kazımovun özünün və yaxınlarının irəli sürdükləri bir arqumenti hüquq-mühafizə orqanlarının bu işlə məşğul olmamasının səbəbi hesab edə bilərikmi? Onlar iddia edirlər ki, Elşad Abdullayev çox pis adamdır. Qaranlıq işlərlə məşğul olub. Mahir Abdullayev də pis adam idi. Ötən yazılarda da qeyd etdiyimiz kimi, şəxsin pis adam olması, hətta dünyanın ən pis adamı olması belə, ona qarşı törədilmiş cinayət işinin araşdırılmaması üçün əsas ola bilməz.
Hacı Məmmədov həbs edilənə qədər onun “cəzalandırdığı” adamların da bəziləri haqqında çox pis xarakteristika verənlər tapılırdı. Amma Hacı Məmmədovun dəstəsi yalnız buna görəmi ifşa edilmirdi?

Nəticə 2.

Elşad Abdullayevin və ya onun qardaşının dünyanın ən pis adamları olması belə, bu adamlara qarşı törədilmiş cinayət işinin araşdırılmaması üçün əsas ola bilməz.
Arzu Kazımov “Azadlıq”a verdiyi açıqlamasında bildirir: “Mən Elşad Abdullayevi çoxdan tanıyıram. San-Marino Universiteti fəaliyyət göstərən vaxtdan. Amma uzun müddət görüşməmişdik. Sonradan bəzi biznes əlaqələri ilə bağlı görüşdük.
Həm “Azadlıq”a açıqlamasında Arzu Kazımov, həm də “Yeni Müsavat”a açıqlamasında Nizami Kazımov Elşad Abdullayevi, az qala dünyanın ən yaramaz adamı kimi xarakterizə etməyə çalışırlar. Bildirirlər ki, “onu etdiyi əməllərin ahı tutub”. Ola bilər. Insanlar hamı üçün eyni dərəcədə yaxşı olmadığı kimi, eyni dərəcədə də pis olmurlar.
Amma bu “pis adam” hörmətli Arzu Kazımovla çox yaxşı münasibətlərdə olub. Bunu Arzu müəllim xüsusi ehtiramla qeyd edir. “Azadlıq”a açıqlamasında Arzu Kazımov deyir: “Elşad Abdullayevlə münasibətlərim həmişə yaxşı olub. Əgər mənim tanıdığım hər hansı şəxsin, dostumun, tanışımın, əsgər yoldaşımın hər hansısa problemi olursa, biz onun yanında olub dərdinə şərik çıxmışıqsa, bunun nəyi pisdir? O vaxtlar əlimdən gələn yaxşılığı ona əsirgəməmişəm. Onunsa Elşad Abdullayev tərəfindən necə qiymətləndirilməsi öz işidir”.
Alicənab yanaşmadır, amma... Bu “pis adam”la uzun müddət ən yaxşı münasibətlərdə olmaq nəyə lazım idi?
“Yeni Müsavat”a açıqlamasında Nizami Kazımov israrla bildirir ki, Elşad Abdullayevin qardaşını biz oğurlamamışıq. Həm də axı, deyəsən, Elşad Abdullayev heç, birmənalı olaraq israr etmir ki, Kazımovlar onun qardaşını oğurlayıblar. Əksinə, Abdullayev onları uğursuz vasitəçilikdə, qardaşının geri qaytarılacağı vədi ilə müxtəlif adamların adı ilə külli miqdarda pul almaqda ittiham edir.

Nəticə 3.

“Pis adam”la yoldaşlıq etməyin axırı belə olur. Amma iş bir pis adamla bir yaxşı adamın hekayəti çərçivəsindən çıxıb.
Məsələn, “Yeni Müsavat”da bir epizoda açıqlama gətirən Nizami Kazımov bildirir ki, ...Arzu Kazımov Azərbaycanda olmadığı müddətdə E.Abdullayev onun oğluna telefon açıb: “Zaura deyib ki, Mahiri Mahaçqalada görüblər, Telman adlı bir nəfər deyib 1 milyon dollar verin gedib gətirim. Mən indi də anlaya bilmirəm ki, Zaura niyə telefon açıb. Burada bir məqamı deyim ki, biz müəyyən müddətdə Elşadla yaxın olmuşuq. Hər bir çətinliyə düşəndə Arzudan kömək istəyib. Bu telefon danışığında da Zaura telefon açıb ki, atası kimlərəsə desin ki, Mahiri Mahaçqalada görüblər”.
Hörmətli Nizami müəllim ola bilər ki, bilməyə-bilməyə, ola da bilər ki, bilə-bilə bir həqiqəti təhrif edir. Söhbət hansısa Telman adlı bir nəfərdən yox, Daxili Işlər Nazirliyinin əməkdaşı, polkovnik rütbəli bir dövlət məmurundan gedir.
Bu detalı təsadüfən xatırlatmadıq və Elşad Abdullayevin prokurorluğa verdiyi ifadədə bu ranqdan, hətta daha yuxarı ranqdan olan çoxlu dövlət məmurlarının adı çəkilir.

Ifadə ilə tanış olun...

ardı var