“Elşad Abdullayev yalan danışır”

elsad-abdullayev-yalan-danisir
Oxunma sayı: 765

“Mahir Abdullayev adında şəxs Yeni Azərbaycan Partiyasının üzvü olmayıb”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Azərbaycan Beynəlxaq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin hakim partiyaya qarşı işlətdiyi ifadələrə cavab olaraq deyib.

Qeyd edək ki, E.Abdullayev bir müddət öncə qardaşı M.Abdullayevin itkin düşməsi ilə bağlı “Azadlıq” qəzetində dərc olunan məktubunda YAP-a qarşı ciddi ittihamlar səsləndirib. O bildirib ki, M.Abdullayev YAP-ın ilk ərazi təşkilatının sədri olub və oğurlanan zamandan indiyə qədər YAP-ın bu barədə cınqırını çıxardığını kimsə eşitməyib: “Mahir YAP-ın 1-ci və 2-ci qurultaylarının nümayəndəsi olub”.
H.Paşayev isə bildirdi ki, M.Abdullayev YAP üzvü olmayıb: “Mahir Abdullayevin YAP üzvü olmasına dair deyilənlər yalandır. Eışad Abdullayevin qardaşının bir neçə dəfə YAP-ın qurultay nümayəndəsi olması barədə söylədikləri isə onun yalanlarının məntiqi davamıdır. Elşad Abdullayev deyib ki, qardaşı eyni zamanda Milli Təhlükəzilik Nazirliyinin əməkdaşı olub. Hüquq-mühafizə orqanının əməkdaşı neçə YAP üzvü ola bilər? Elşad Abdullayev artıq hər şeyi qatıb-qarışdırıb”.
Məlumat üçün deyək ki, E.Abdullayev qardaşı M.Abdullayevin 2003-cü il oktyabrın 13-da yoxa çıxdığını iddia edir.