“Elşad müəllim, bu adamlar 10 nəfərdir...”

elsad-muellim-bu-adamlar-10-neferdir-
Oxunma sayı: 749

Oxuculara Elşad Abdullayevin ifadəsinin son hissəsini təqdim edirik. Sonuncu hissədə E.Abdullayevin prezidentə və başqa dövlət idarələrinə müraciəti ilə təkrarlanan bəzi hissələr ixtisar olunub. Yeri gəlmişkən, E.Abdullayevin bu açıqlamaları ilə bağlı Daxili Işlər Nazirliyinin (DIN) münasibət bildirməsi yerinə düşür. DIN bu açıqlamalarla bağlı münasibət bildirən ilk dövlət orqanıdır. Belə hesab etmək olar ki, Azərbaycanın inzibati orqanları bu məsələ ilə bağlı ictimaiyyətə nəsə deməyi vacib saymağa başlayıblar. Təbii, Elşad Abdullayevin şəxsi keyfiyyətləri bizi az maraqlandırır. Onun bu hadisələrlə bağlı, nəhayət, nəyə görə açıqlama verməsinin hansısa səbəbləri və motivləri də çox subyektiv amillərlə bağlı ola bilər. Amma bir məsələ açıq qalır və dövlət orqanları da həmin məsələyə aydınlıq gətirməlidirlər: Elşad Abdullayevin qardaşı Mahir Abdullayev haradadır və onu kimlər oğurlayıb?



Prosesə yeni adam daxil olur: DIN-in polkovniki

Respublika Prokurorluğuna 2009-cu ildə verdiyi ifadəsinin davamında Arzu Kazımovun təkidli vasitəçiliyi ilə Bilgəhdəki bağ evində Zahid Dünyamalıyevə daha 900 min ABŞ dolları verdiyini yazan Elşad Abdullayev (2003-cü il dekabr ayının 27-də) qardaşı Mahir Abdullayevin sabah, yəni dekabrın 28-də gecə saat 24.00 radələrində azad ediləcəyi vədini alır. Elşad Abdullayev bu dəfə fərqli bir adamın da adını çəkir: DIN Narkotiklərə qarşı mübarizə Idarəsinin əməkdaşı, polkovnik Ağa Abbasovun. Amma qeyd edir ki, pulu təqdim etmək məqamı yetişəndə Ağa Abbasov Dünyamalıyevin göstərişinə əsasən otağı tərk etdi.
Pulu təqdim etdikdən sonra Arzu Kazımov E.Abdullayevə deyir: “Mahiri sabah qaytaracağıq. Lakin səs-küy olmasın deyə, onu qardaşlarından birinin evində müvəqqəti olaraq yerləşdirmək lazımdır, çünki Mahir barəsində axtarış verilibdir”.
E.Abdullayev davam edir:
“Səhəri gün, gecə saat 24.00 radələrində mən həyətdə qardaşlarımla birlikdə Mahiri gözləyərkən, gözlədiyimizin əksinə olaraq Arzu ilə Zahid Dünyamalıyev Elsevərin yaşadığı ”Istambul evləri”nin həyətinə ağ rəngli “Mitsubişi” markalı “CIP” maşını ilə daxil oldular. Arzu maşından düşəndə mən ondan Mahiri soruşdum, o isə sərxoş vəziyyətdə mənə bildirdi: “Elşad müəllim, Mahirin işi bir az gecikir, bu iş çox çətin bir işdir və bir az da pul vermək lazımdır”. Mən əsəbi vəziyyətdə onun üstünə qışqırdım ki, siz deyəsən məni dolamısınız, mən sizin şərtlərinizin hamısına əməl eləmişəm. O isə mənə dedi ki, sabah ofisə gəl orada danışarıq. Sonra da maşına mindilər və getdilər.

Daha 1 milyon dollar lazımdır...

Səhəri gün mən yenə Arzunun ofisinə getdim. O mənə ağzımı açmağa macal vermədən dedi ki, bu işə görə əlavə 1 milyon dollar da lazımdır və bu dəfə tam inanasan deyə, pulu səndən rəsmi sənəd əsasında, öz imzamla təsdiq edib götürəcəyəm. Bununla da iş başa çatacaq və Mahir sağ-salamat geri qaytarılacaq. Əlacsız qalaraq mən yenə də qohumlarıma baş vuraraq tələb olunan pulu onlardan yığdım (Burada E. Abdullayev 1 milyon dolları hansı qohumlarından aldığı barədə izahat verir-red.)... 05 mart 2004-cü ildə tələb olunan 1 milyon dolları götürüb Arzunun 5 nömrəli xəstəxana ilə üzbəüzdə olan evinə getdim. Orada Arzudan başqa, onun oğlu Zaur, qardaşı Nizami, qaynı Hüseyn Səfərov, 4 saylı xəstəxananın stomatoloji şöbəsinin rəhbəri doktor Sülhəddin və Moskvada yaşayan, Arzunun dediyinə görə, silah alveri ilə məşğul olan Elçin adlı şəxs də var idi. Mən çantanı ona verəndən sonra Arzu mənə də dedi ki, otur çay iç, uşaqlar da pulu saysınlar. Mən orada 2 saata qədər qaldım. Pulu sayıb qurtardılar və Arzu dedi ki, hər şey qaydasındadır: “Mən artıq öz üzərimə düşən hər şeyi etdim, narahat olma, artıq hər şey ötüb keçdi, tezliklə Mahir evində olar”.
Qeyd edim ki, gətirdiyim pulu qonşu otaqda doktor Sülhəddin, Zaur, Hüseyn Səfərov sayırdılar. Hazırda məndə olan məlumata görə Hüseyn Səfərov və Arzunun qardaşı Nizami həbsdədirlər (ifadə 2009-da verilib-red).

Tələb olunan pul 10 milyona qaldırılır

Məlumat üçün bildirirəm ki, mən DIN Narkomaniya Idarəsinin əməkdaşı polkovnik Ağa Abbasovu Bilgəhdə, Zahid Dünyamalıyevin yanında görəndən sonra Arzu ilə oradan çıxıb şəhərə gəldim və yenə də səhəri gün Arzunun ofisində Ağa Abbasovu gördüm. Onlar nəyə görəsə mübahisə edirdilər və məni görən kimi Ağa Abbasov dedi: “Elşad müəllim, bu işlərdə mənim çox böyük əməyim var və sənin verdiyin pulun 300 min dolları mənə çatmalıdır”. Arzu narahat halda mənə baxdı və sonra Abbasova dedi: “Ağa, sən heç narahat olma, sənə çatası pulu Elşad yox, mən verərəm”.
3 milyon dolları Arzu və Zahid Dünyamalıyevə verəndən sonra Arzunun mənə gələn zəngləri tədricən azalmağa başladı, sonra isə tamam kəsildi. Mən onunla maraqlananda isə Arzunun məndən gizləndiyini müşahidə edirdim. Bir təhər onu tapıb görüşəndə də deyirdi ki, narahat olma, Mahir qaytarılacaq. Vaxt uzandıqca mən daha çox narahat olurdum. Bu barədə Arzuya bildirəndə o, nəhayət dedi: “Elşad müəllim, bu adamlar 10 nəfərdir, gərək onların hərəsinə 1 milyon dollar verək ki, sənin işin düzələ. Onların işinə mənim gücüm çatmır, mən bu işdə sadəcə, icraçıyam, əmri, göstərişi verən onlardır”. Mən onun bu təklifini rədd edəndən sonra, Arzu mənə hədə-qorxu gələrək əvvəl bütün əmlakımı tələb etdi, evimi, rəhbərlik etdiyim Beynəlxalq Universiteti verməyimi istədi. Sonra isə bu sirr batsın deyə, Respublikanı tərk etməyimi tələb etdi.
Mən Arzunun bu tələblərindən sonra başa düşdüm ki, bu, çox böyük mütəşəkkil dəstənin işidir və qərara gəldim ki, nə qədər gec deyil verdiyim pulu geri almağa çalışım. Odur ki, dəfələrlə Arzunun və Zahid Dünyamalıyevin yanına gedərək onlara verdiyim 3 milyon dolları geri istədim. Arzu da mənə hədə-qorxu gələrək deyirdi ki, ya 10 nəfərin arasında bölüşdürmək üçün 7 milyon da əlavə verməlisən, ya da Mahirdən əlini üz.

3 milyonun əvəzinə 2 hektar torpaq

Mən baş verən hadisələri yerli-yataqlı qardaşlarıma danışdım və biz hamımız qərar verdik ki, verdiyimiz pulu geri almaq üçün səylərimizi artıraq... Arzu bizim təzyiqlərimizə dözməyərək Qız Qalasının yanındakı ofisində mənə belə bir təklif etdi: “Sənin mənə verdiyin pullar artıq məndə deyil, çünki mən onları çoxdan Zahid Dünyamalıyevə vermişəm. Lakin əgər sən heç bir yerə şikayət etməsən və sakitliklə əl çəksən, sənin verdiyin 3 milyon dolların əvəzində Əhməd Cavad küçəsində mənə məxsus olan binadakı mənzilləri sənə verərəm”. Sonra da evlərin qiymətini hesablayıb sxemi mənə verdi. Amma mən onun mənə vermək istədiyi bu evlərdən imtina etdim və qətiyyətlə verdiyim 3 milyonu tələb etdim. Belə olduğu halda, Arzu onun mülkiyyətində olan 2 hektar torpağı 3 milyon dolların əvəzində təklif etdi. Mən, nəhayət, onunla razılaşdım və bu işi rəsmiləşdirmək üçün 1 saylı Notariat kontoruna getdik. Orada Arzunun 2 hektar torpağı rəsmən mənə verildi. (Notarial qaydada təsdiq edilən bu Müqavilə haqqında həm “Azadlıq”da, həm də başqa qəzetlərdə məlumat verilib-red).
Sual: Ifadənizdə göstərdiyiniz Zahid Dünyamalıyev adlı şəxslə ilk dəfə nə vaxt, harada, kimin vasitəsilə, hansı şəraitdə tanış olmağınız, münasibətləriniz, 2003-cü ildən hal-hazıradək istifadə etdiyi mobil və stasionar telefon nömrələri barədə nə deyə bilərsiniz?
Cavab: Zahid Dünyamalıyevlə ilk dəfə 14.10.2003-cü ildə Daxili Işlər naziri Ramil Usubovun qəbulunda görüşmüşəm. Bu tarixə qədər onunla heç bir tanışlığım olmayıbdır. Zahid Dünyamalıyevin telefon nömrələri məndə evdə olmalıdır, hazırda xatırlamıram.
Sual: Arzu Kazımovski və Zahid Dünyamalıyevin və onların yaxın ətrafının qardaşınız Mahir Abdullayevlə münasibətlərinin olub-olmaması barədə nə göstərə bilərsiniz?
Cavab: Arzu Kazımovski mənimlə söhbətində bildirmişdir ki, o, Mahiri tanıyır, onunla bir dəfə, Mahir itkin düşməzdən bir-iki həftə əvvəl Nərimanov rayonu ərazisində yerləşən “Yaşıl ada” restoranında Mətanət Isgəndərli, müğənni Iranə Ilkinlə birgə oturub çörək yeyiblər. Yəni, Arzu Mahiri həmin görüşdən tanıdığını deyibdir. Amma aralarında başqa münasibət olması barədə mənə heç nə deməyibdir. Zahid Dünyamalıyevlə və onların ətrafında olan adamlarla Mahirin hansısa münasibətlərinin olub-olmaması mənə bəlli deyil. Sülhəddin həkim və onun sürücüsü Nizaməddinin Mahirlə tanış olduqlarını eşitmişəm.
Ifadəmdə göstərmişdim ki, Zahid Dünyamalıyev mənə onun özünün də oğlunun oğurlandığını və Moskvada aeroportda çeçenlərə pul verib qurtardığını danışmışdı. Bu söhbətləri mən işarə kimi başa düşmüşəm. Zahid Dünyamalıyev heç zaman, məndən birbaşa pul istəməyibdir. Həmişə ona pul verilməsinin vacibliyini mənə Arzu Kazımov deyib. Birinci dəfə Dünyamalıyevə 100 min dollar verəndə, o bunun əməliyyat xərcləri üçün lazım olduğunu söyləmişdi.
Bu müqavilələr formal xarakter daşıdığından mən o mənzilləri götürməmişəm, pullar isə ona yalnız Mahirin azad edilməsi üçün verilibdir. Arzu Kazımovski mənə Mahirin müxtəlif adamlar tərəfindən oğurlanmasını deyib. Mən bunların hamısını “Arzu Kazımovski: Kimlər edib?” başlığı qoyduğum siyahıya yazmışam və ifadəmə əlavə edirəm. Bu siyahıda çoxlu adamların adları hallanır.
Mən onların məni aldatmaq, şantaj etmək istəklərindən şübhələndiyim üçün onlarla söhbətlərimi lentə yazdırmışam”.

“Azadlıq” qəzeti