Ən böyük günah

en-boyuk-gunah
Oxunma sayı: 645

Düşüncənin və hər şeyin ardını bilmək istəyən şübhə hissinin cazibədarlığından özümü uzaq sala bilməsəm də, insanların o dərin və etibarlı sükunətində həmişə ibrətli bir rahatlıq tapdım, insanların çarəsiz ağrılarla əzildiyi vaxtlarda dayaqlı bir gücə sığınmağın təvəkkülünün bəxş etdiyi dözüm hissinə qibtə elədim.

Məni öz fikrincə doğru yola çəkmək istəyən, mənə cənnətin qapılarını göstərmək üçün əlləşən dindar dostlarım oldu, amma bunu mənim vasitəmlə özlərinə bir az da savab qazanmaq üçün yox, bir faniyə kömək etməyə bilmədikləri üçün etdilər.

Mənim inanmadığıma onlar inandıqları üçün onlara yuxarıdan aşağı baxmadım, onlar inandığına mən inanmadığım üçün onlar da məndə eyib görmədilər.

Onları çox istədim, tolerantlıqlarını, dürüstlüklərini, təvazökarlıqlarını, təvəkküllərini çox xoşladım.

Bu gün isə dinin təmsilçiləri olaraq ortaya çıxdıqlarını elan edən insanları gördükcə həqiqi dindarların yerinə utanıram.

Məni utandıran nəfsinə hakim kəsilməyən şeyxlərin insanlar arasında günah adlandırdıqları şeylərə təklikdə arsızlıqla, saxtakarcasına əl atmaqlarıdır. Allah sevgisinə bəzək vurmağa çalışan siyasətçilərin ikiüzlülüyü, onlara kömək üçün əl uzadanlara, o ələ qarşılıq kimi ovuc-ovuc qızıl uzadan fırıldaqçıların acgözlüyü deyil.

Əsl böyük günah bu deyil, məncə.
Böyük günah, bir vaxtlar bəzi solçuların Marksı, bu günümüzdə də bütün “vətənsevərlərin” vətəni, özlərini bir az daha böyük və digər insanlardan daha fərqli göstərmək üçün ayaqlarının altına salıb, özlərinə tapdaq yeri etdikləri kimi indi də dindarların öz dinlərini ayaq altına salmaqları, öz inanclarını, özlərini digər insanlardan daha vacib göstərmək üçün istifadə etməkləri, inancları ilə öyünməkləri, inancı bir nümayişə çevirməkləridir.

Dindarlıqla böyük bir qüdrət qarşısında öz gücsüzlüyü ilə barışmalı, o böyük qüdrətdən savayı hər insanın bərabər olduğunu daxilən qəbul etməli, böyük bir qüdrət qarşısında gücsüzlüyünü təvəkkülə söykəyib təvazökarlığın sərhədlərini aşmamalı olduqları halda, bunlar Allahın adından özlərinə pay toplayırlar.

İnancları onları təvazökar deyil, tam əksinə qürurlu edir.
İnancları daş-qaş kimi boyunlarına taxıb bununla öyünürlər. Allahla öz aralarındakı əlaqəni, insanlarla aralarında olan əlaqələr üçün istifadə edirlər.

İnanc onların nəfsini tərbiyə eləmir, əksinə onların nəfsi bu inancla qarınqululaşır.
Öz inanclarının təsiriylə “mükafatı” Allahdan deyil, digər insanlardan gözləyirlər.
“O dünya” çoxdan çıxıb yaddaşlarından, fikirləri tamamilə “bu dünya”dadı, amma mömin olduqlarını iddia edərək digər insanlara yuxarıdan aşağı baxıb bundan da dünyəvi bir təminat əldə edirlər.

Bizim kimi inancsızlar, həyatın bütün möhnəti ilə, yoxluğun çarəsizliyi ilə, sevdiyini nəhayətdə itirəcəyinin kədəriylə, heç bir yerə sığınmayaraq, heç bir gücdə çarə axtarmayaraq təkcə mübarizə apararkən, onlar həm bütün çarəsizliklərini, iztirablarını Allaha yükləyirlər, həm də cənnətin qapılarının özləri üçün açıq olduğunu iddia edib, yenə böyük “küfr” çirkabına batırlar.

Dindarlar təvazökarlığı, təvəkkülü çoxdan unudublar.
Gərək deyək : “ey möminlər, siz deyin, təvazökarlıq olmasa din olarmı?”
İnancınızla bu qədər öyünməyə utanmırsınızmı?

Uyğunlaşdıran: Fərid Hüseyn