“Ən çox kişi futboluna marağım var” - Müsahibə

en-cox-kisi-futboluna-maragim-var-musahibe
Oxunma sayı: 648

“Qafqazinfo” Azərbaycanın məşhur sənətçisi Xumar Qədimovanın Sportal.az saytına müsahibəsini təqdim edir

- Azərbaycan idmanında baş verən son yeniliklərdən xəbəriniz varmı?
- Əlbəttə var. Nə qədər işlərim olsa da, idmanı unutmuram. Bakıda keçirilən yarışlardan, idmançılarımızın turnirlərdə qazandığı nailiyyətlərdən xəbərdaram. Heç şübhəsiz ki, mən London Olimpiadasında idmançılarımızın bütün çıxışlarını izləmişəm və qələbə qazanan bütün idmançılarla fəxr edirəm. Onlar bizim gələcəyimizdir. Bu cür idmançılarımızın qədrini bilməliyik. Cəngavərlərimiz beynəlxalq turnirlərdə Azərbaycan adını yüksəklərə qaldırıblar, himnimizi səsləndiriblər. Bundan gözəl nə olar bilər?!

- Ən çox hansı idman növü ilə maraqlanırsınız?
- Futbola bağlı olan adamam. Harda olsam da, futbolla bağlı informasiyalar əldə edirəm. Əsasən də milli komandamızın oyunları barədə biliklərimi yeniləyirəm. Onlar qələbə qazananda isə sevinirəm.

- Bəs futbola marağınızın bu dərəcədə yüksək olmasına səbəb nə olub?
- Bizim ailədə ümumiyyətlə futbolu çox sevirlər, əksər qohumlarımın marağı futboladır. Hətta rəhmətlik atam da futbolçu olub. Ona görə də evdə futbolla bağlı çox danışılıb. Yəqin buna görə mənə təsir edib.

- Bakıda hazırda U-17 qadınlararası dünya çempionatı gedir. Yəqin ki, bu yarışın keçirilməsindən xəbərdarsınız...
- Əlbəttə. Məlumatım var.

- Bəs çempionatın hansısa oyuna baxmısınız, ya da stadiona gedib canlı izləmisiniz?
- Yox, onu yalan deyərəm. Bakıda olmadığım üçün izləməmişəm, ancaq xəbərim var. Hətta mötəbər qonaqlar da paytaxtımıza təşrif buyurub. Digər tərəfdən də mənim ən çox kişi futboluna marağım var. Qoy, hələ kişilərimiz istənilən səviyyədə oyun göstərsinlər, sonra növbə qadınlara çatar. Çünki kişilər bizim dayağımızdır, onlar bizim yaraşığımızdır. Biz indi onlara dəstək olaq ki, qələbə qazanaraq dünyaya söz etdirsinlər. Bizim futbolçularımıza xarici dövlətlərin milli komandaları həsəd aparsınlar.

- Əgər sənətçi olmasaydınız, onda futbolçu olmaq istərdinizmi?
- (Gülür). Olardım, amma burada yox. Çünki bizdə qadın futbolu istənilən səviyyədə deyil. Amma Braziliyada yaşasaydım, məmnuniyyətlə orada oynayardım. Sizə bir şeyi də etiraf edim ki, bizim uşaqlarımızın futbola böyük həvəsi var. Onlarla yaxşı maraqlanmaq lazımdır, onları üzə çıxarmaq gərəkdir. Əgər güclü futbol istəyiriksə, bu yolu birinci seçməliyik. İndi əsas məsələ yerli futbolçu yetişdirməkdir.

- Azərbaycanda hər hansı bir kluba azarkeşlik edirsiniz?
- Yox, bu məsələdə ayrıseçkiliyə yol vermək olmaz. Mən bütün komandalarımıza dəstək oluram və mənim üçün ən birinci məsələ millimizin yaxşı oyunudur. Klublarımız da millimiz üçün çalışmalıdır.

- “Neftçi” nin Avropa Liqasındakı çıxışı barədə nə deyə bilərsiniz?
- Mən bildiyim qədər ilk dəfə olaraq Avropa Liqasında qrup mərhələsinə düşmüşük. Mən klubumuza növb’ti oyunlarda uğurlar arzulayıram.

- Nə vaxtsa Bakıda klublarımızın ölkə çempionatlarındakı oyunlarını stadiondan izləmisiniz?
- Yox.

- Bəs hazırda hansı idman növü ilə məşğul ola bilirsiniz?
- Mən qaçmağı çox sevirəm. Bəziləri deyir ki, qaçmaq nədi. Amma mən belə demirəm. Çünki qaçmağın insan orqanizminə çox xeyri var. Nə qədər desələr, yorulmadan qaçaram.