Ben Ladenin anası ilk dəfə danışdı - “Oğlumun beynini yudular”

ben-ladenin-anasi-ilk-defe-danisdi
Oxunma sayı: 9148

“Əl-Qaidə” terror təşkilatının təsisçisi və lideri Usama Ben Ladenin anası ilk dəfə müsahibə verib.

“Qafqazinfo” xəbər verir ki, uzun illər Ben Ladenin ailə üzvləri, anası Aliyə Hanem onun barəsində, fəaliyyəti haqqında danışmaqdan imtina edib. Uzun zaman sonra Səudiyyənin hökumət nümayəndəsinin iştirakı ilə “The Guardian” nəşrinə müsahibə verən Aliyə Hanem və ailəsi danışarkən ehtiyatlılıq göstərib. 

İkinci dəfə evlənən Aliyə Hanem Usamanı 3 yaşından bəri atalığının böyütdüyünü, oğlunun yaxşı uşaq olduğunu bildirib: “Mənim həyatım çətin keçib, çünki Usama məndən uzaqda idi”. 

Anası deyir ki, Usama yaxşı biri olub, təhsilə maraq göstərib. Onu universitet illərində qoşulduğu insanlar dəyişib və o, başqa adama çevrilib: “20 il onun beynini yuyublar. Siz bunu kult da adlandıra bilərsiniz. Onlar gördükləri işlərin qarşılığında pul alırdılar. Mən həmişə Usamaya o insanlardan uzaq durmağı tapşırırdım. Oğlum məni o qədər sevirdi ki, heç vaxt gördüyü işin mahiyyətini mənə etiraf etməmişdi”.  

Anasından fərqli olaraq qardaşı Əhməd  Usamanı yaxşı biri kimi xatırlamır. Onun sözlərinə görə, aradan 17 il keçməsinə baxmayaraq anaları hələ də Ladeni terrorçu kimi qəbul eləmir. Əhməd deyir ki, anası oğlunu o qədər sevir ki, törətdiklərində Usamanı yox, ətrafını günahlandırır. 

Əhmədin sözlərinə görə, 11 sentyabr hadisələri yaşananda bu işdə qardaşının əli olduğunu başa düşmüşdülər: “Mən çox sarsılmışdım. Bu, çox qəribə hiss idi. Ailəmizdə böyükdən kiçiyə hamımız ona görə utanırdıq". 

Ben Laden ailəsi qeyd edir ki, Usamanı sonuncu dəfə 1999-cu ildə Əfqanıstanda görüblər. 

Aysel Kərimova