Ər-arvad söhbətləri

er-arvad-sohbetleri
Oxunma sayı: 1252

Rus demişkən, "Boy bezpravil", daha doğrusu "toy bezpravil", yəni qaydasız döyüşün toy növünün özünəməxsus özəllikləri var.

Görünür, bizim qızlar yaxşı kəllə atan oğlanı, kəllə ata bilməyəndən daha üstün tuturlar və görünür, kəllə bizim kişi xeylaqlarının əksəriyyətinə, sadəcə, bir-birlərinin ənginə zollamaq üçün lazımdır. Başdan çəkic, ağızdan mismarçıxaran kimi istifadə etmək bizə dədə-babamızdan qalma adətdir və biz bu bacarıqlarımız əsasında özümüzün milli pəhləvanlıq məktəbimizi yaratmışıq ki, hələ də toy-düyündə özümüzü qız-gəlinə göstərmək üçün karımıza gəlir.

Və təsadüfü deyil ki, Azərbaycanda cinayət hadisələrinin böyük əksəriyyəti məhz xeyir işlərdə, xüsusilə toylarda baş verir. Adam bıçaqlamağın dəbə mindiyi indiki toylarda adamlar, sanki, əvvəlcədən kimi döyəcəklərini, kimi bıçaqlayacaqlarını, kimi öldürəcəklərini qərarlaşdırırlar. Kimi borca pul verib ala bilmədiyi tamadanı, kimi yanıqlı olduğu keçmiş sevgilisini, kimi əlindən dad etdiyi qayınanasını, yeznəsini, kimi də, sadəcə, özünü öldürməyə, minimum bıçaqlamağa gəlir bugünki toylara. Bəzən toya yığışanlar şadlıq sarayından çıxıb birbaş yas çadırına yollanırlar. Kimini gərdəyə, kimini gora yola salırlar. Bir məclisdə xanəndə susmamış, o biri məclisdə mollanın avazı eşidilir. “Qoşa qarısınlar” bir göz qırpımında “Allah rəhmət eləsin”ə dönür. Son zamanlar toylarda və şadlıq mərasimlərində baş vermiş bıçaqlanma faktları barədə saytda oxuduğumuz xəbərlərə əsaslanaraq deyə bilərik ki, artıq toylarımız yengənin əlindəki qanlı mələfə ilə deyil, polisin əlidəki qanlı köynəklə yadda qalır.

Çox güman ki, hamınız qara günlərlə zəngin olan hicri-qəməri tarixinin məhərrəmlik ayına, yəni, imamın qırxına, Aşura gününə, orucluq ayına, kütləvi aclıq bayramına-zada düşməyən günlərdə, gileylənə-gileylənə, hətta bəziləriniz söyə-söyə həftədə yeddi-səkkiz toya gedib şot verməkdən - xərc yazdırmaqdan bezirsiniz. Şükürlər olsun, dünya şöhrətli Allaha ki, müsəlmanların fəqiri-füqarayə əl tutmaq, qarını iradəyə tabe etdirmək adı altında başqa aylardan beş dəfə artıq yedikləri müqəddəs Ramazan, yaxud üz-gözlərinə döyüb özlərini şil-küt etdikləri məhərrəmlik ayı gələndə gecələr sakit yatırıq, ölkədən nağara səsi gəlmir. Gəlin köçən qızının arxasınca baxıb zırıldayan, toy günü lom udub şax dayanan bəy oğlunun boyunu qucaqlayıb hönkürən anaların fəryadı eşidilmir. Dədə-babadan görmüşük ki, ölkədən güllə səsi gələr, top səsi gələr, bəd ayaqda bir at kişnəyər. Yoxsa bizdə, evə gəlirsən nağara, küçəyə çıxırsan zurna, televizoru açırsan nağaraçalan. Nəsə...
Artıq gizlin yerdə, şəxsi söhbətlərdə Azərbaycan toyu kütləvi problem, ictimai bəla kimi müzakirə olunur və hamı da bunu bilir. Keçən il toylara getməkdən müflis olub, əsəbləşən, hər yerdə ölkə bəylərinin və gəlinlərinin ünvanına ağzına gələni danışan bir tanışımın varlı qohumu cari ildə özünə iqtisadi-nəzəri cəhətdən düşünülmüş və əsaslandırılmış elə bir toy etdi ki, dünyanın bazar və biznes tarixində bir gecənin içində belə iqtisadi uğura imza atan ikinci bir iş adamına, yaxud istehsal firmasına rast gəlmək mümkünsüzdür. Var-dövlət özgəsinə qismət olmasın deyə, qız atası olan bu dul kişi, arvadı öləndən sonra evləndiyi, oğul anası olan dul arvadla, həm də bir evin içində quda oldu. Öz qızını onun oğluna - yəni, ögey bacını ögey qardaşa verdi. İndi evin içində hamı ər-arvaddır; bacı, qardaş, ata, ana... hamı.

Bəs bu toy deyilən şey nəmənədir?
Bugünkü toylara mədəniyyət hadisəsi demək doğrudurmu?
Hamınız bilirsiniz ki, qədim tayfalar hər hansı bir kütləvi ayini icra etməmişdən qabaq müəyyən rituallar həyata keçirirdilər. Məsələn, müharibəyə başlamazdan öncə ilahi qüvvələrdən güc almaq məqsədiylə kütləvi səcdə mərasimləri təşkil edir, daşdan-ağacdan yonduqları bədheybət bir "allah"ın qarşısında ikiqat əyilib güc diləyirdilər. Yaxud, ovdan qabaq ovlayacaqları heyvanın şəklini torpağa cızıb nizələyirdilər, heyvanın özündən qabaq, guya, ruhunu ovlayırdılar. Toy da həmin qədim zamanlarda tayfadaxili nikahlarda seksual ritual kimi həyata keçirilirdi. Bu toyun heç bir iqtisadi, bazar məzmunu yox idi. Qadınların və kişilərin yarıçılpaq və kütləvi şəkildə atılıb düşməsi, kütləvi şəkildə ekztaz halına gəlməsi o zamanlarda təzə bəy və gəlin üçün bir növ maarifləndirici əhəmiyyətə malik idi. Yəni, bu kütləvi “səfehlik”, indiki kimi yeni çütlüyün maddi yox, mənəvi, psixi tələbatını ödəmək üçün təşkil olunurdu. Elə ki insanın ağlı bir az artdı, xalqlar kütləvi orgiyalardan, yəni, kütələvi seksual maarifləndiricilikdən fərdi maarifçiliyə keçdi və toy gecəsi bəyin yanına seksual maarifləndirici ekspert - sağdış, soldış, gəlinin yanına isə böyük seksual zəka sahibi - yengə qoyulması ilə keçmiş ənənəni təzələdi. Bu mənada qədim toylar mədəniyyət hadisəsi idi, xalqlar, nəsillər onsuz keçinə bilməzdilər. Bəs bugünkü toylara necə, mədəniyyət hadisəsi demək nə qədər doğrudur?

Ümumiyyətlə, bu gün ərə gedənin və arvad alanın hansısa seksual yığıncağa, kütləvi yanıqlığa, ailədaxili seks mütəxəsisinə ehtiyacı varmı? Və sizə elə gəlmirmi, bu gün toy mədəniyyət hadisəsinə yox, mədəniyyət toy hadisəsinə çevrilib? Toy mədəniyyətin inkişafından deyil, mədəniyyət toyun inkişafından asılı vəziyyətə düşüb. Təsadüfü deyil ki, bu gün məhz toy müğənnilərinə tələbat artıb.

Günəmuzd toy sənəti yavaş-yavaş arxasınca başqa bir günəmuzd el sənətinə – meyxanaçılığa yol açdı. Meyxanaçılıq çırtmalaya-çırtmalaya öz arxasınca, digər xalq sənətlərini, itboğuşdurmağı, xoruzdöyüşdürməyi dartıb gətirəcək. Bu gün SMS-lə özünə müğənni, meyxanaçı seçən xalqımız, bir azdan bu yolla özünə canlı yayımda it, xoruz seçəçək. Hələ bunun dalda pəhləvanlığı, kəndirbazlığı, dirədöyməsi, eşşəkbelisi var. Və belə getsə, biz xalq olaraq öz günəmuzd mədəniyyətimizə sərmayə yatıra-yatıra yaxın 10-15 ildə yenidən bu gözəl dünyanı korlayacağıq.